Caspian Sport

Emiliano Martinez: Aston Villa ilə qalmağın doğru qərarını verdim

İstanbulun nəfəs kəsən final həftəsində Aston Villa düşərgəsində bir adamın hekayəsi hamının diqqətini çəkir. Emiliano Martinez. Dünya çempionu, penalti ustası, Villa Parkın sevimlisi. Və az qala keçən yay bu klubdan ayrılan adam.

33 yaşlı qapıçı 2024-25 mövsümünün sonunda Tottenham-a qarşı son oyundan sonra azarkeşlərlə vidalaşanda hər kəs bir şeyi düşündü: bu, sondu. Göz yaşları, əl sallayan Martinez, tribunada donub qalan üzlər… O an sanki ayrılığın anonsu idi.

Amma futbol tez dəyişir. Martinez qalmagı seçdi. İndi isə o, Aston Villa ilə birlikdə Avropanın zirvəsinə bir oyundu.

Çərşənbə günü İstanbulda Freiburg-a qarşı final. Klubun son 30 ildə ilk kuboku üçün 90 dəqiqə – bəlkə də daha çox.

Aston Villa ilə dünya çempionu oldum

Martinez 2020-ci ilin sentyabrında Aston Villa-ya qoşulanda bu hekayənin belə yazılacağını az adam təsəvvür edirdi. İndi isə o, final ərəfəsində klubuna sevgisini açıq şəkildə dilə gətirir:

“Argentinadan İngiltərəyə ailəmi tərk edib gələndə də vidalaşdım və ağladım, amma yenə ailənin içindəyəm” – deyə o, xatırladır. O, futbolun sərt reallığını yaxşı bilir: “Bəzən futbolda hər şey dəyişir, məşqçilər gəlir, gedir. Bu, klubuma hörmətimin və sevgimin azaldığı anlamına gəlmir”.

Onun cümlələrində həm qürur, həm də iddia var: “Aston Villa ilə dünya çempionu oldum, iki dəfə ‘qızıl əlcək’ qazandım. Bu klubun adını karyeramın ən böyük uğurları ilə birgə daşıyıram”.

Martinez üçün bu bağ artıq sadəcə iş yeri deyil: “Bu klubu həmişə və əbədi sevəcəyəm, nə olursa-olsun. Bir gün karyeram bitəcək, dirəklər arasında başqa biri dayanacaq. Amma mənim üçün Aston Villa həmişə xüsusi qalacaq”.

Unai Emery və Avropa xəyalı

Bu komandanın bu nöqtəyə gəlməsində əsas fiqurlardan biri də Unai Emery-dir. Martinez bunu açıq deyir: “Bizim əla baş məşqçimiz var. Avropa finalına bizi aparan, ehtiyat skamyasında başqa heç kimi görmək istəmədiyimiz insan odur”.

Komandanın içindəki inam cümlələrində aydın görünür: “Birlikdə qalanda, birlikdə döyüşəndə istənilən rəqibi məğlub edə bilərik. Burada qalmağıma çox qürur duyuram və bilirəm ki, doğru seçim etmişəm”.

Bu sözlər sadəcə diplomatik kompliment deyil, bir soyunma otağının ruh halıdır. Aston Villa uzun illərdən sonra yenidən Avropa səhnəsində böyük sınağa çıxır və qapıçı liderlik yükünü çəkməkdən çəkinmir.

Penaltilər: Martinez-in “ikinci oyunu”

Martinez-in adı penalti ilə bir cümlədə çəkiləndə rəqib azarkeşlərin ürəyi sıxılır. O isə bu gərginliyi zövqə çevirir:

“Həmişə düşüncələrimdə penalti seriyası var. Bundan həqiqətən zövq alıram, sanki tamam başqa bir yarışmadı, izah edə bilmirəm” – deyə o, etiraf edir.

Yenə də, finalın ssenarisini ürəyində başqa cür yazır: “Ümid edirəm, ‘Ginny’ (John McGinn) iki qol vuracaq və işi 90 dəqiqəyə bitirəcəyik. Amma belə olmazsa, penaltilərə hər həftənin hər günü hazırlaşıram və özümə tam güvənirəm”.

Bu, Dünya Çempionatının finalında da, digər böyük gecələrdə də gördüyümüz eyni Martinez-dir. Qapıda dayananda sadəcə topu yox, rəqibin sinir sistemini də idarə edir.

John McGinn: Çempionşipdən Avropa finalına

Bu hekayənin digər sütunu isə kapitan John McGinn-dir. O, 2018-dən bəri klubun içindədir. Aston Villa-nı Çempionşipdən Premyer Liqaya daşıyan, indi isə Avropanın ən böyük səhnələrindən birinə çıxaran futbolçu.

31 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 10 qolla komandasının ən məhsuldar oyunçularından biri olub. Amma bu final onun üçün sadəcə statistika deyil.

Avropa finalında komandaya başçılıq etməyin karyerasındakı ən qürurlu an olub-olmayacağı sualına cavabı qətidir: “Deyərdim ki, bəli”.

McGinn bu yolu “mükəmməl, amma enişli-yoxuşlu bir səyahət” kimi təsvir edir: “Çox çətin anlarımız oldu, Çempionşipə qayıtmağa çox yaxın idik. İndi isə klubun harada olduğuna baxanda qürur hissi keçirirəm”.

Onu daha çox düşündürən isə gələcəkdir: “Bu klubun hara qədər gedə biləcəyini düşünəndə də eyni qüruru hiss edirəm. Məşqçimizin dediyi kimi, bura sadəcə gəlib bayram etmək, özümüzü təbrik etmək üçün gəlməmişik. Bütün diqqətimiz bu oyundadır”.

McGinn finalın dəyərini yaxşı anlayır: “Finala çıxmağın nə qədər çətin olduğunu bilirik. Şəxsi səviyyədə desəniz, burada keçirdiyim illərə baxanda, bura kapitan kimi çıxmaq mənim üçün mütləq şəkildə ən qürurlu andır”.

İndi isə bütün bu sözlər sınağa çəkiləcək. İstanbulda bir gecə. Qarşıda Freiburg, tribunada minlərlə Villa azarkeşi, meydanda Martinez-in sükunəti və McGinn-in kapitanlığı.

Aston Villa üçün sual sadədir, cavabı isə illərlə xatırlanacaq: bu komanda 30 illik həsrəti bitirib, adını yenidən Avropanın qalibləri sırasına yaza biləcəkmi?