Caspian Sport

Fantasy Premier League-də yeni oyunçuların təsiri

Yay transfer pəncərəsi açılan kimi klublar meydanda güclənməklə yanaşı, Fantasy Premier League-də də oyunun qaydalarını dəyişməyə başlayıb. Cümə günü oyuna əlavə olunan üç yeni ad – Christos Tzolis, Xaver Schlager və Matt Targett – həm real meydanda, həm də menecerlərin plan dəftərində ciddi suallar doğurur.

Tzolis – möhtəşəm statistika, təhlükəli qeyri-müəyyənlik

Christos Tzolis-in Arsenal-ə gəlişi kağız üzərində Fantasy menecerlərini cəlb etməyə bilməz. Club Brugge ilə keçirdiyi son mövsüm sadəcə parlaq deyil, hətta həddindən artıq cazibədardır: 17 qol, 23 qol ötürməsi və Belçika çempionluğu. Bu rəqəmlər qanad oyunçusu üçün lüks səviyyədir və onun hücum potensialının nə qədər geniş olduğunu açıq göstərir.

Amma Fantasy-də hər gözəl rəqəmin arxasında gizlənən bir risk olur. Burada da riskin adı Mikel Arteta və onun rotasiyasıdır.

2025/26 mövsümündə çempionluğa gedən yolda Arteta-nın start “on birliyinə” sabitlikdən çox çeviklik damğa vurdu. Mərkəzdə Declan Rice 35, Martin Zubimendi 34 oyuna start verdi, meydanı adətən 80 dəqiqəyə yaxın görən bu cütlük sabitliyə ən yaxın fiqurlar idi. Qanadlarda və hücumçu tipli yarımmüdafiədə isə mənzərə tam fərqli idi.

Bukayo Saka zədələrlə dolu mövsümdə belə 25 startla digərlərindən ayrıldı. Ondan sonrası isə xalis rulet: Eberechi Eze, Martin Odegaard, Noni Madueke, Gabriel Martinelli, hətta Leandro Trossard – hamısı orta hesabla 60 dəqiqədən az meydanda qaldı. Və indi Fantasy qiymət cədvəlində hamısı eyni rəqəmlə yazılıb: 6.5 milyon. Christos Tzolis də həmin səbəbdən eyni rəqəmin içindədir.

Yəni sistem açıq mesaj verir: “Potensial var, amma oynama zəmanəti yoxdur”.

Tzolis-in üslubu, hər iki fazada işləməsi, qol və assist kombinasiyasını eyni səviyyədə vermə bacarığı onu start aldıqda çox təhlükəli Fantasy aktivinə çevirə bilər. Problem odur ki, menecerlər 6.5 milyon dəyərində lotereya biletinə ehtiyac duyurmu?

Eyni qiymət aralığında Brentford-dan Dango Ouattara, Crystal Palace-dan Ismaila Sarr, Everton-dan Kiernan Dewsbury-Hall kimi demək olar ki, hər həftə starta yazılacaq oyunçular var. Onların xalı bəlkə Tzolis-in partlayış oyunları qədər parlaq olmayacaq, amma davamlılıq baxımından çox daha rahat nəfəs verirlər.

Arsenal-də ötən mövsümün statistikası bunu aydın göstərir: Rice və Zubimendi 80 dəqiqəyə yaxın, Saka 72 dəqiqə, qalan hücum yarımmüdafiəçiləri isə 40–60 dəqiqə aralığında dolaşırdı. Bu mühitdə Tzolis-in debüt mövsümündə birdən-birə “toxunulmaz” statusu qazanacağını düşünmək sadəlövhlük olardı.

Taktiki baxımdan heyranedici, Fantasy baxımından isə çox riskli. Seçim menecerlərin risk iştahına qalır.

Forest-in mərkəzi: Anderson-un kölgəsində mübarizə

Nottingham Forest-in RB Leipzig-dən gətirdiyi Xaver Schlager kağız üzərində boşluq doldurur. Elliot Anderson Manchester City-yə yollandıqdan sonra müdafiə yönümlü yarımmüdafiə mövqeyi açıq qalmışdı və indi həmin yerə iki iddiaçı var: Ibrahim Sangare və Schlager.

Fantasy üçün əsas məsələ isə sadədir: Elliot Anderson-un buraxdığı DC (defensive contribution) xallarını kim toplayacaq?

