Caspian Sport

Harry Kane: Bayern Münhenin Ən Yaxşı Transferi

Uli Hoeness adətən sözünü əsirgəmir. DFB-Pokal finalından sonra isə sanki həddini də aşmışdı. 3:0-lıq qələbə, Harry Kane-in het-triki və tribunadakı alman coşqusu fonunda “Bayern tarixinin ən yaxşı transferi” elan etdi onu. O an bunu emosiya, final eyforiyası kimi oxumaq mümkün idi. Aradan bir ay keçdi, sular duruldu. Münhendə eyni cümlə indi sakit səslə, amma eyni inamla təkrarlanır: “O, həqiqətən də bizim ən yaxşı transferimizdir”.

Şübhədən zirvəyə

Harry Kane-in Bayern-ə gəlişi bütün dünyaya tanış bir hekayənin yeni fəsli kimi görünürdü: kuboksuz, yorğun, böyük matçlarda tez-tez sorğulanan bir forvard. Euro 2024-dən sonra onun haqqında “aşağı enir” deyənlər az deyildi. Rusiyada 2018-də qazandığı Golden Boot belə, xüsusən də qitə mediasında, şübhə ilə qarşılanmışdı: “Dörddəbir finaldan sonra qol vurmadan bombardir” – fransız mətbuatının tipik ironiyası idi bu.

İllər keçdi, Kane isə nəhayət, oyunun ən böyük səhnəsində öz yerini aldı. Time jurnalı dünya çempionatının simvollarını seçəndə Lionel Messi, Cristiano Ronaldo, Neymar, Kylian Mbappé, Lamine Yamal, Jude Bellingham – hamısı gözlənilən adlar idi. Onların yanında Kane-in durması isə artıq başqa bir həqiqəti təsdiqləyirdi: o, nəhayət, futbolun “yuxarı masasına” dəvət almışdı.

Hoeness 100 milyon avronu aşan transfer məbləğini xatırladıqca hələ də başını yelləyir: “Bu, bizim üçün tamamilə yeni səviyyə, dəli risk idi. Amma hər avronu qaytardı. Təkcə qollarına görə yox, soyunma otağında nümunə olduğuna görə də”.

Soyunma otağının yeni mərkəzi

Bayern-in içindən danışanlar bir detalda yekdildir: son illərdə soyunma otağında bu cür təsir gücünə yalnız Manuel Neuer və Thomas Müller sahib olub. Onlar klubun öz yetirmələridir, illərin simvoludur. Kane isə burada cəmi bir neçə mövsümdür. Buna baxmayaraq, artıq həmin kateqoriyaya yaxın dayanır.

Hoeness-in danışdığı hekayələrdə Kane-in obrazı daha da aydınlaşır: gənclərə yaxın duran, təcrübəsizləri qucaqlayan, susub kənardan baxmayan bir kapitan fiquru. Alman dilini hələ sərbəst danışmır, amma müqaviləsində qeyd olunduğu kimi, dərslərə davam edir. Komanda daxilində isə bu, problem yaratmır – əsas fiqurların çoxu ingiliscə danışır, Vincent Kompany də soyunma otağını əsasən ingiliscə idarə edir.

Hoeness, 1974 dünya çempionu kimi, müdafiəçilərin Bundesliqada Kane-ə necə sərt girəcəyini yaxşı bilir. Məhz buna görə də onun davamlılığına ayrıca vurğu edir: “Onu dayandırmaq üçün, elə bil, başını və ya qolunu kəsmək lazımdır”. Sərt ifadədir, amma Almaniyanın futbol mədəniyyətində bu, tərifin ən yüksək formalarından biridir.

İngilis stereotipini sındıran ailə

Kane ailəsinin Münhenə tam köçməsini bir qədər gecikdirməsi bəzilərinə tanış ssenarini xatırlatdı: “tipik britaniyalı legioner”, uyğunlaşma çətinliyi, ev həsrəti. Köhnə zarafatlar, Ian Rush-a aid edilən məşhur cümlə yenidən gündəmə gəldi. Amma bu dəfə stereotip işləmədi.

