Caspian Sport

FIFA 2026 dünya çempionatı üçün pul axınını artırdı və qaydaları sərtləşdirdi

Dünya futbolunun mərkəzi bu dəfə meydanda yox, rəqəmlərdə və qaydalarda qaynayır. FIFA 2026-cı il dünya çempionatı ərəfəsində həm pul axınını kəskin şəkildə artırdı, həm də oyunun davranış sərhədlərini yenidən çəkdi.

871 milyon dollarlıq siqnal

Meksika, Kanada və ABŞ-ın birgə keçirəcəyi, tarixdə ən böyük final mərhələsi kimi qeyd olunan növbəti dünya çempionatında iştirak edəcək 48 yığma üçün ümumi maliyyə paketi 871 milyon dollara qaldırılıb. Dekabrda açıqlanan ilkin rəqəm 727 milyon idi. Bir iclaslıq fərqlə 144 milyon dollarlıq sıçrayış.

Artım FIFA Şurasının Vankuverdə, qurumun Konqresindən öncə keçirdiyi iclasdan sonra təsdiqlənib. Bir çox üzv assosiasiya son aylarda səyahət, vergi və əməliyyat xərclərinin kəskin bahalaşmasını gündəmə gətirir, turnirdə iştirakın bəzi federasiyalar üçün faktiki olaraq zərərə çevriləcəyini vurğulayırdı. FIFA həmin narazılığa cavab verdi.

Hazırlıq üçün ayrılan məbləğ hər komanda üçün 1,5 milyon dollardan 2,5 milyon dollara qaldırılıb. Turnirə vəsiqə qazanma bonusu da 9 milyondan 10 milyon dollara yüksəlib. Komanda nümayəndə heyətinin xərclərinə əlavə dəstək və bilet bölgüsünün artırılması da bu paketə daxildir.

Gianni Infantino qurumun maliyyə baxımından “tarixinin ən möhkəm vəziyyətində” olduğunu vurğulayaraq, resursların yenidən oyuna qaytarıldığını bildirib. Proqnoza görə, cari dördaylıq dövr – ən böyük dünya çempionatı ilə tamamlanacaq bu sikl – FIFA üçün təxminən 13 milyard dollar gəlir gətirəcək. 2026 üçün elan olunmuş mükafat fondu artıq 2022-ci ildə Qətərdə paylanan məbləği 50 faiz üstələyib.

Amma bu artımın fonunda başqa bir təzyiq də böyüyür: bilet qiymətləri. Turnir üçün satışa çıxarılan biletlərin bahalığına yönələn tənqidlər artır, ABŞ-da bəzi yerli orqanlar isə tədbir müddətində nəqliyyat tariflərini kəskin qaldırmaqla əlavə gərginlik yaradır.

Ağız örtənə qırmızı vərəqə: irqçiliklə mübarizədə sərt xətt

FIFA yalnız pulla gündəmdə deyil. Vankuverdə Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasından sonra açıqlanan qərarlar 11 iyunda Mexico City-də başlayacaq dünya çempionatında oyunun davranış çərçivəsini hiss olunacaq dərəcədə dəyişəcək.

Yeni qaydaya əsasən, rəqiblə gərgin dialoq zamanı ağzını əli ilə örtən futbolçu qırmızı vərəqə ilə cəzalandırıla bilər. Söhbət sıradan jestdən yox, konkret qarşıdurma anlarından gedir və qərarın məqsədi aydındır: irqçi təhqirləri gizlətməyi çətinləşdirmək.

Qayda bu ilin əvvəlində böyük rezonans doğuran hadisənin izindən gəlir. Benfica-nın cinah oyunçusu Gianluca Prestianni Çempionlar Liqasının fevral oyununda Real Madrid ulduzu Vinicius Junior-a dəfələrlə “meymun” deyərək, bunu ağzını örtə-örtə etdiyi iddiası ilə gündəmə gəlmişdi. Prestianni ittihamı rədd etsə də, sonradan “homofob davranışa” görə altı oyunluq diskvalifikasiyaya məruz qaldı, cəzanın üç oyunu şərti saxlanıldı. Yeni qayda bu cür hallara qarşı birbaşa cavab kimi görünür.

FIFA-nın açıqlamasına görə, turnir təşkilatçısının səlahiyyətinə əsasən, belə situasiyada ağız örtmək qırmızı vərəq üçün kifayət qədər əsas sayılacaq. Hakimlər və turnir rəhbərliyi üçün məsuliyyət artır, futbolçular üçün isə sərhəd kəskin şəkildə cızılır.

Hakimin qərarına etiraz üçün meydanı tərk edənə də qırmızı

Eyni paketə daxil edilən ikinci qayda dəyişikliyi də emosiyaların qaynar nöqtəsinə toxunur. Dünya çempionatında artıq hakimin qərarına etiraz məqsədilə meydanı tərk edən futbolçu qırmızı vərəqə alacaq. Komanda meydanı tərk edib oyunun yarımçıq qalmasına səbəb olarsa, matç texniki məğlubiyyətlə rəqibin xeyrinə yazılacaq.

Bu sərtləşmə Afrika Kubokunun son finalında yaşanan xaosdan sonra gəlir. Rabatda keçirilən həlledici oyunda Senegal yığmasının futbolçuları, baş məşqçi Pape Thiaw və onun ştabı əlavə vaxtda Marokko üçün penalti təyin olunandan sonra meydanı tərk etmişdi. Brahim Diaz sonradan həmin penaltini qaçırsa da, hadisə turnirin nüfuzuna ağır zərbə vurdu. Senegal əlavə vaxtda 1:0 hesablı qələbə qazandı, amma bir ay sonra Afrika Futbol Konfederasiyası (CAF) səs-küylü qərarla komandanı tituldan məhrum etdi.

İndi FIFA bu cür etiraz aksiyalarına qapını bağlayır. Meydanı tərk etmə artıq siyasi jest yox, birbaşa nəticəsi olan qayda pozuntusu sayılacaq.

Sarı vərəqə amnistiyası: ulduzları qoruyan qərar

Pul axını və sərtləşən intizam fonunda daha yumşaq, amma turnirin ritmi üçün son dərəcə önəmli bir dəyişiklik də təsdiqlənib. Bu ildən etibarən dünya çempionatında qrup mərhələsində alınan tək sarı vərəqələr birinci mərhələnin sonunda silinəcək. Eyni amnistiya dörddəbir finaldan sonra da tətbiq olunacaq.

Məqsəd aydındır: iki ayrı oyunda alınan iki sarı vərəqəyə görə ulduz futbolçuların yarımfinal və ya final kimi həlledici matçları buraxmasının qarşısını almaq. Turnirin dramatizmi meydandakı ən böyük adların iştirakı ilə ölçülür və FIFA bu dəfə tərəzini açıq şəkildə şou yönünə əyir.

Maliyyə rekordları, tribunada bahalaşan bilet, meydanda sərtləşən davranış qaydaları və ulduzları qoruyan sarı vərəqə amnistiyası. 2026 dünya çempionatı hələ start fitini eşitməyib, amma FIFA artıq oyunun çərçivəsini kəskin şəkildə cızıb. İndi sual başqadır: bu yeni sərhədlər futbolu daha ədalətli edəcək, yoxsa mübahisələrin miqyasını bir az da böyüdəcək?

FIFA 2026 dünya çempionatı üçün pul axınını artırdı və qaydaları sərtləşdirdi