Eva Olid təzyiq altında: Tənqid normaldır
Qadınlar Super Liqasında mövsümə kabus kimi start verən Manchester Uniteddə baş məşqçi Eva Olid səs-küylü tənqid dalğasının ortasında sakitliyini qoruyur. İspan mütəxəssis hesab edir ki, bu vəziyyətdə “konstruktiv tənqid” tamamilə təbiidir.
Yayda Marc Skinner-in gedişindən sonra komandanın sükanını təhvil alan 41 yaşlı Olid ilk iki WSL oyununda ardıcıl məğlubiyyətlə üzləşib. Mövsümün açılış turunda səfərdə London City Lionessesə 1:2 hesabı ilə uduzan “qırmızılar” ötən həftə sonu evdə ən böyük rəqibi Chelseadən ağır zərbə aldı – 0:5.
Bu nəticələrdən sonra Olid-in tətbiq etməyə çalışdığı yeni futbol fəlsəfəsi sual altına düşüb. O, topa nəzarətə söykənən, daha cəsarətli hücum futbolu qurmaq istəyir. Amma kağız üzərindəki plan hələ ki, meydanda görünmür.
Topa nəzarət planı, amma rəqəmlər əksini deyir
Reallıq kəskin və soyuqdur: ilk iki oyunda Manchester United cəmi iki dəfə qapı istiqamətinə zərbə endirib. Hər iki matçda topla oynama faizi 40-dan aşağı olub. Yəni nə top var, nə də təhlükə.
Bu fon tənqidi qaçılmaz edib. Olid-dən şəxsi olaraq bu tənqidlərlə necə baş etdiyi soruşulanda o, açıq danışıb:
“Bəli və xeyr. Bu, işin bir hissəsidir. Məncə, mənə təsir etmir. Bu, konstruktiv tənqiddir və bu, normaldır. Bunu anlayıram. İlk iki çıxışımız yaxşı olmayıb”.
Baş məşqçi komandanın öz daxilində də narazılığın böyük olduğunu gizlətmir: “Ən birinci biz özümüz deyirik ki, xoşbəxt deyilik. Başqa bir tərəf də var ki, onu anlamıram – bizi incitmək istəyənlər. Amma buna nail ola bilməyəcəklər”.
Olid uzunmüddətli baxışını itirmir: “Futbolu anlayan insanlar bilirlər ki, başlanğıc və mövsümə necə başladığın, mövsümü necə bitirəcəyini müəyyən etmir. Biz istiqaməti bilirik və etdiklərimizin uzunmüddətli perspektivdə bizə uğur gətirəcəyini anlayırıq”.
Sonra bir cümlə ilə prioritetini dəqiq qoyur: “Mən yaxşıyam. Mənim üçün yeganə vacib olan futbolçulardır. Həmişə onların özlərini yaxşı və güclü hiss etmələri barədə düşünürəm, başqa heç nə”.
Ən pis anda Emirates sınağı
Cədvəldə sonuncu pillə, sıfır xal, cəmi bir qol. Manchester United üçün bu tablo nə az, nə çox, böhran xəbərdarlığıdır. Və məhz belə anda təqvim heç də mərhəmətli deyil.
Şənbə günü (yerli vaxtla 17:30) səfərdə Emirates Stadiumda Arsenalla duel gözlənilir. Rəqib – 19 oyundur WSLdə məğlub olmayan, ritmini itirməyən bir komanda. Üstəlik, United bu arenada 2022-ci ilin noyabrından bəri qələbə görməyib.
Bəs bu ağrılı start, dönüş nöqtəsinə aparan “proses”in bir hissəsidir, yoxsa daha dərin problemlərin siqnalı?
Olid bunu həyatla müqayisə edir: “Bəli, futbol həyat kimidir. Yaxşı anlar var, çətin anlar var. Məncə, hər komandanın mövsümdə çətin dövrü olur. Bizimki başlanğıcdır”.
Onun fikrincə, bu sınaq komandanı sərtləşdirəcək: “Biz komanda kimi böyüməyi öyrənirik, çünki çətin anlar səni böyüdür. Bu çətin dövrü arxada qoyub momentum qazanmağa başlayanda, məncə, çox daha yaxşı olacağıq”.
Baş məşqçi futbolçularına verdiyi əsas mesajı da açıqlayır: “Əsas mesajım onların özləri olmaları barədə olub. İlk iki oyunda kim olduqlarını və nələr edə bildiklərini göstərmirlər”.
Skinner-in mirası və “hər şeyi birdən” dilemması
Olid yalnız hücuma fokuslanmaq istəmir. O, əvvəlki dövrdən qalan ən böyük üstünlüyü – müdafiə sabitliyini qorumağın vacibliyini vurğulayır. Manchester United məhz Marc Skinner dövründə möhkəm defans sayəsində Çempionlar Liqasının 1/4 finalına qədər yüksəlmişdi.
İspan mütəxəssis səbr istəmişdi və indi də eyni xətti davam etdirir. Komandanın yeni üsluba uyğunlaşması üçün vaxta ehtiyacı olduğunu deyir: “Onlar əvvəl nədə yaxşı olduqlarını unuda bilməzlər. Eyni zamanda, az-az yeni üslubu tətbiq etməliyik”.
Amma burada incə xətt var. Olid etiraf edir ki, futbolçular bəlkə də həddindən artıq düşünür: “Eyni anda hər şeyi etmək mümkün deyil. Futbolçular çox fokuslanıblar, çox düşünürlər – bəlkə də həddindən artıq. Hər şeyi etməyə çalışırlar və sonda heç nə alınmır, çünki özlərini, bildiklərini meydanda ifadə etmirlər”.
Bu, yeni ideyalarla köhnə vərdişlərin toqquşduğu tipik keçid dövrüdür. Və belə anlarda ən kiçik detallar belə oyunun taleyini dəyişə bilər.
Rəqibdən anlayış: Slegers Olid-i müdafiə edir
Arsenalın baş məşqçisi Renee Slegers qarşıdakı oyundan öncə həmkarını hədəfə çevirmədi, əksinə, onu anladığını göstərdi. O, Olid-in çox qısa müddətdə radikal dəyişiklik etməyə çalışdığını başa düşür:
“Olid-in çox az vaxtı olub və qarşılaşdığı çətinliyi anlayıram”, – deyə Slegers bildirib.
O, məşqçi seçiminin həmişə risk daşıdığını xatırladır: “Baş məşqçi kimi qərar verməlisən – hər şeyi dərhal dəyişəcəksən, yoxsa zamanla, tədricən dəyişiklik yolunu seçəcəksən? Yəqin ki, onun üçün balans məsələsi budur. Onun fəlsəfəsinin nə olduğunu bilmirəm, amma bunun çətinlik olduğunu təsəvvür edirəm. Azarkeşlərin məyusluğunu başa düşürəm – amma çox az vaxt keçib”.
İndi isə sözü meydan deyəcək. Emirates Stadiumda bu təzyiq altında olan Manchester United özünü nəhayət göstərə biləcəkmi, yoxsa çətin başlanğıc daha da ağır mövsümün xəbərçisi olacaq?