Kane və həyat yoldaşı Kate, Bayern-in keçmiş müdafiəçisi Lucas Hernández-dən miras qalan, Grünwald yaxınlığındakı kənd evinə yerləşdilər. Sakit, varlı, yaşıllıq içində bir bölgə. Ailə həyatı haqqında danışarkən bir detal dərhal gözə dəyir: Kate və uşaqlar – Ivy, Vivienne, Louis, Henry – Bavariya həyat tərzini tez mənimsəyiblər. Qışda xizək, dağ havası, yerli adətlər. Kane-in özü xizəklə sürüşə bilmir, risk qadağası var, amma Garmisch səfərlərində ailəsini müşayiət edir, dağların havasını içə çəkir.

Kirchweidach kəndindəki azarkeş günündə yaşananlar isə Kane-in artıq Bavariya mədəniyyətinə necə daxil olduğunu simvolik şəkildə göstərdi. Avstriya sərhədi yaxınlığında, 2 min nəfərlik kənddə o, yerli toy ənənəsinə uyğun olaraq şorbanı ədviyyatlayır, litr-litr pivə krujkaları ilə “kegeln” oynayırdı. Öz britan üslubunda həmin günü sadəcə “bir az dəlilik” adlandırdı, amma hər detalını qəbul edib yaşadı.

Qolçu yox, tam paket

Bayern Kane-i alanda dünya səviyyəli hücumçu gətirdiyini bilirdi. Amma bu qədər dominant, bu qədər hərtərəfli bir versiya gözləmirdilər. 2025-ci ildə Bundesliqada qazandığı ilk titul onun karyerasında illərlə davam edən kubok quraqlığını qırdı. Ardınca daha bir çempionluq, daha bir DFB-Pokal. İllər keçdikcə o, daha arıq, daha fit, daha iti və bəlkə də karyerasının ən yaxşı formasında görünür.

Atalanta-ya vurduğu qol hələ də yaddaşlardadır: bir toxunuşla topu çəkib geriyə aldı, dönməklə iki müdafiəçini oyundan saldı, sonra da özünəməxsus dəqiqliklə küncə vurdu. Amma DFB-Pokal finalında 80-ci dəqiqədə vurduğu ikinci qol başqa bir təkamülü göstərirdi. Cərimə meydançasından kənardan möhtəşəm, əyilən zərbə dirəyə dəyib qayıtdı. Top yenidən Kane-in önünə düşəndə o, yenə drag-back, yenə dönüş, yenə özünə yer açıb soyuqqanlı son zərbə. Bu, artıq sadəcə “altımetrlik cərimə meydançası ovçusu” deyildi. Bu, özünə epizod yaradan, rəqibin müdafiə strukturunu təkbaşına sındıra bilən hücumçu idi.

Messi və Ronaldo ritmində

61 qolla Kane hazırda Avropanın böyük liqalarında Lionel Messi və Cristiano Ronaldo-nun illər boyu qoruduğu tempə çatan yeganə oyunçudur. Yalnız Erling Haaland müəyyən mənada bu ritmə yaxın görünür. Ronaldo bir mövsümdə 66, Messi isə 73 qol vurmuşdu – hər ikisi turnirsiz illərdə. Kane isə Yeni Zelandiyaya qarşı Tampa şəhərindəki oyundan sonra mövsümü 67 qolla davam etdirir.

Bayern-də o, yalnız bitirici rolunda qalmır. Bəzən top rəqibdə olanda geriyə, hətta “6 nömrə” zonasına qədər çəkilir, hücumu aşağıdan qurur. Onun ötürmə keyfiyyəti bəzən qolları qədər heyranlıq doğurur. Paris Saint-Germain-lə Çempionlar Liqasının yarımfinalının ilk oyununda Luis Díaz-a verdiyi assist bunu açıq göstərdi. Thomas Tuchel-in dünya çempionatında da məhz bu çoxşaxəli Kane planına sadiq qalacağı demək olar ki, şübhə doğurmur.

