Ferran Torres-in Şapkası: Dünya Çempionluğu və Siyasi Simvol
Madrid küçələri hələ də dünya çempionluğunun səsinə bələnmişkən, İspaniya millisinin qəhrəmanı Ferran Torres-in başındakı qırmızı şapka futbol bayramını bir anda siyasi səhnəyə daşıdı.
Dünya çempionatının finalında iyulun 19-da Argentina üzərində əlavə vaxtda vurduğu qolla İspaniyaya 1:0 hesablı tarixi qələbə qazandıran hücumçu, ertəsi gün Madrid paradında gözlənilməz jestlə gündəmi dəyişdi. O, ABŞ-da Donald Trump-ın seçki kampaniyası ilə simvollaşan “Make America Great Again” şapkasına demək olar ki, eyni olan, lakin üzərində “Spain” yazılmış qırmızı papaq taxdı.
Yəni mesaj açıq idi: eyni dizayn, eyni üslub, yalnız ölkənin adı dəyişib.
Bu görüntü sosial şəbəkələrdə ildırım sürətilə yayıldı. Biri onu siyasi jest kimi oxudu, digəri ironik zarafat saydı, bəziləri isə sadəcə çempionluq eyforiyasının bir parçası kimi qəbul etdi. Amma əsas sual açıq qaldı: bu, Donald Trump-a jest idi, yoxsa onunla məzələnmək?
Ferran Torres susur. Heç bir açıqlama verməyib. Elə bu sükut da müzakirələri daha da alovlandırıb.
Ağ Ev tərəfi isə tərəddüd etmədi. ABŞ prezidenti Donald Trump, iyulun 24-də jurnalistlərlə söhbətində həmin şapkaya öz şərhini verdi və onu açıq şəkildə özünə ünvanlanan hörmət kimi təqdim etdi:
O, Ferran Torres-i “əla futbolçu” adlandırdı və futbolçunun başındakı papağı “əslində ‘Make America Great Again’ şapkası”na bənzədərək bunu “gözəl tribute” kimi dəyərləndirdi. Trump, Torres-in bunu “çox xoş niyyətlə” etdiyini düşündüyünü deyib və buna görə “minnətdar olduqlarını” vurğulayıb.
Beləliklə, dünya çempionu hücumçunun bir paradda seçdiyi sadə bir aksesuar, Madrid küçələrindən çıxıb birbaşa Vaşinqtona qədər uzanan siyasi şərh zəncirinə çevrildi. Torres-in özü isə hələ də danışmır. Bu sükut davam etdikcə, həmin qırmızı şapka təkcə çempionluq paradının fotosu olaraq qalacaq, yoxsa futbol və siyasətin kəsişdiyi yeni bir simvol kimi yaddaşlara həkk olunacaq?



