Jeff Bezos Anfield-də: Liverpool üçün yeni dövr başlayır
Jeff Bezos Liverpool-un səhmdarı olmağa hazırlaşır. Dünyanın ən varlı iş adamlarından birinin adı bu dəfə texnologiya yox, “Anfield”lə yanaşı çəkilir və anlaşmanın bu həftə elan oluna biləcəyi bildirilir.
Söhbət təkcə Bezosdan getmir. O, iş adamı Amit Bhatia-nın rəhbərlik etdiyi konsorsiumun bir hissəsidir. Bu qrupun içində daha bir nəhəng var – Facebook-un həmtəsisçisi Eduardo Saverin. Plan belədir: konsorsium “Liverpool”da 30 faizdən bir qədər artıq pay alır və klubun dəyəri təxminən 6 milyard dollar səviyyəsində qiymətləndirilir.
Bu, futbol bazarı üçün nəhəng rəqəmdir.
FSG üçün yeni mərhələ
Fenway Sports Group 2010-cu ildə, klub maliyyə böhranı ilə boğuşarkən “Liverpool”u təxminən 300 milyon funt sterlinqə almışdı. O vaxtdan bəri “Anfield”də çox şey dəyişdi: altıncı Çempionlar Liqası kuboku, iki Premyer Liqa çempionluğu, yenilənmiş stadion, güclənən brend.
İndi isə FSG yeni kapitalla “strateji azlıq payı” modeli ilə irəliləyir. Sky News-in məlumatına görə, qrup artıq bu razılaşmanı açıqlamağa hazırlaşır. Rəsmi olaraq nəzarət FSG-də qalır, amma tablo aydındır: kluba üç fövqəlnəhəng sərvət sahibi daxil olur.
Bezosun sərvəti 280 milyard dollardan çox qiymətləndirilir. Saverin-in varidatı isə 32 milyard dollardan artıq göstərilir. Bhatia – hindistanlı polad maqnatı Lakshmi Mittal-in kürəkəni – əvvəllər Championship təmsilçisi Queens Park Rangers-in səhmdarı olub. Yəni futbola və idman biznesinə yad deyil.
Bu qədər maliyyə gücünün eyni anda “Anfield” qapısından içəri girməsi təsadüfi epizod kimi görünmür.
Azlıq payı – yoxsa gələcəkdə tam nəzarət?
Rəsmi çərçivə sadədir: bu, azlıq investisiyasıdır. FSG satmır, şərik götürür. Amma suallar özünü çox gözlətmir.
Bu qədər imkanlı investor kluba yalnız sakit, passiv pay sahibi olmaq üçün gəlir? Yoxsa bu, uzunmüddətli planın ilk addımıdır?
“Liverpool”un uzunmüddətli sahiblik strukturu indi daha çox müzakirə olunacaq. Bezos, Saverin və Bhatia kimi adların iştirakı, təbii ki, gələcəkdə daha böyük nəzarət ehtimalını gündəmə gətirəcək. İndiki mərhələdə bu, sadəcə şayiədir, amma futbol iqtisadiyyatının son illərdəki trayektoriyası göstərir ki, belə konsorsiumlar çox vaxt zamanla təsir dairəsini genişləndirir.
Qlobal güc oyunu
FSG artıq uzun müddətdir ki, öz portfelini geniş idman imperiyasına çevirib: Boston Red Sox, Pittsburgh Penguins və indi də daha da gücləndirilmiş “Liverpool”. Keçən ay qrup rəsmi şəkildə təsdiqləmişdi ki, Amit Bhatia-nın konsorsiumu kluba strateji azlıq investisiyası etməkdə maraqlıdır. İndi isə o maraq real razılaşmaya çevrilmək üzrədir.
Bu əməliyyat başa çatsa, “Liverpool” futbol tarixindəki ən böyük dəyərlemələrdən birinə imza atacaq. 2010-cu ildəki 300 milyon funtluq alışdan 6 milyard dollarlıq qiymətləndirməyə – on altı il ərzində inanılmaz sıçrayış.
Sual indi budur: bu nəhəng kapital “Anfield”də hansı futbol layihəsinə çevriləcək? Transfer bazarında daha aqressiv “Liverpool”, yoxsa maliyyə cəhətdən daha çevik, amma yenə də öz modelinə sadiq qalan klub?
Cavab, çox güman ki, tezliklə Bezos və tərəfdaşlarının adları ilə birlikdə açıqlanacaq yeni dövrün içində gizlənir.




