Caspian Sport

Inter – Napoli: Tarix Qapıda

Inter bu həftə sonu yalnız üç xal üçün oynamır. Milan klubu Napoli ilə duelində Serie A salnaməsinə adını bir az da dərin yazmaq imkanı qazanır.

Son 16 çempionat görüşünün hamısında Napoli qapısından yol tapan Inter, indi unikal seriyanı davam etdirməyə yaxındır. Opta məlumatına görə, tarixdə heç bir komanda Napoli ilə ardıcıl 17 oyunda qol vurmayıb. Yəni bu qarşılaşmada tək bir qol belə milanlılara liqa tarixində misilsiz rekord qazandıracaq.

Qələbə başqa bir sərhədi də aşar: Inter mövsümə üç ardıcıl qələbə ilə startı 2023-2024 kampaniyasından bəri ilk dəfə təkrarlaya bilər.

Bu oyunun fərdi hekayəsi isə açıq-aşkar Hakan Çalhanoğlunun ətrafında fırlanır. Türkiyəli yarımmüdafiəçi ilk iki turda da qol vurub. Daha bir dəfə fərqlənsə, Inter tarixində mövsümə ilk üç oyunun hamısında qolla başlayan ilk yarımmüdafiəçi kimi klubun rekord kitabına düşəcək.

Napoli isə bu dueldə yalnız müdafiə olunmağa gəlmir. Cənub təmsilçisi Inter-ə qarşı son beş liqa oyununda uduzmayıb: bir qələbə, dörd heç-heçə. Onlar bu rəqibə qarşı altı ardıcıl məğlubiyyətsiz matçlıq seriyanı yalnız 2013–2015-ci illərdə görmüşdülər. İndi o zolağı təkrarlamaq üçün növbəti şans gəlir.

Ümumi balansda üstünlük yenə də Inter tərəfindədir: 70 qələbə, 48 məğlubiyyət, 42 heç-heçə. Qollar da təsirli – bu rəqabətdə 229 dəfə fərqləniblər ki, Serie A-da Napoli-yə qarşı daha çox qol vuran yalnız Juventus-dur.

Roma – Atalanta: qol tufanı ilə divar kimi rəqib toqquşur

Roma mövsümə verdiyi startla sanki bəyanat oxuyur. Ardıcıl iki turda 4:0-lıq qələbələr – belə başlanğıcı liqa tarixində yalnız üç komanda görüb: ilk iki oyunda ən azı səkkiz qol, qapıda isə sıfır.

Qeydlər isə daha cazibədar bir hədəf göstərir. 1983–1984 mövsümündə Juventus ilk üç turda qapısından qol buraxmadan doqquz və ya daha çox dəfə rəqib torunu silkələyən son komanda olub. Roma indi eyni səviyyəyə qalxmaq üçün cəmi bir addım məsafəsindədir – üçüncü oyunda da qələbə və “quru” hesab kifayət edər.

Ancaq qarşıda Atalanta dayanıb. Və bu rəqib Roma üçün illərdir əsl “qara pişik”ə çevrilib. Bergamo təmsilçisi paytaxt klubuna qarşı son səkkiz liqa oyununda uduzmayıb: altı qələbə, iki heç-heçə. Bu, bu cütlüyün tarixində ən uzun məğlubiyyətsiz seriyadır.

“Stadio Olimpico” da Romaya gözlənilən sığınacaq vermir. Son 12 ev matçında Roma Atalanta-ya cəmi bir dəfə qalib gəlib, altı heç-heçə, beş məğlubiyyət. Statistikaya baxanda, meydan sahibi statusu bu cütlükdə üstünlük yox, yalnız təzyiq artıran detal kimi görünür.

Atalanta özü də tarix qovalayır. Əgər Romadan da üç xal alsalar, 2020–2021 kampaniyasından bəri ilk dəfə mövsümə üç ardıcıl qələbə ilə başlayacaqlar.

Fərdi səhnədə diqqətlərdən qaçmayan ad Donyell Malen-dir. Hollandiya hücumçusu Serie A-dakı ilk 20 oyununda 19 qol vurub. Bu mərhələdə ondan yaxşı göstəriciyə yalnız iki əfsanə – Gunnar Nordahl və José Altafini – sahib olub: hər ikisi ilk 20 oyunda 20 qol.