Ballon d’Or üçün gecikmiş dəvət

Tottenham illərində Kane heç vaxt ciddi şəkildə Ballon d’Or müzakirələrinə daxil olmamışdı. Nə qədər çox qol vururdu-vursun, nə qədər stabil performans göstərirdi-göstərsin, Çempionlar Liqasının son mərhələlərindən və titullardan uzaq qalmaq onu bu səviyyədən kənarda saxlayırdı. Bayern forması ilə isə tablo dəyişib. Artıq o, mükafat üçün real namizədlərdən biridir. Hər şey, təbii ki, dünya çempionatının nəticəsindən asılıdır.

Əgər Kane-in karyerasına daha geniş bucaqdan baxsaq, 32 yaşında yaşadığı bu yay sanki uzun-uzadı yüklənmiş bir taleyin kulminasiyası kimi görünür. Gec açılan, amma zirvəyə çatanda orada qalmağı bacaran futbolçu. Dovşan yox, tısbağa. Amma bu marafonda finiş xəttinə daha yaxın olan tərəf məhz odur.

“Bu uşaqdan nə çıxacaq?”dan “dünyanın ən yaxşısı”na

Spurs akademiyasının məşqçiləri onu yeniyetmə çağlarından xatırlayırlar. Elit idman standartlarına görə bir az artıq çəkili, sürəti orta, texnikası isə heç də ən yaxşı olmayan bir yeniyetmə. “O vaxt heç kim indiki səviyyəyə çatacağını düşünmürdü”, – deyə xatırlayır onlardan biri. Hər şey təxminən 14 yaşında dəyişməyə başladı: boy artımı, texniki sıçrayış, zərbə keyfiyyətində kəskin fərq. Və bir də başqa cəhət: ona deyilən hər şeyi yalnız bir dəfə demək kifayət edirdi – istər idman zalındakı iş, istərsə də bitiricilik məşqləri.

Norwich-dəki icarə dövrü isə tam əksinə, kabus kimi keçmişdi. West Ham-a qarşı debütdəki biabırçı “boş qapı” qaçırması, Luton Town-a qarşı FA Cup matçında fasilədə əvəzlənməsi – hamısı yadda qalan, amma xoş olmayan xatirələrdir. Aradakı dövrdə o, hətta Norwich-in U-21 komandasında oynamağa qədər düşmüşdü. Orada belə, penaltiləri ona etibar etmirdilər – “kifayət qədər yaxşı deyil” damğası ilə.

Leicester-dəki icarə də asan olmamışdı. 2013-cü ildə Watford-la Çempionşip pley-off yarımfinalının hər iki matçında həm o, həm də Jamie Vardy ehtiyat oyunçular skamyasından başlamışdı. O dövrdə Kane-in gələcəkdə Avropanın ən məhsuldar hücumçularından birinə çevriləcəyini düşünmək çətin idi.

Tottenham-da belə, hər şey hamar getmədi. Maurico Pochettino ilk vaxtlar ondan o qədər də təsirlənməmişdi. 2014-cü ilin mövsümöncəsi hazırlığında aparılan bədən yağı testində Kane komandanın ən yüksək faizinə sahib idi – təxminən 18%. Özünün dediyinə görə, Pochettino onu yanına çağırıb açıq danışmışdı: bədən yağının yüksək olduğunu, daha çox işləyə biləcəyini, hazırkı səviyyənin kifayət etmədiyini. Sonra isə həmin məşhur cümlə gəlib: “Sən dünyanın ən yaxşı hücumçusu ola bilərsən”.

O vaxt bu, gənc futbolçunun özünəinamını artırmaq üçün deyilmiş motivasiya cümləsi kimi görünürdü. Elə Hoeness-in “Bayern tarixinin ən yaxşı transferi” ifadəsi də ilk anlarda şişirtmə təsiri bağışlayırdı. Amma illər keçdikcə hər iki cümlə qəribə dərəcədə dəqiq proqnoza çevrildi.

İndi sual başqa cür səslənir: Harry Kane bu hekayəni dünya çempionatının kuboku ilə tamamlayacaq, yoxsa futbolun ən böyük səhnəsində hələ də yazılmamış bir sonluq qalacaq?