Gianni Infantino-nun ətrafında təzyiq artır: gizli münasibət iddiaları
Gianni Infantino-nun ətrafında təzyiq daha da artır: gizli münasibət iddiası, ödənilən təzminat və kəskin təkzib
Avropa futbolunun arxivlərindən çıxan köhnə bir iş indi dünya futbolunun ən güclü kreslosunu silkələyir. Daily Telegraph-ın araşdırmasına görə, UEFA-nın keçmiş baş katibi, hazırkı FİFA prezidenti Gianni Infantino ilə bağlı iddia olunan sevgi münasibəti UEFA tərəfindən təzminat ödənişi ilə yekunlaşıb.
Söhbət, Infantino-nun UEFA-da çalışdığı illərdə onunla əlaqədə olduğu iddia edilən bir qadından gedir. Telegraph yazır ki, həmin şəxsə altırəqəmli məbləğdə ödəniş edilib. İddialara görə, bu ödəniş, münasibət bitdikdən sonra təşkilatdan ayrılması fonunda verilib.
Burada tablo kəskin dəyişir. Infantino cəbhəsi hər şeyi qəti şəkildə rədd edir. Onun adından danışan FİFA sözçüsü qəzetə açıqlamasında bildirir ki, FİFA prezidentinin bu iddiaları “qətiyyətlə” və “tamamilə əsassız” kimi dəyərləndirdiyini, hər hansı “uyğunsuz davranış və ya nizamnamə və qaydaların pozulmasına dair eyhamın belə böhtan xarakteri daşıdığını” vurğulayıb. Üstəlik, sözçü əlavə edib ki, nə UEFA-da, nə də FİFA-da Infantino-nun davranışı ilə bağlı ona qarşı heç vaxt rəsmi şikayət daxil olmayıb, çünki “belə bir hadisə ümumiyyətlə baş verməyib”.
UEFA isə faktın əsas hissəsini təsdiqləyib. Qurum rəsmən bəyan edib ki, sözügedən qadına “gediş kompensasiyası” ödənilib. Həmin paketə yerli biznes məktəbində MBA proqramını tamamlamaq üçün təhsil haqlarının qarşılanması da daxil olub. UEFA bildirir ki, o dövrdə bütün ödənişlər qüvvədə olan daxili qaydalara uyğun həyata keçirilib. Sonradan bu qaydaların sərtləşdirildiyi və indi “müasir, yüksək profilli bir təşkilat” standartlarına uyğunlaşdırıldığı qeyd olunub.
İddiaların səsləndiyi an da təsadüfi deyil. Infantino hazırda FİFA prezidentliyi uğrunda ən çətin dövrlərindən birini yaşayır. Onun Dünya Kubokunda kommersiya paylarının özəl investorlarla bölüşdürülməsi planı ciddi təpki doğurmuş, layihə yarımçıq qalmışdı. İndi isə diqqət yenidən onun keçmişinə yönəlib.
BBC Sport, məsələ ilə bağlı FİFA və şəxsən Infantino ilə əlaqə saxladığını açıqlayıb, amma cavab hələlik yalnız Telegraph vasitəsilə yayılan təkziblə məhdudlaşır.
Bir tərəfdə ciddi məbləğdə təsdiqlənmiş təzminat və sonradan sərtləşdirilən qaydalar, digər tərəfdə isə “heç nə baş verməyib” deyən kəskin müdafiə xətti. Dünya futbolunun zirvəsindəki bu gərginlik, Infantino-nun kreslosunu nə qədər sarsıdacaq?