Lazar Samardzic də öz seriyasını daşıyır. O, ardıcıl altı Serie A mövsümündə qol vurmağı bacarıb. Roma qarşısında məhsuldar ötürmə verə bilsə, 2004–2005-dən bəri həm qol, həm assistlə altı fərqli mövsümdə iz qoyan ən gənc oyunçu kimi qeyd olunacaq.

Juventus – Milan: sükutun sınacağı an?

Turun digər böyük qarşılaşmalarından biri isə tam başqa ton daşıyır. Juventus – Milan dueli son illərdə daha çox səssizliklə xatırlanır. Son beş görüşdən dördü 0:0 bitib, o cümlədən son iki oyun. Bu cütlük tarixində ardıcıl üç qolsuz heç-heçə hələ olmayıb. Üstəlik, 1973–1974 illərindəki dörd oyunluq heç-heçə seriyasından bəri bu qədər uzun bərabərlik zolağı da qeydə alınmayıb.

Bu sükutun memarı kimi Juventus müdafiəsi ön plana çıxır. Turin klubu Milan-a qarşı son altı liqa oyununda qapısını toxunulmaz saxlayıb. Rossoneri tarixində heç bir rəqibə qarşı bu qədər uzun qol həsrəti çəkməyib.

Mövsümə də Juventus eyni xəttlə başlayıb: 1:0 və 2:0-lıq qələbələr. İndi isə ardıcıl üçüncü oyunda da qapısını toxunulmaz saxlama şansı var. Son on mövsümdə bunu yalnız bir dəfə bacarıblar.

Milan isə fərqli hədəflə meydana çıxır. Onlar son yeddi mövsümdə dördüncü dəfə mövsümə üç ardıcıl qələbə ilə start vermək fürsəti qazanıblar. Yəni yalnız müdafiə yox, ambisiyalar da toqquşacaq.

Bu fonun içində bir oyunçu da öz meydanını gözləyir: Nico Gonzalez. O, Milan-a qarşı son dörd ev oyununda üç qol epizodunda iştirak edib – bir dəfə özü vurub, iki qola ötürmə verib. Statistikaya görə, bu rəqibə qarşı evdə özünü rahat hiss edən nadir adlardan biridir.

Lazio – Udinese: tarixi starta son addım

Lazio mövsümə başladığı temp ilə öz tarixini yenidən yazır. İki oyun, iki qələbə, hər ikisi iki fərqlə, hər ikisində qapı toxunulmaz. Klub belə startı heç vaxt yaşamamışdı.

İndi isə daha böyük hədəf var: ardıcıl üçüncü qələbə. Bu, Lazio üçün yalnız iki dəfə baş verib – 1974–1975 və 2012–2013 mövsümlərində.

Amma qarşıda asan rəqib yoxdur. Udinese son on qarşılaşmanın səkkizində Lazio-ya uduzmayıb. Bu komandaya qarşı son illərdə ciddi müqavimət formalaşdırıblar.

Roma təmsilçisini narahat edən başqa detal da var: Udinese bu stadiona gəlməyi sevir. Son 13 səfərin 12-də məğlub olmayıb – səkkiz qələbə, dörd heç-heçə. Yəni Lazio üçün tarixi startla yanaşı, psixoloji baryeri də aşmaq məqamıdır.

Genoa – Como: Dovikas-ın hədəfində Osimhen izi

Genoa – Como duelində diqqətlərdən yayınmayan bir fərdi seriya var. Tsous Dovikas səfərdə ardıcıl beş Serie A oyununda qol vurub. Bu temp onu bir başqa tanış ada yaxınlaşdırır.

Bir qol da vursa, o, Victor Osimhen-in 2023-cü ildə yazdığı seriyəyə çata bilər. Nigeriyalı hücumçu o vaxt ardıcıl altı səfər matçında fərqlənmişdi. İndi isə bu izi bərabərləşdirmək şansı Dovikas-ın ayaqlarındadır.

Bu turda rəqəmlər, rekordlar və tarix səhifələri bir-birinə qarışır. Sual təkdir: bu həftə sonu kim adını yalnız turnir cədvəlinə yox, həm də Serie A salnaməsinə yazdıracaq?

Inter – Napoli: Tarix Qapıda