Caspian Sport

Ian Wright: Arsenal gənclərinin transfer söhbətləri

Arsenal əfsanəsi Ian Wright klubun transfer siyasətinə və gənc oyunçular ətrafında gedən söz-söhbətlərə qarşı açıq narazılığını gizlətmədi. “Stick to Football” podkastında danışan keçmiş hücumçu həm Myles Lewis-Skelly, həm də Gabriel Martinelli ilə bağlı yayılan xəbərlərin mənbəyini ciddi şəkildə sorğuladı.

“Arsenal azarkeşləri, anasına yüklənməyi dayandırsın”

Wright ilk növbədə Myles Lewis-Skelly ətrafında dolaşan şayiələrə toxundu. Xüsusilə də gənc yarımmüdafiəçinin anasının guya oğlunu klublara “təklif etməsi” iddiasına sərt reaksiya verdi:

“Bilmirəm bu haradan çıxır, amma dəqiq bilirəm ki, onun komandasından gəlmir. Anasından da gəlmir. Arsenal azarkeşləri, anasını guya onu hər yerə çıxaran kimi göstərməyi dayandırsın. Myles artıq deyib ki, qalmaqdan xoşbəxtdir.”

Wright-in fikrincə, bu qədər aydın bəyanata baxmayaraq klubun sükutu vəziyyəti daha da qızışdırır:

“Arsenal niyə sadəcə demir ki, o, satışda deyil? Manchester United üçün möhtəşəm transfer olardı, əlbəttə ki, olardı. Nə etdiyinə baxın. Amma o getmək istəmir.”

Vasitəçilər, dolaşan xəbərlər və narahat edən suallar

Wright ən çox bir məqama ilişib qalıb: klub daxilində qərar verənlərdən çox, vasitəçilərin sanki sükanı ələ alması.

“Bir şeylər baş verir və məni Arsenal-da ən çox narahat edən də budur – artıq işləri vasitəçilərlə görmə tərzimiz. Bu hekayə necə ortaya çıxır ki, biz dəqiq bilirik, o qalmaq istəyir və xoşbəxtdir?”

Söhbət təkcə Lewis-Skelly ilə bitmir. Wright, Gabriel Martinelli nümunəsini də çəkir:

“Martinelli ilə klubdan heç kim əlaqə saxlamayıb, amma hər yerdə adı transferlə hallanır. Bunu kim edir? Niyə baş verir bu?”

Sual çoxdur, cavab isə hələlik yoxdur.

“Bir tərəfdə Vinicius Junior, o biri tərəfdə satış təlaşları”

Wright klubun transfer planlarında gördüyü ziddiyyətləri də dilə gətirdi. Onun üçün məntiq bir yerdə qırılır:

“Bilirsiniz, nə çaşdırır? Necə ola bilər ki, biz Vinicius Junior üçün hərəkətə keçək, rekord qıracaq məbləğlərdən danışaq, amma indi birdən-birə satmağa can atırıq? Nə baş verir?”

O, etiraf edir ki, heyət böyükdür və kimlərinsə getməsi qaçılmazdır. Amma diqqətini çəkən başqa nüans var:

“Böyük heyətimiz var, kimsə getməlidir, amma elə çıxır ki, Arsenal-dan gedənlərin hamısının yolu Türkiyəyə düşür. Bu da başqa məsələdir.”

Akademiya uşaqları və “təmiz mənfəət” qayçısı

Wright-in ən həssas toxunduğu mövzulardan biri isə akademiya məzunlarının maliyyə qaydaları altında “rəqəmə” çevrilməsidir. O, bunu sərt ifadə ilə təsvir edir:

“Akademiyadan çıxıb əsas komandaya girən, işini görən oyunçu olanda, həmişə boynunda ‘təmiz mənfəət’ kəndiri olur.”

Yəni, maliyyə ədalətli oyun və mənfəət qaydaları səbəbilə, klub üçün xərci sıfır olan akademiya oyunçuları satıldıqda kağız üzərində “təmiz qazanc” yazılır və bu da onları ilk satış namizədlərinə çevirir.

Wright, Ethan Nwaneri nümunəsini də yada salır:

“Eşidirəm ki, onu satmayacaqlar, icarəyə vermək istəyirlər, bu məni sevindirir. Çünki heç bir mərhələdə o, həmin komandada ardıcıl oynayıb özünü göstərmək şansı almayıb.”

Myles Lewis-Skelly, Manchester United və cavabsız qalan cümlə

Myles Lewis-Skelly-nin çıxışları və potensialı artıq İngiltərənin böyük klublarının diqqətindədir. Wright bunu gizlətmir:

“Myles kimi yaxşı oynayan, nələrə qadir olduğunu göstərən biri olanda, təbii ki, Manchester United də baxacaq görsün, nəsə etmək olurmu.”

Onun fikrincə, bu maraq təəccüblü deyil. Bruno Guimaraes və Declan Rice kimi nümunələr, yüksək səviyyəli mərkəz yarımmüdafiəçilərə tələbatı açıq şəkildə ortaya qoyur. Amma Wright üçün əsas məsələ başqadır:

“O getmək istəmir və məni ən çox çaşdıran odur ki, Arsenal niyə sadəcə çıxıb demir: ‘satışda deyil’.”

Sual havada qalır. Cavab isə, görünür, London klubunun yay pəncərəsində atacağı ilk addımlarla birlikdə üzə çıxacaq.