Caspian Sport

Ian Wright Arsenal-ə sərt suallar: Niyə satılmır?

Arsenal ətrafında Myles Lewis-Skelly və digər gənc oyunçularla bağlı gedən transfer söz-söhbətləri artıq London klubunun əfsanəsi Ian Wright-ı da ciddi şəkildə narahat edib. O, “Stick to Football” podkastında həm şayiələrə, həm də klubun transfer siyasətinə qarşı açıq şəkildə etirazını bildirib.

“Arsenal azarkeşləri, anasına hücum etməyi dayandırsınlar”

Wright ilk növbədə Lewis-Skelly ilə bağlı yayılan iddialara toxunub. Xüsusilə də gənc futbolçunun anasının onu başqa klublara “təklif etməsi” haqda iddialar onu qəzəbləndirib:

“Bilmirəm bu haradan çıxır, amma dəqiq bilirəm ki, onun komandasından gəlmir. Onun anasından gəlmir. Arsenal azarkeşləri Myles-in anası haqqında ‘oğlunu hər yerə təklif edir’ deməyi dayandırmalıdır. Myles artıq deyib ki, qalmaqdan xoşbəxtdir. Niyə Arsenal hələ də açıq şəkildə demir ki, o, satılmır?”

Wright etiraf edir ki, Lewis-Skelly kimi çox yönlü, enerjili bir yarımmüdafiəçi “Manchester United üçün möhtəşəm transfer ola bilər”. Amma məhz buna görə sual daha kəskinləşir: “O, bu qədər yaxşı iş görürkən, niyə klub onu qəti şəkildə toxunulmaz elan etmir?”

Vasitəçilərin kölgəsi: “Biz bu işi necə aparırıq?”

Söhbət təkcə bir oyunçudan getmir. Wright-a görə, problem daha dərindədir – Arsenal-in artıq transfer işlərini vasitəçilər üzərindən aparma tərzində:

“Burda nələrsə baş verir və məni Arsenal-lə bağlı narahat edən də budur – artıq işi vasitəçilərlə aparmağımızın formasıdır. Bu hekayələr necə yaranır? Bilirik ki, uşaqlar qalmaq istəyir, xoşbəxtdirlər. Bəs bu söz-söhbətlər haradan çıxır?”

O, misal kimi Gabriel Martinelli-ni çəkir: “Martinelli ilə klubdan heç kim əlaqə saxlamayıb, amma hər yerdə ‘təklif olunur’ kimi göstərilir. Bunu kim edir? Niyə bu baş verir?”

Wright-ın tonunda bir sualdan çox ittiham var: Arsenal daxilində kimlərsə gənc ulduzların adlarını bazarda dolaşdırır və bu, nə futbolçulara, nə də azarkeşlərə aydın izah olunur.

Bir tərəfdə Vinicius Junior, o biri tərəfdə satış təlaşları

Wright-ı çaşdıran başqa bir məqam da klubun ambisiyası ilə reallıq arasındakı ziddiyyətdir. O, Arsenal-in adı ilə çəkilən böyük transfer hədəflərini xatırladıb:

“Bilirsiniz, nə qarışıqdır? Necə ola bilər ki, biz Vinicius Junior üçün mübarizə aparan klub kimi göstərilirik, rekord qıracaq məbləğlərdən danışılır, amma eyni anda akademiya uşaqlarını satmağa can atırıq? Nə baş verir?”

Onun fikrincə, Arsenal böyük heyətə malikdir və kiminləsə vidalaşmaq məcburiyyətindədir. Amma çıxış qapısının istiqaməti də onu narahat edir: “Elə bil Arsenal-dan gedən hər kəs Türkiyəyə yollanır. Bu da başqa bir məsələdir.”

Akademiya ulduzları və “təmiz mənfəət” qandalı

Wright ən həssas nöqtəyə – maliyyə qaydalarının akademiya yetirmələrinə vurduğu zərbəyə toxunur. Profit and Sustainability Rules çərçivəsində klubun akademiya oyunçularını “təmiz mənfəət” kimi görməsi onu ciddi narahat edir:

“Akademiyadan çıxıb birinci komandaya düşən, meydanda işini görən hər oyunçunun boynunda ‘təmiz mənfəət’ ilməsi olur. Bu çox bədbəxt vəziyyətdir.”

O, Ethan Nwaneri-nin adını çəkərək, burada az da olsa müsbət nüans gördüyünü deyib: “Eşidirəm ki, onu satmaq istəmirlər, icarəyə göndərmək istəyirlər. Buna sevinirəm, çünki məncə, o, hələ heç vaxt ardıcıl şans almayıb ki, o komandada özünü göstərə bilsin.”

Wright-a görə, bu cür talelər Lewis-Skelly üçün də aktualdır. Çünki meydanda verdiyi reaksiya, oyuna təsiri artıq böyük klubların diqqətini çəkib: “Myles yaxşı oynayanda, nələr edə bildiyi inanılmazdır. Təbii ki, Manchester United də baxacaq ki, görsün, nəsə etmək olurmu.”

Onun fikrincə, rəqiblər artıq modelə baxıblar: “Onlar Bruno Guimaraes-in gəlişini gördülər, Declan Rice-ı gördülər. Belə profillərin dəyərini bilirlər.”

“O, getmək istəmir – bəs niyə klub susur?”

Wright-ın ən böyük anlaşılmazlığı isə sadə bir cümlədə cəmlənir: “O, getmək istəmir.” Lewis-Skelly-nin qalmaq istəyi açıq şəkildə dilə gətirildiyi halda, Arsenal-in qəti mövqe ortaya qoymaması əfsanəvi hücumçunu təəccübləndirir:

“Ən çox məni çaşdıran budur – niyə Arsenal sadəcə çıxıb demir ki, ‘o, satılmır’?”

Sual havada qalır. Arsenal rəhbərliyi ya bazarın diktə etdiyi sərt reallığa uyğun hərəkət edir, ya da sadəcə sükutla manevr edir. Amma bir həqiqət var: Lewis-Skelly və Nwaneri kimi adlar ətrafında bu qədər səs-küy varkən, klubun susqunluğu artıq təkcə şayiə deyil, strategiya kimi görünməyə başlayır. Azarkeşlər isə indi başqa sualla yaşayır: bu strategiya komandanı zirvəyə aparacaq, yoxsa öz uşaqlarını yola salan klub obrazını dərinləşdirəcək?