Jed York-un Ohayoda həbs olunması: Leeds və Rangers-in şərik sahibi
Leeds United və Rangers-in şərik sahibi, eyni zamanda San Francisco 49ers-in əsas sahibi olan 46 yaşlı Jed York Ohayoda fahişəlik təklifi ilə bağlı saxlanıldıqdan sonra həbs cəzası alıb.
Məhkəmə onu iki maddə üzrə – xuliqanlıq (disorderly conduct) və cinayət alətlərinə sahib olma – günahkar sayıb. York hər iki ittihama görə “no contest” bəyanatı verib, yəni Ohayo qanunvericiliyinə görə rəsmi şəkildə günahını etiraf etmədən hökmü qəbul edib.
Hakim ona hər bir maddə üzrə bir günlük həbs cəzası kəsib. Cəzalar paralel tətbiq edilib və York artıq həbsdə keçirdiyi müddətə görə kredit alıb. Yəni əlavə olaraq həbsdə qalmalı olmayacaq.
İş East Palestine Polis Departamenti tərəfindən qaldırılıb və bu həftənin əvvəlində Columbiana County Municipal Court-da rəsmən qeydiyyata alınıb. Elə həmin gün keçirilən ilkin dinləmədə York “no contest” bəyanatı verib və dərhal günahkar bilinib.
Məhkəmə sənədlərində həmin gün verilən məhkəmə arxivinin bağlanması (expungement) müraciətinin də qeyd olunduğu görünür. Bu cür müraciət qəbul olunsaydı, iş üzrə materiallar məhv edilə və ya gizlədilə, ictimaiyyət üçün əlçatan olmazdı. Hakim bu istəyini rədd edib.
ABŞ mediasının əldə etdiyi digər sənədlərə görə, York Ohayoda İnsan Alveri üzrə İşçi Qrupu tərəfindən aparılan gizli əməliyyat zamanı “prostitution” saytı üzərindən yerləşdirilmiş elanlara cavab verib. Sənədlərdə yazılır ki, o, gizli əməkdaş kimi çıxış edən qadınla 140 dollar (təxminən 103 funt sterlinq) müqabilində cinsi əlaqə barədə razılaşıb.
İlkin ittiham daha ağır maddə üzrə idi. Razılaşma nəticəsində bu, xuliqanlıq və cinayət alətlərinə sahib olma ilə əvəzlənib. Cinayət aləti kimi isə elana cavab vermək üçün istifadə olunan telefonun nəzərdə tutulduğu qeyd olunur.
Bu qalmaqal York-un Avropadakı futbol maraqlarına da kölgə salıb. 49ers Enterprises vasitəsilə o, Rangers-in şərik sahibidir, lakin klubun gündəlik idarəçiliyində birbaşa rol oynamır. 49ers Enterprises həm də Leeds United-də pay sahibidir.
Həm Rangers, həm də Leeds məsələ ilə bağlı şərh verməyəcəklərini açıqlayıblar. San Francisco 49ers-dən də qısa, sərt tonlu açıqlama gəlib: bu, artıq hüquqi baxımdan həll olunmuş məsələ sayıldığı üçün əlavə şərh verilməyəcək.
York-un Rangers-dəki rolu 49ers Enterprises-in şotland klubuna gəlişi ilə rəsmiləşmişdi. ABŞ biznesmeni Andrew Cavenagh-ın rəhbərlik etdiyi konsorsiumla birlikdə 49ers Enterprises ötən il Rangers-in 51 faizini alaraq klubun nəzarət paketini ələ keçirmişdi.
İndi isə diqqət təkcə meydandakı nəticələrə deyil, idarəetmə səviyyəsindəki bu cür qalmaqalların klubların imicinə necə təsir edəcəyinə yönələcək.




