Ibrahima Konate: Liverpool Pulsuz İtkiyə Hazırlaşır
İllərlə mərkəzdə güvənc yeri sayılan bir futbolçu, indi Anfield-dən səssizcə çıxmağa hazırlaşır. Ibrahima Konate Liverpool-dan pulsuz ayrılmağa doğru gedir. Və bu, klubun son illərdəki kadr siyasətində yaranan çatları bir az da aydın göstərir.
Fransalı müdafiəçinin müqaviləsi iyunda başa çatır. Yeni anlaşma? Artıq gündəmdə deyil. Danışıqlar dayanıb, mövzu qapadılıb. Səbəb sadədir: dəyər və maaş mövzusunda tərəflər arasında körpü qurulmadı.
Konate 2021-ci ildə RB Leipzig-dən 35 milyon funt qarşılığında gətirilmişdi, beş illik müqavilə imzalamışdı və o zaman üçün gələcəyin dayağı kimi görülürdü. 27 yaşında, mərkəz müdafiəçisi üçün tam zirvə illəri. Elə buna görə də onun bu yay pulsuz getməsi həm futbol baxımından, həm də maliyyə tərəfdən Liverpool üçün ağır zərbədir.
Böyük şansdan tam dalana
Bu hekayənin ən ironik tərəfi odur ki, hər şey əslində çox müsbət başlamışdı. Danışıqlar 2023-cü ilin noyabrında açılmışdı. Həm klub, həm oyunçu davam etmək istəyirdi. Konate özü də apreldə Merseyside derbisindən sonra jurnalistlərin qarşısında “razılaşmaya yaxınıq”, “gələn mövsüm burada qalma şansım böyükdür” deyirdi.
Hətta o qədər özünə əmin idi ki, zarafatla jurnalistləri Liverpool-un idman direktoru Richard Hughes-a yönləndirirdi: guya, Hughes onun sentyabrda, noyabrda dediklərini danışsa, hamı sakitləşəcəkdi. Yəni mesaj aydın idi: getmək istəmirəm, qalmaq istəyirəm.
Amma arxa planda başqa rəqəmlər gəzirdi. Konate daha yüksək maaş istəyirdi, Liverpool isə onu öz daxili maliyyə nizamını pozmadan saxlamaq niyyətində idi. Xətt məhz burada qırıldı. Kluba görə, bir müdafiəçi üçün bu qədər bahalı yenilənmə, xüsusilə də heyətdəki digər boşluqlar fonunda, artıq lüksə çevrilirdi.
Nəticə: bu gün danışıqlar dayanıb. Konate, Andy Robertson və Mohamed Salah-dan sonra bu yay Anfield-i pulsuz tərk edən növbəti böyük ad olmağa hazırlaşır.
Mərkəzdə boşalan dayaqlar
Liverpool üçün bu, təkcə bir oyunçunun gedişi deyil. Komandanın onurğa sütunu ard-arda dağılır.
Keçən il Trent Alexander-Arnold da müqaviləsinin bitməsinə bir ay qalmış Real Madrid-ə getmişdi. İspan klubu onu Klub Dünya Çempionatına aparmaq üçün erkən azadlığına görə pul ödəmişdi. İndi isə daha sərt ssenari: nə transfer haqqı, nə də son vidalaşma.
Kapitan Virgil van Dijk-in müqaviləsi gələn yay başa çatır. Klub ötən sentyabrda Marc Guehi-ni də son günə qədər istədi, amma ala bilmədi; ingilis müdafiəçi yanvarda Manchester City-yə keçdi. İndi Liverpool-un mərkəz müdafiə xəttinə baxanda, rəqəmlər dolu, amma təcrübə tərəzisi təhlükəli şəkildə bir tərəfə əyilib.
Giovanni Leoni ötən yay gətirildi, bu yay isə 60 milyon funt dəyərində Jeremy Jacquet heyətə qoşulur. Kağız üzərində dərinlik var. Amma reallıq fərqlidir.
Van Dijk, 34 yaşında, bu müdafiə xəttinin yeganə həqiqi lideri olaraq qalır. Yanında Joe Gomez, 29 yaşında, illərdir komandanın içindədir, amma yenə də Van Dijk səviyyəsində meydan içi hakimiyyətə sahib deyil. Onların arxasında isə hələ tam formalaşmamış gənclər dayanır.
