Caspian Sport

Granit Xhaka saxta vaksin sertifikatı etirafı – İsveçrə millisində fırtına

İsveçrə millisinin kapitanı Granit Xhaka koronavirus əleyhinə peyvənd olunmadan vaksin sertifikatı əldə etdiyini açıq şəkildə etiraf edib və ölkəsində böyük qalmaqalın mərkəzinə düşüb.

Alman Mətbuat Agentliyinin (dpa) xəbərinə görə, o, etirafını bazar ertəsi Instagram-da yazılı açıqlama ilə edib. Mesajın tonu ağır, məzmunu isə sarsıdıcı idi.

Xhaka həmin dövrü belə təsvir edib: o zaman Covid-19 peyvəndinə qarşı şəxsi tərəddüdləri, ciddi şübhələri olub. Yazıb ki, özündə “dərin etimadsızlıq” hiss edib, “qorxu və qeyri-müəyyənlik” onu üstələyib. Bu psixoloji vəziyyətin fonunda o, suallarını rəsmi şəkildə aydınlaşdırmaq əvəzinə, peyvənd olunmadan vaksin sertifikatı almağa üstünlük verdiyini bildirib.

Sunderland futbolçusu hazırda İsveçrənin Luzern şəhər polisinin rəsmi araşdırmasının obyektidir. Hüquq-mühafizə orqanları onu saxta koronavirus vaksin sertifikatları əldə etməkdə şübhəli sayır. Yerli mediaya görə, həmin sənədlər ona həkimi vasitəsilə verilib və həmin həkim də guya saxta sənəd tərtib etmə ittihamı ilə ayrıca istintaqa cəlb olunub.

Xakanın özü indi geri addım atır, amma gecikmiş etirafın tonu birmənalıdır: “Bu yolun düzgün olmadığını bu gün aydın görürəm. Bu, səhv idi. Üzr istəyirəm. Bu qərara görə məsuliyyəti qəbul edirəm, faktların tam şəkildə araşdırılmasına sadiq qalacam və müvafiq orqanlarla tam əməkdaşlıq edəcəm”.

İsveçrə mətbuatı xatırladır ki, Xhaka 2021-ci ildə və 2022-ci ilin əvvəlində koronavirusa yoluxub. Yəni, həm xəstəliyi keçirib, həm də indi məlum olur ki, peyvəndlə bağlı rəsmi sənədləri qaydalara zidd yolla əldə edib.

Etiraf ictimaiyyətə açıqlandıqdan dərhal sonra İsveçrə Futbol Federasiyası da hərəkətə keçib. Qurumun açıqlamasında bildirilir ki, Granit Xhaka kişilərdən ibarət milli komandanın qarşıdakı təlim-məşq toplanışında iştirak etməyəcək. Kapitan kənara çəkilir, milli isə bu sarsıntının fonunda növbəti oyunlara hazırlaşmalıdır.

İndi sual təkcə bir futbolçunun gələcəyi ilə bağlı deyil. Bu hadisə İsveçrə millisinin lider fiquruna olan inamı necə dəyişəcək və soyunub-geyinmə otağında söz sahibi olan kapitan bu etimadı yenidən qazana biləcəkmi?