Caspian Sport

Heckingbottom: “Alətlər hazırdır, indi sadəcə qalib gəlmək qalır”

Yayda görünməmiş maliyyə dəstəyi, 12 yeni transfer, yenilənmiş heyət – kağız üzərində Preston North End üçün hər şey ümidverici görünürdü. Amma lövhəyə baxanda mənzərə tam başqadır: dörd oyuna dörd məğlubiyyət, Çempionşip cədvəlinin dibində sonuncu pillə.

Baş məşqçi Paul Heckingbottom bunu nə görməzliyə vurur, nə də bəhanə axtarır. O, açıq danışır: artıq nəticə verməyin vaxtıdır.

“Bu mövsümün əvvəlində rəqabət apara bilən komanda deyildik. Heç bir halda,” – o, BBC Radio Lancashire-ə deyib. – “Birinci oyundan bəri heyət hər həftə dəyişib. İndi isə alətlərimiz var. Heyəti qurmuşuq. İndi işləmək və qələbələr qazanmaq qalır. Səs-küyü kəsməyin yeganə yolu budur. Qalib gəlməlisən.”

Dibdən yuxarıya doğru uzun yol

Keçən mövsüm yanvar ayında Preston dördüncü pillədə idi. Sonrakı 15 oyunda cəmi üç qələbə isə komandanı 14-cü yerə qədər sürüşdürdü. İndi isə start daha da ağır alınıb: ardıcıl dörd məğlubiyyət, cəmi üç qol və oyunun bir çox hissəsində dişsizlik.

Heckingbottom yenə də böyük şəkilə baxır, amma qısamüddətli təzyiqi də anlayır. Klub rəhbərliyi yayda ona əvvəllər görünməmiş büdcə açıb, o isə bunu gizlətmir:

“İdarə heyətinin verdiyi maliyyə dəstəyinə görə minnətdaram. Amma uğur vaxt tələb edir,” – deyə o bildirib. – “İrəli getmək və həqiqətən rəqabət aparmaq istəyiriksə, klub olaraq etməli olduğumuz ən böyük iş öz futbolçularımızı yetişdirməkdir. Axırda ya birlikdə uğur qazanırsan, ya da oyunçuları satıb yenidən investisiya edirsən.”

Onun baxışında uzunmüddətli plan aydındır: daha yüksək pillələr, nəhayət, elitaya yüksəliş, böyüyən klub. Amma özü də etiraf edir ki, indi bu hədəflər arxa plandadır.

“İrəliləyiş, cədvəldə mümkün qədər yuxarıda bitirmək, yüksəliş və klubun böyüməsi bir az daha uzaq perspektivdir. Qısamüddətli hədəf sadəcə oyunları qazanmaqdır.”

Beş hücumçu getdi, ikisi gəldi

Preston-un hücum xətti yayda demək olar ki, sıfırdan qurulub. Nəticə isə hələlik meydanda görünmür. Komanda bu mövsüm Çempionşipdə cəmi üç qol vurub, bu da Heykingbottomun sözlərinə görə, oyunun quruluşunu dəyişməyi zəruri edir.

“Oyunun özündə də çətinliklər var,” – o, əlavə edib. – “Yayda beş mərkəz hücumçumuzu itirdik, onların yerinə cəmi iki nəfər gətirdik. Qolları, asistləri və epizodları başqa yollarla tapmalıyıq. Daha çox cinah oyunçularından istifadə etməyə çalışmışıq.”

Baş məşqçi yalnız hücumçulara güvənməyi də lüks saymır: “Bu mövsüm mərkəz müdafiəçilərindən də qollar gözləyəcəyik. Əvvəllər bu baxımdan kifayət qədər məhsuldar olmamışıq.”

Yəni Heckingbottom komandasını hər xəttdən məsuliyyət götürməyə məcbur edir. Çünki başqa yol qalmayıb.

Derby öncəsi sərt reallıq

Bu şəraitdə növbəti rəqibin adı da təsadüfi səslənmir: Lancashire derbisi, Blackburn Rovers. Uğursuz seriyanı qırmaq üçün emosional, gərgin, yüksək riskli bir oyun.

Preston üçün bu matç sadəcə üç xal mübarizəsi deyil. Yeni transferlərin, yeni ideyaların, yeni eraya inamın ilk real testi kimi görünür. Heykingbottom-un dediyi kimi, “səs-küyü kəsmək” üçün indi söz yox, hesab lazımdır.

İndi sual budur: yayda qoyulan əsas, doğrudan da, meydanda özünü göstərəcək, yoxsa Preston-un uzunmüddətli planları daha bir mövsüm gecikəcək?