Sistemə görə, yarımmüdafiəçi bir oyunda 12 Clearances, Blocks, Interceptions və Recoveries (CBIRT) yığarsa, 2 DC xalı qazanır. Keçən mövsüm Anderson bu kateqoriyada liqanı silkələdi. Təkcə top qoparmada – recoveries – 90 dəqiqəyə 8.3 orta göstərici ilə oynayırdı. Bu, sıradan rəqəm deyil, sabit DC maşını deməkdir.

Sangare və Schlager birlikdə belə bu ritmə çata bilməyiblər: cəmi 12 recoveries. Ümumi müdafiə aksiyalarında da geridədirlər – Anderson 90 dəqiqəyə 13.9, Sangare 11.6, Schlager isə 9.0 hərəkətlə mövsümü başa vurub. Rəqəmlər aydın danışır: Anderson-un səviyyəsində sabitlik gözləmək real deyil.

Burada incə bir detal önə çıxır: Schlager yeni baş məşqçi Olivier Glasner ilə əvvəllər çalışıb. Bu, onun taktiki tapşırıqlara uyğunlaşmasını sürətləndirə bilər. Yay yoxlama oyunları Forest-in 2026/27 mövsümündəki start “on birliyi” barədə daha çox ipucu verəcək.

Hazırda isə DC xalı potensialına görə üstünlük Sangare tərəfdədir. Eyni qiymət – 5.0 milyon – fonunda daha çox müdafiə aksiyası, daha çox topla mübarizə və daha çox təmas vəd edir. Ucuz dərinlik oyunçusu axtaran Fantasy menecerləri üçün Sangare sakit, amma dəyərli seçim kimi görünür. Schlager isə hələ ki, gözləmə otağındadır.

Hull-un solunda rəqabət, mərkəzində qızıl mədən

Matt Targett-in Hull City-yə gəlişi ilk baxışda nostalji hissi oyadır. 2020/21 mövsümü, Aston Villa forması, 138 xallıq möhtəşəm Fantasy ili – o vaxt sol cinah müdafiəçisi olmaq kifayət edirdi ki, sistem səni mükafatlandırsın.

Amma oyun dəyişib.

DC qaydalarının ötən mövsüm tətbiqindən sonra mərkəz müdafiəçiləri səhnənin mərkəzinə çıxıb. Clearances, Blocks, Interceptions və Tackles (CBIT) üzrə 10 hərəkətə görə verilən 2 DC xalı indi Fantasy müdafiəçiləri üçün həlledici fərq yaradır.

Hull-da sol tərəfdə vəziyyət də aydın deyil. Ryan Giles artıq komandada və hazırda bir nömrəli sol cinah müdafiəçisi sayılır. Targett isə azad agent kimi gəlib, statusu “rəqabət yaradacaq” səviyyəsindədir. Yəni, rotasiya ehtimalı yüksək, start zəmanəti isə zəifdir. 4.0 milyonluq müdafiəçi üçün bu, risk deməkdir.

Komandada isə eyni qiymətə tam başqa profil var: mərkəz müdafiəçisi Charlie Hughes.

Hughes ötən mövsüm Çempionşipdə 90 dəqiqəyə orta hesabla 11.8 CBIT ilə oynayıb. Bu, yüksələn komandalar arasında ən yüksək göstəricidir. Yəni o, DC sisteminin sevdiyi tipik mərkəz müdafiəçidir: topu uzaqlaşdırır, zərbələrin qarşısını kəsir, ötürmələri oxuyur, ikili mübarizələrə girir. Hər oyun DC xalı üçün real namizəddir.

Bu rəqəmlər fonunda Hull müdafiəsində seçim çətin deyil. Targett və Giles arasında dəqiqəsi bölünən, hücum potensialına güvənilən, amma rotasiyadan zərər görə biləcək sol cinah var. Mərkəzdə isə meydanda qaldığı müddətdə DC sayğacını dayanmadan döndərən Hughes dayanıb.

4.0 milyon dəyərində, DC potensialı bu qədər yüksək olan mərkəz müdafiəçisi 2026/27 mövsümündə ən çox axtarılan ucuz müdafiəçilərdən birinə çevrilə bilər. Sual indi belədir: menecerlər köhnə xatirələrin cazibəsinə uyub Targett-ə qayıdacaq, yoxsa yeni qaydaların tələb etdiyi kimi, soyuq başla Hughes-a yönələcək?