Caspian Sport

Jamie Vardy: 40 Yaşına Doğru Yeni Fəsil

Jamie Vardy 2026-cı ilin yayında birdən-birə klubsuz qaldı. İtaliyadakı qısa “macəra” – Serie A-dan düşən Cremonese ilə yollarını ayırdı və bir mövsümlük “Italian job” uzaq xatirəyə çevrildi.

Adı dərhal müxtəlif klublarla hallandı. Bir müddət hamı eyni sualı verirdi: geri dönüş olacaqmı? Leicester üçün nostalji dolu ssenari çəkilirdi – ardıcıl iki mövsüm eniş, League One-a yuvarlanan “tülkülər” və şəhərin əfsanəsinin geri qayıdıb yenidən dirçəlişə rəhbərlik etməsi.

Bu dəfə emosiyalar kənara qoyuldu. Vardy tələsmədi. Doğru təklif üçün gözlədi.

Bir çoxları onu artıq “Welcome to Wrexham” serialının növbəti ulduzu kimi görürdü. Racecourse Ground, Hollivud sahibkarları, kameralara uyğun xarakter – hər şey ssenariyə otururdu.

Ancaq son söz Burnley-dən gəldi. İnvestorları arasında NFL əfsanəsi JJ Watt-ın da olduğu klub 12 aylıq müqavilə qoydu masaya. Vardy indi Championship-də Reynolds və Rob McElhenney-in Wrexham-ına qarşı oynamağa hazırlaşır.

Wrexham söhbətləri, Everton arzusu

Leicester-də onunla çiyin-çiyinə oynamış Danny Simpson, Free Bets vasitəsilə danışarkən, Wrexham variantının tamamilə havadan götürülmədiyini təsdiqlədi. GOAL-a açıqlamasında belə dedi: “Düşünürəm ki, orda nəsə var idi. Bir neçə şey həqiqətən vardı. Onunla danışmışdım”.

Sonra isə öz “xəyal transfer”ini açdı: “Bilirsiniz, mən nə istəyirdim? Artıq baş verməyib, amma mən onu Everton-da görmək istərdim. Hücumçuya ehtiyacın var, oyunda 20 dəqiqə qalıb, [Thierno] Barry üçün oyuna girir. Alınmadı. Sadəcə mənim fikrim idi”.

Simpson üçün Vardy hələ də köhnə Vardy-dir: “Hələ də fitdir, hələ də iti, hələ də sənə qollar qazandıracaq. Çəkisi, bədəni – üzərində heç nə yoxdur. Ümid edirəm, daha çox oyun şansı alar, qollar vurmağa başlayar, çünki bu Jamie Vardy-dir. Onun həmişə başqa bir hekayəsi, başqa bir fəslı olur”.

40 yaşa doğru – elit kluba daxil olan hücumçu

Burnley ilə imzalanan müqavilə Vardy-ni önəmli bir tarixdən də o yana aparacaq. 11 yanvarda 40 yaşını qeyd edəcək. Bu yaşda yüksək səviyyədə oynayan oyunçular siyahısına qoşulur – Cristiano Ronaldo, Luka Modric, Gianluigi Buffon, Zlatan Ibrahimovic kimi adlarla eyni sırada.

YouTube layihələri, Bundesliga oyunlarının yayımı – o, meydandan kənarda da yeni sahələrə açılır. Amma əsas sual hələ də meydandadır: nağılın davamı varmı?

Simpson inamlıdır: “Düşünürəm ki, onun içində hələ çox şey var”.

Onun fikrincə, hər şey idarəetmədən asılı olacaq: “Məsələ çərşənbə axşamı və şənbə oyunlarında necə idarə olunmasındadır. Leicester-də bunu edəndə, komandaya yüksəliş qazandıranda belə olmuşdu. 20-dən çox qol vurmuşdu. Özünə baxır, amma düzgün idarə olunmalıdır, xüsusən də Championship-də bu çox çətindir. Hər şey baş məşqçinin onu necə istifadə etməsindən asılıdır. Nə qədər ki, acdır – ki, o acdır – bir il də oynaya bilər”.

Simpson həm də Vardy-nin gələcəyi düşünməsini normal sayır: “O, gələcəyə baxır, öz kiçik işlərini qurur, bu da tamamilə doğrudur. Ümid edirəm ki, davam edər, çünki o [Leicester çempionluq] komandasında hələ oynayan az adam qalıb”.

Burnley üçün son ümid, Wrexham üçün itirilmiş fürsət?

Vardy-ni tanıyanlar üçün bir şey dəyişməyib: o, heç vaxt 100 faizdən az vermir. Burnley forması ilə hələlik cəmi bir dəfə – 25 dəqiqəlik ehtiyatdan meydana çıxıb. Amma tablo ağırdır: mövsümə bərbad start, qələbəsiz seriya və turnir cədvəlinin son pilləsi.

Wrexham üçün də asan deyil. Yeddi oyundan yeddi xal, ritm tapmaqda çətinlik, gözləntilərlə reallıq arasındakı uçurum.

Hər iki klub üçün qarşıdakı beynəlxalq fasilə bir növ nəfəs alma şansı kimi görünür. Reset düyməsi basılacaq, taktika dəftərləri yenidən açılacaq.

Sualla bitirək: 40 yaşa bir neçə ay qalmış Jamie Vardy daha bir nağıl yazacaq, yoxsa bu dəfə hekayə onun yox, Burnley və Wrexham-ın acı reallığına çevriləcək?