Barcelona bu həftə Atletico Madrid-lə ağır duelə hazırlaşır, amma şəhərdə söhbət təkcə taktika deyil. Komandanın düşərgəsində son günlərin əsas mövzusu Lamine Yamal-ın əvəzlənməyə reaksiyasıdır.
La Liga-da Atletico üzərində həftəsonu qazanılan qələbə zamanı ikinci hissədə kənara alınan gənc ulduzun emosional partlayışı yenidən gündəmə oturdu. Bu, mövsüm ərzində ilk belə səhnə deyil. Yamal bir neçə dəfə narazı halda meydanı tərk edib, jestləri, bədən dili kameralardan yayınmayıb.
Hansi Flick isə bu dalğanı bir hərəkətlə kəsdi: açıq, birmənalı müdafiə ilə.
“O, cəmi 18 yaşındadır”
Mətbuat konfransında alman mütəxəssis gənc hücumçunun üstündən xətt çəkmək əvəzinə, onu mərkəzə qoydu və yaş faktını önə çıxardı.
Flick dedi ki, hamının unutduğu ən vacib detal budur: Lamine Yamal hələ 18 yaşındadır. Baş məşqçi onu “inanılmaz futbolçu” kimi təsvir etdi, xüsusilə də birə-bir vəziyyətlərdə etdiklərini “heyrətamiz” adlandırdı. Amma dərhal sonra eyni cümləni təkrarladı: 18 yaş.
Flick-in fikrincə, Yamal-ın bəzən əsəbiləşməsi, dörd-beş müdafiəçini keçməyə cəhd edib, sonra əvəzlənəndə məyus olması, hər şeyi özü həll etmək istəməsi – hamısı bu yaşda normaldır. O, bunu emosional olmağın təbii nəticəsi kimi görür və bunu problem yox, potensialın yan məhsulu kimi qiymətləndirir.
Baş məşqçi vurğuladı ki, klub daxilində Yamal tək buraxılmayacaq: onu dəstəkləyəcəklər, böyüməsinə kömək edəcəklər, üzərində qoruyucu çətir saxlayacaqlar. Flick açıq şəkildə bildirdi ki, dünya onu diqqətlə izləyir, amma Barcelona üçün prioritet, ilk növbədə, futbolçunun inkişafı və psixoloji balansıdır. Onun sözlərinə görə, hamı səhv edir, xüsusilə bu yaşda, amma klubun mövqeyi dəyişməyəcək: Yamal hər zaman qorunacaq və gələcəkdə ən yaxşılar sırasında olacaq.
Atletico sınağı: struktur, xarakter və incə hesablanmış risk
Yamal ətrafındakı səs-küy fonunda Flick-in diqqəti indi Atletico Madrid-lə qarşıdakı ilk oyuna yönəlib. Alman məşqçi rəqibin nə qədər çətin olduğunu xatırlatmaqdan yorulmur.
Diego Simeone-nin komandası illərdir La Liga-da qapalı müdafiənin, nizam-intizamın və mental möhkəmliyin simvoludur. Flick bunu sadə cümlə ilə ifadə etdi: Atletico-ya iki qol vurmaq asan deyil. Həftəsonu görüşdə Madrid təmsilçisi bir neçə əsas oyunçusunu istirahətə buraxsa da, yenə də yüksək səviyyədə çıxış etdi – bu da Flick-in diqqətindən yayınmadı.
O, Atletico-nun “düzgün münasibətə”, sürətli oyunçulara və meydanda fiziki gücə malik olduğunu vurğuladı. Bu, Barcelona üçün təkcə texniki deyil, həm də psixoloji dözümlülük imtahanı olacaq. Sərt duellər, sərhəddə gəzən müdaxilələr, hakimlə gərgin dialoqlar – Flick bütün bunlara hazır olmağın vacibliyindən danışdı və komandanın nizam-intizamına xüsusi diqqət çəkdiyini hiss etdirdi.
Taktiki tərəfə toxunarkən, o, detallara girmədi, amma məşqlərdə üzərində işlədikləri xüsusi ideyaların olduğunu işarə etdi. Məqsəd aydındır: Atletico-nun strukturunu pozmaq, amma öz oyunun kimliyini itirmədən.
“Öz oyunumuza fokuslanmalıyıq”
Flick-in mesajı, əslində, sadədir və bir neçə dəfə təkrarlanır: Barcelona rəqibdən çox özünə baxmalıdır. O, komandanın performansına, oyunun keyfiyyətinə, ritminə, qərarların dəqiqliyinə diqqət çəkir.
Baş məşqçi bildirir ki, məqsəd ilk oyunda əlverişli nəticə əldə etməkdir, amma hamı yaxşı anlayır: iş bununla bitməyəcək, cavab görüşü Atletico-nun meydanında olacaq. Orada hər səhv cəzalandırıla bilər. Ona görə də Flick indi emosiyaları deyil, icranı ön plana çəkir.
Barcelona üçün bu qarşıdurma təkcə yarımfinal, final yolu deyil. Bu, həm də gənc nəsil – xüsusilə Lamine Yamal üçün xarakter testi olacaq. Flick onu qorumağa söz verir. Amma cavab meydanda veriləcək.
18 yaşlı ulduz bu təzyiqin altında necə formalaşacaq? Mövsümün qalan hissəsi bu sualın cavabını yazacaq.





