Caspian Sport

Jeff Bezos Liverpool-da tarixi ortaqıq satışı

Fenway Sports Group (FSG) “Liverpool”da azlıq payını satdığını rəsmən təsdiqlədi və bu dəfə alıcıların sırasında dünyanın ən varlı iş adamlarından biri – Amazon-un qurucusu Jeff Bezos var.

Bu, həm “Anfield” üçün, həm də Bezos üçün yeni mərhələdir. O, illərlə Şimali Amerikada müxtəlif idman layihələri ilə əlaqələndirilsə də, real addımı məhz “Liverpool”la atdı.

Təxminən üçdəbir – amma dəqiq rəqəm gizli saxlanılır

Satılan payın dəqiq həcmi açıqlanmayıb. Lakin prosesə yaxın mənbələr payın təxminən 30 faizdən klubun üçdəbirinə qədər olduğu qənaətindədir. Məlumatların gizli saxlanılması səbəbindən bu rəqəmlər rəsmi təsdiq olunmur, amma miqyasın nə qədər böyük olduğu aydındır.

Bezos kluba birbaşa deyil, K5 Sports fondu vasitəsilə daxil olur. Razılaşmanın önündə isə başqa bir ad dayanır – 1892 Holdings konsorsiumunu idarə edən Amit Bhatia. Onunla birlikdə Facebook-un həmtəsisçisi Eduardo Saverin və həyat yoldaşı Elaine Saverin-in ailə ofisi də bu sərmayənin içindədir.

Yeni qurulan güc xəritəsi belədir: Bhatia “Liverpool”un vitse-prezidenti postunu tutur, klubun idarə heyətinə isə o, Elaine Saverin və K5 Sports-dan Bryan Baum daxil olur. Bezos-un özü isə idarə heyətində yer almayacaq.

Bu, 2023-cü ilin sentyabrında Dynasty Equity-nin təxminən 200 milyon dollara 3 faizlik pay alımından sonra “Liverpool”da ilk xarici azlıq sərmayəsidir.

FSG nəzarəti əldən vermir

Rəsmi açıqlamaya görə, FSG kluba çoxluq nəzarətini və operativ idarəçiliyi tam saxlayır. Prosesə bələd mənbələr də deyir ki, rəhbərlikdə və gündəlik idarəetmədə heç bir struktur dəyişikliyi gözlənilmir.

FSG prezidenti Mike Gordon bunu belə əsaslandırır: “Liverpool” hər zaman bir mövsümdən o tərəfə baxmaqla, klubun uzunmüddətli maraqlarını önə çəkərək qurulub. Məhz bu yanaşma dünyanın hər yerindən hörmətli investorları və biznes liderlərini cəlb edir. Biz bu imkanı dəyərləndirərkən gördük ki, Amit və konsorsium klubun uzunmüddətli fəlsəfəsini və “Liverpool”u xüsusi edən dəyərləri bölüşür”.

Bhatia isə 1892 Holdings adından danışaraq, FSG ilə çiyin-çiyinə “Liverpool”a sərmayə qoymağın onlar üçün “böyük imtiyaz” olduğunu vurğulayır və bu addımı klubun rəhbərliyinə və gələcəyinə dərin inamla izah edir.

Azarkeşlər üçün vacib xəbər: bu yay transfer büdcəsi dəyişmir

Pul söhbəti açılan kimi ilk sual budur: transferlərə nə olacaq?

Cavab sərtdir. Heç nə. Heç olmasa, dərhal yox.

Mənbələr bildirir ki, bu yay üçün əvvəlcədən müəyyənləşdirilmiş transfer strategiyası dəyişməyəcək, əlavə “ani” büdcə açılmayacaq. Kluba daxil olan sərmayə daha çox uzunmüddətli güclənmə, qlobal şəbəkənin genişlənməsi və kommersiya imkanlarının artması üçün nəzərdə tutulub.

Yəni, azarkeşlər üçün bu razılaşma bu gün-sabah böyük transfer “bombası” demək deyil. Amma sabahdan sonrasını dəyişə bilər.

Qlobal səhnə: Asiya qapıları və texnologiya nəhəngləri

FSG iddia edir ki, bu razılaşma sırf maliyyə dəstəyi axtarışının nəticəsi deyil. Onlar, daha çox, öz qlobal əməliyyatlarını gücləndirəcək strateji tərəfdaşlıq görüb bu addımı atıblar.

Burada əsas fiqurlardan biri məhz Bhatia olacaq. Onun Asiya bazarlarında qurduğu əlaqələr, