Caspian Sport

Inter Federico Dimarco ilə müqaviləni uzatmağa çalışır

Transfer pəncərəsinin son günlərində Barcelona-nın qəfil hücumu Inter rəhbərliyini silkələdi. Katalon klubunun Federico Dimarco üçün atdığı addımlar San Siro-da siqnal kimi qəbul olundu və indi milanlılar sol cinah müdafiəçisini uzun müddətə bağlamağa çalışırlar – hədəf: 2030-cu ilə qədər yeni müqavilə.

İspaniyanın “Sport” nəşri xəbər vermişdi ki, yay pəncərəsinin sonuna yaxın Dimarco Barcelona ilə əlaqələndirilən adlar arasında yer alıb. Hətta iki klub arasında sol cinah müdafiəçilərinin – Dimarco və Alejandro Balde – mümkün dəyişdirilməsi ilə bağlı ilkin danışıq belə aparılıb. Amma bu cəhd kağız üzərində qaldı, konkret addım atılmadı.

Məhz bu maraqdan sonra Inter hərəkətə keçdi. “La Gazzetta dello Sport” yazır ki, klub artıq Dimarco ilə müqavilənin 2030-cu ilə qədər uzadılması istiqamətində təzyiqi artırıb.

Hazırda 28 yaşlı müdafiəçinin Inter ilə müqaviləsi 2027-ci ilə qədərdir və daha bir il uzatma opsiyası mövcuddur. Yayda həmin opsiyanın işə salınmaması futbolçunun özünü də təəccübləndirmişdi. O, yaxınlarda etiraf etmişdi: “Keçən mövsüm etdiklərimdən sonra klubun mənə zəng edib danışacağını gözləyirdim”. Bu cümlə həm məyusluğu, həm də gözləntini açıq göstərdi.

Madrid görüşü oyunu dəyişdi

Dönüş nöqtəsi Madrid oldu. İtaliya mətbuatının məlumatına görə, Real ilə Çempionlar Liqasındakı qarşılaşmadan əvvəl paytaxtda vacib görüş keçirilib. Interin yeni idman direktoru Dario Baccin orada futbolçunun meneceri Arturo Canales ilə üz-üzə oturub. Bu söhbət danışıqlara real sürət verməlidir.

Müzakirələrin əsası Dimarco-nun hazırkı maaşıdır – ildə xalis 4 milyon avro. Rəqəm az deyil, amma bu gün o, mövqeyində dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri kimi dəyərləndirilir və Inter də bunu yaxşı bilir.

Katalonlar isə kənardan sakitcə baxmır. Barcelona hazırda heyətində yalnız bir təbii sol cinah müdafiəçisinə – Alejandro Balde-yə malikdir və o, Hansi Flick-in yaxın planlarında əsas fiqur kimi görünmür. Bu boşluq Dimarco-nu onlar üçün daha da cəlbedici edir: həm keyfiyyəti, həm də kariyerasının artıq formalaşmış, yetkin mərhələyə çatması səbəbindən.

İndi top Interin meydanındadır. Klub ya Dimarco-nu illərə hesablanan yeni layihənin mərkəzinə qoyacaq, ya da bu yay sarsıntısı gələcəkdə daha sərt təkliflərin xəbərçisi olacaq.