Slot-a inam sarsılmazdır. Ən azı, Florian Wirtz bunu belə görmək istəyir.
Keçən mövsüm hollandiyalı mütəxəssis Liverpool-u İngiltərə çempionluğuna daşıyıbsa, alman yarımmüdafiəçinin məntiqinə görə, bu, artıq özü-özlüyündə kifayət qədər zəmanətdir. Komanda bu mövsüm də, onun sözləri ilə desək, “çoxlu yaxşı” oyun sərgiləyib. Bəli, hər şey ideal deyil. Amma bu, inamı sarsıtmağa kifayət etməməlidir.
“İstəyərdik ki, hər şey daha yaxşı olsun, amma vəziyyət belədir,” – Wirtz açıq danışır. “Hələ də hədəflərimiz var. Deyə biləcəyim tək şey budur ki, baş məşqçiyə inanırıq və sabah ən yaxşısını vermək istəyirik.”
Sözlərdə inam var. Rəqəmlərdə isə gərginlik.
Son beş rəsmi oyunda cəmi bir qələbə. FA Cup 1/4 finalında keçən həftə Manchester City-yə 0:4 hesablı ağır məğlubiyyət – hələ də komandanın çiyinlərində daş kimi oturub. Bu, yalnız hesab deyil, zərbədir. Özünə inama, ritmə, soyunma otağının sükutuna.
Wirtz isə sarsılmır, ən azı zahirdə: “Özümüzə inanırıq; yaxşı heyətimiz var, güclü xarakterlər, yüksək səviyyəli futbolçular və oyuna bizi yaxşı hazırlamağa çalışan baş məşqçimiz.” Bu cümlələr sadəcə mətbuat üçün deyil, həm də soyunma otağına ünvanlanan mesajdır. “Biz hələ buradayıq. Dağılmamışıq.”
İndi isə səhnə dəyişir: Parc des Princes, titul müdafiəçisi ilə duel, səhnənin o biri tərəfində PSG. Keçən mövsüm eyni cütlük 1/8 finalda görüşmüşdü. Onda Liverpool Fransada 1:0 hesabı ilə qalib gəlmiş, Anfield-də isə eyni hesabla uduzmuşdu. Hər şeyi penaltilər həll etmişdi – Paris 4:1 hesablı soyuq qələbə ilə mərhələ adlamışdı. Bu xatirə hələ də təzədir.
Bəs bu dəfə nə lazımdır?
“90 dəqiqə tam enerji və fədakarlıq,” – Wirtz tərəddüdsüz cavab verir. “Yoxsa şansımız yoxdur.”
Cümlə quru taktiki açıqlamadan çox, xəbərdarlıq kimi səslənir. Bu səviyyədə bir anlıq boşluq, bircə zəiflik epizodu – və hər şey dağılır.
Wirtz-in başqa bir mesajı da var: qol buraxılsa belə, komanda dağılmamalıdır. “Qol buraxsaq, birlikdə qalmalı və inamı itirməməliyik.” Bu, Liverpool-un son həftələrdə ən çox əziyyət çəkdiyi məqamdır. İlk zərbədən sonra ikinci gəlir, sonra isə oyunun ipi əldən çıxır. City qarşısındakı 0:4 məhz belə açılmışdı.
İndi isə qarşıda başqa bir sınaq var. Parc des Princes-in təzyiqi, PSG-nin hücum xətti, tribunaların səsi. Liverpool üçün bu, sadəcə növbəti avrokubok oyunu deyil. Slot üçün də belə. Bu, həm də inamın, səbrin və Wirtz-in bu qədər qətiyyətlə müdafiə etdiyi ideyanın – “biz bu məşqçinin arxasındayıq” fikrinin real testidir.
Sabah axşam cavabını alacaqlar. Ya bu komanda yenidən çempion reflekslərini xatırladığını göstərəcək, ya da keçən mövsümün titulunun nə qədər tez köhnəldiyini.





