Caspian Sport

Fabian Ruiz: Mükafat uğrunda mübarizənin mərkəzindəyəm

Fabian Ruiz bu mövsüm həm Dünya Kubokunu, həm də Çempionlar Liqasını qaldırıb. Üç ay dizindən zədəli olsa da, özünü ilin ən yaxşı futbolçusu mükafatı uğrunda mübarizənin mərkəzində görür. Və bunu gizlətmir.

Paris Saint-Germain-in yarımmüdafiəçisi “L'Equipe”ə açıqlamasında iddiasını açıq şəkildə ortaya qoyub: “Titullara görə, məndən yaxşı mövsüm keçirən olmayıb. Fərdi baxımdan da çox böyük futbolçular möhtəşəm mövsüm keçirdi. Amma ölkənlə Dünya Kubokunu qazanmaq futbolçunun əldə edə biləcəyi ən böyük tituldur”.

İspaniya millisinin üzvü kollektiv uğurlarının onu önə çıxardığını düşünür, amma rəqabətin nə qədər sərt olduğunun da fərqindədir. Xüsusilə də “Barcelona”nın möcüzə yeniyetməsi Lamine Yamal kimi adlar fonunda. Gənc ulduz artıq mükafatın əsas favoritlərindən biri kimi göstərilir.

Ruiz üçün bu mübarizə yeni deyil. Ötən il “France Football”un səsverməsində 24-cü yeri tutmuşdu. Həmin nəşrə verdiyi daha əvvəlki müsahibəsində o günə belə qayıdıb: “Özümü Ballon d'Or yarışında harada görürəm? Buna səs verənlər qərar verəcək. Mənim üçün ən vacibi komandaya tam şəkildə xidmət etmək, eyni zamanda ən yaxşılar arasında yer almağa çalışmaqdır. Ötən il otuz namizədin siyahısında olmaq şansım oldu. İlk otuzluqda yer almaq böyük şərəfdir”.

Yarımmüdafiəçilər tarixən fərdi mükafatlarda hücumçuların kölgəsində qalıb. Qollar, asistlər, başlıqlar – hamısı ön xətdə oynayanların ətrafında fırlanır. Ruiz isə bu divarı sındırmaq istəyir. O, həm öz oyunundan, həm də həmvətəni Rodri-nin yolundan güc alır.

“France Football”la söhbətini davam etdirərkən belə deyib: “Rodri iki il əvvəl Ballon d'Or qazandı. Müdafiəçilər və qapıçılar üçün hələ də tanınmaq çətindir, amma bu gün əsas olan, məncə, futbolçunun mövqeyi yox, meydanda yerinə yetirdiyi roldur. Və bu gün futbola başlayan uşaqlar üçün nümunə olmaq vacibdir ki, onlar da yalnız hücumçulara yox, yarımmüdafiəçilərə, müdafiəçilərə və qapıçılara baxsınlar”.

Ruiz-in mesajı aydındır: mükafat təkcə qol vuranların deyil. O, Dünya Kuboku və Çempionlar Liqası ilə arxasını möhkəmləndirib, indi isə səsvermə masasına baxır. Sual budur: seçicilər statistikanın səsindən çıxıb meydanın ortasında qurulan bu hakimiyyətə nə qədər dəyər verəcək?

Fabian Ruiz: Mükafat uğrunda mübarizənin mərkəzindəyəm