Haaland “əkizi” Willman Mayamidə yarış təşkil edir
Haaland “əkizi” interneti silkələdi: indi isə Mayamidə yarış təşkil edir
Sosial şəbəkələrin yeni futbol ulduzu nə hücumçudur, nə də qapıçı. O, saçlarını hörən və bir anda milyonlarla insanın diqqətini üzərinə çəkən kontent müəllifi Willmandır. Təkcə bir detal kifayət etdi – hörüklər və Erling Haaland-a inanılmaz bənzərlik.
Willman “People” nəşrinə danışarkən bu dalğanı özü də hələ tam dərk etmədiyini etiraf edib: bunun “surreal” olduğunu, saçlarını hörməyin bu qədər böyük səs-küy yaradacağını heç vaxt gözləmədiyini deyib. Milyonlarla insan onu Haaland-la müqayisə edir, internet isə bu oxşarlıqdan həzz alır.
Əsl dönüş nöqtəsi isə bir detal oldu: Erling Haaland özü onun videosuna rəy yazdı. Willman üçün bu, artıq sadəcə viral məzmun deyildi, reallıqla sosial media arasında sərhədi tamamən silən an idi. O, izləyicilərin bu oyuna qoşulmasından, zarafata çevrilən bənzərliyin bu qədər pozitiv qarşılanmasından məmnun olduğunu bildirib və yaradıcı kimi nə vaxt, nəyin insanlara təsir edəcəyini heç vaxt əvvəlcədən bilə bilmədiyini vurğulayıb.
İndi isə bu sosial media hekayəsi real meydançaya keçir. Willman şənbə günü Mayamidə keçiriləcək Dünya Çempionatının 1/4 finalında Norveç – İngiltərə qarşılaşmasını stadiondan izləyəcək. Və orada bir arzusu var: özünün “əkizi” adlandırdığı Haaland-la canlı görüşmək. Norveçli ulduz da eyni fikirdədir – o, həmin nəşrə açıqlamasında bütün bu baş verənlərdən sonra real həyatda yollarının kəsişməsinin “çox gülməli” olacağını deyib.
Mayamidə isə artıq əlavə bir şou hazırlanır. Willman matç günü şəhərdə Erling Haaland bənzərləri üçün xüsusi müsabiqə təşkil edir. Qalibə böyük hədiyyə verilir – oyuna bilet. O, “Instagram” səhifəsində paylaşdığı elanda Haaland-a oxşadığını eşidən və Norveç yığmasının azarkeşi olan hər kəsi bu yarışa dəvət edib, sponsor kimi isə @kalshi-nin adını çəkib. Şərt sadədir: təyin olunmuş məkana gəl, öz “Haaland hərəkətləri”ni göstər və bəlkə də həmin gün tribunada yerini sən tutacaqsan.
Bir saç hörüyü ilə başlayan zarafat indi Dünya Çempionatının 1/4 finalı öncəsi Mayamidə mini-festivala çevrilib. İndi sual budur: tribunada, kameraların qarşısında, bəlkə də meydanın kənarında – bu iki “Haaland” nə vaxt üz-üzə gələcək?