Jacquet ötən mövsüm Rennes forması ilə 21 oyuna çıxdı, amma çiyin zədəsinə görə son dörd ayı buraxdı. İyulda 21 yaşına çatacaq fransızdan dərhal “hazır lider” rolu gözləmək risklidir. Leoni isə daha da çətin vəziyyətdədir: Parma-dan 26 milyon funt + bonuslarla gətirildikdən cəmi bir ay sonra ön çarpaz bağını qoparıb və bir illik fasiləyə məhkum olub.
Belə bir mənzərədə Konate-nin gedişi sadəcə bir itki deyil, mərkəzdəki sabitliyin daha da sarsılması deməkdir.
Klubun prioritetləri dəyişib
Liverpool-un daxilində hesab edirlər ki, resurslar başqa yerlərə yönəlməlidir. Salah-ın yerini doldurmaq, Hugo Ekitike zədələndikdən sonra hücum xəttində yaranan boşluğu bağlamaq – bunlar indi masa üzərində birinci mövzulardır. Mərkəzdə Konate üçün bahalı yenilənmə bu siyahıda yuxarılara qalxmadı.
Klubun baxışı aydındır: heç bir fərdi müqavilə maliyyə balansını pozmamalı, heyət daxilində maaş nərdivanını alt-üst etməməlidir. Bu prinsipə görə də Konate ilə ortaq nöqtə tapılmadı.
Bu qərar fransalı müdafiəçini çətin vəziyyətdə qoyur. O, açıq şəkildə qalmaq istədiyini deyirdi, amma daha çox qazanmaq istəyirdi. Liverpool isə onu bu şərtlərlə saxlamaq niyyətində deyildi. Beləliklə, sevdiyini dediyi klubdan, kariyerasının ən məhsuldar dövründə, pulsuz gedir.
Dünya bazarına pulsuz hədiyyə
27 yaşında, yüksək səviyyədə oyun təcrübəsi, beynəlxalq səviyyədə tanınan profil – belə bir mərkəz müdafiəçisinin pulsuz bazara çıxması dünyanın böyük klublarının diqqətini qaçırmayacaq. İndidən bir çoxlarının gözünün işıqlandığını təsəvvür etmək çətin deyil.
Hara gedəcəyi hələ bəlli deyil. Möhtəmələn, qərar böyük turnirdən sonra veriləcək. Amma bir şey dəqiqdir: növbəti klubu onun üçün yaxşı maaş paketi hazırlamalı olacaq. Bu, Liverpool-dan ayrılığın da əsas səbəbi idi – istəklər və dəyərləndirmə kəsişmə nöqtəsi tapmadı.
Liverpool isə bu vəziyyətdə nə qazanır? Heç nə. Nə transfer haqqı, nə də real əvəzləyici. Sadəcə, daha bir təcrübəli oyunçu itirir və Arne Slot-un işini bir az da çətinləşdirir.
Səssiz çıxış, ağır suallar
Slot son aylarda Konate-ni “həyati” adlandırır, klubun da onu saxlamaq istədiyini açıq şəkildə deyirdi. Amma indi hər şey tərsinə dönüb. Konate, Salah və Robertson kimi Anfield-də vidalaşma mərasimi, böyük alqışlar, emosional çıxışlar olmadan, arxa qapıdan çıxıb gedə bilər.
Bu, hər iki tərəf üçün uğursuzluq kimi görünür. Liverpool üçün – çünki daha bir əsas oyunçu pulsuz itirildi və bu, ötən yaydan həll edilməli olan bir məsələ idi. Ən gec yanvar pəncərəsində satılmalı, klub az da olsa gəlir əldə etməli idi. Konate üçün – çünki qalmaq istədiyi yerdən, istədiyi maaşa görə, məcburən ayrılır.
Liverpool-un “unudulası mövsümü” ötən həftə rəsmi olaraq bitsə də, Arne Slot və komanda üçün problemlər yeni başlayır. İndi sual təkcə budur: bu müdafiə xətti, Van Dijk-in son illərində, daha nə qədər itkiyə dözə bilər?




