Caspian Sport

Ismaila Sarr: Manchester United'ın Yeni Hədəfi

“Manchester United” yay pəncərəsinə aydın planla girdi: cəbhə xəttinin hər yerində oynaya bilən, rəqib müdafiəni daim gərgin saxlayan hücumçu tapmaq. Klub daxilində həmin profilə ən uyğun adlardan biri artıq seçilib – “Crystal Palace”ın parlayan ulduzu Ismaila Sarr.

Bu maraq təsadüfi deyil. Seneqal millisinin üzvü karyerasının ən parlaq mövsümünü arxada qoyub. “Crystal Palace”la tarixi UEFA Conference League zəfəri, turnirdə 9 qol, mövsümün futbolçusu mükafatı. Üstəlik, Premyer Liqada 9 qol, bütün turnirlərdə ümumilikdə 20 dəfə fərqlənmə. Bu rəqəmlər “Old Trafford” skautlarının masasına sadəcə bir cədvəl kimi yox, ciddi siqnal kimi düşüb.

Sarr – profilə tam uyğun futbolçu

Məlumata görə, “Manchester United” artıq Sarrın nümayəndələri ilə ilkin təmas qurub, marağını rəsmiləşdirib və onun vəziyyəti ilə bağlı daha detallı bilgi toplayır. Klub daxilində 28 yaşlı hücumçu çoxdan radar altındadır – hətta dünya çempionatından əvvəl.

Dünya çempionatı isə bu marağı başqa səviyyəyə qaldırdı. Sarr və Seneqal Belçikaya qarşı 2:0 hesablı üstünlüyü son 5 dəqiqədə əldən verib turnirlə vidalaşsalar da, hücumçu özü üçün turniri yüksək notla başa vurdu: 4 qol, 1 məhsuldar ötürmə və böyük səhnədə tam formalaşmış lider obrazı.

“United” üçün ən vacib məqam isə başqa idi. Sarr dünya çempionatında yalnız cinahda yox, mərkəz hücumçusu kimi də oynadı və bu rolun da öhdəsindən gəldiyini göstərdi. Məhz bu çoxşaxəlilik INEOS rəhbərliyinin marağını daha da gücləndirib. Aydın olan tək şey var: bu transfer ucuz başa gəlməyəcək.

Zirkzee gedir, Rashford sual altında, hücuma yenidən quruculuq

“United” yay planlarında ən azı iki yeni yarımmüdafiəçi transferini prioritet sayır. Ancaq klub paralel olaraq bir neçə mövqedə oynaya bilən hücumçu üçün də ciddi şəkildə çalışır. Bu strategiyanı diktə edən reallıqdır.

Joshua Zirkzee-nin yayda klubdan ayrılması gözlənilir. Marcus Rashford-un gələcəyi isə hələ də dumanlıdır. Daxili sızmalara görə, onun üçün daimi transfer razılaşması tapılmasa, yenidən “Old Trafford”a qayıtması ssenarisi getdikcə daha real görünür. Amma klub rəhbərliyinin açıq üstünlüyü – onun üçün uyğun alıcı tapmaq və yolları ayırmaqdır.

Bu qeyri-müəyyənlik fonunda hücum xəttinin yenilənməsi qaçılmazdır. Crysencio Summerville də siyahıda var, “West Ham United”in cinah oyunçusu dünya çempionatındakı çıxışı ilə “United” skautlarının diqqətini cəlb edib. Amma indi kulis arxasında səslənən fikirlərə görə, Sarr bu siyahıda bir pillə önə çıxıb.

“Crystal Palace”ın əlində güclü kartlar

Burada “Manchester United”i çətin hissə gözləyir. Sarr yalnız 2024-cü ildə “Crystal Palace”a qoşulub və transfer məbləği 15 milyon funtdan aşağı olub. İndi isə vəziyyət tam fərqlidir.

London klubu üçün bu, həm idman, həm də maliyyə baxımından strateji aktivdir. Məlumata görə, “Palace” artıq indi həmin sərmayəni ən azı üç dəfə artırmadan danışıqlara başlamağa belə həvəsli deyil. Sarrın müqaviləsinin bitməsinə hələ üç il qalması da onların mövqeyini daha da möhkəmləndirir.

Yeni baş məşqçi Pierre Sage üçün də bu, ilk böyük sınaqlardan biri ola bilər. Dünya çempionatından sonra ulduz statusunu möhkəmləndirən, klubun hücumda əsas simasına çevrilən futbolçunu itirmək – bu, idman baxımından ciddi zərbə olardı. “Palace”in bu yay təklifləri dinləməyə hazır olub-olmayacağı hələ açıq sualdır. Amma Sage-in öz ulduzunu qorumaq istəyəcəyi demək olar ki, şübhə doğurmur.

“Juventus” kölgədə gözləyir

Sarr ətrafında dairə təkcə “Manchester United”lə məhdudlaşmır. İtaliyanın nəhəngi “Juventus” da mövsüm boyu onun inkişafını yaxından izləyib və hazırda vəziyyəti monitorinqdə saxlayır. Bu, “Palace” üçün danışıqlarda əlavə təzyiq vasitəsi, Sarr üçün isə seçim şansının artması deməkdir.

Belə şəraitdə qiymətin daha da yüksəlməsi ehtimalı böyükdür. Xüsusilə də Premyer Liqa klubunun, üstəlik, “Old Trafford”un qapını döydüyü halda.

Ratcliffe-in sərt xətti və keçmişdə qaçan fürsət

“Manchester United” bu dəfə əvvəlki illərin sərsəm xərcləmə modelindən uzaq durmağa çalışır. Klubun maliyyə siyasəti indi Sir Jim Ratcliffe-in nəzarətindədir və o, həm transfer haqlarında, həm də maaş büdcəsində sərt nizam-intizam tələb edir.

Bu kursun artıq bir “yan təsiri” də olub: klub Mateus Fernandes transferini məhz maliyyə şərtlərinə görə əldən verib. Təklif edilən paket rəqiblərin səviyyəsinə çatmayıb və potensial transfer reallaşmayıb.

Sarr üçün danışıqlarda eyni ssenari təkrarlanacaqmı? Yoxsa “United” illərdir axtardığı çoxfunksiyalı hücumçunu tapdığını düşünərək, bu dəfə sərhədləri bir az da zorlayacaq?

Cavab, böyük ehtimalla, “Old Trafford”un yeni dövrünün konturlarını müəyyənləşdirəcək.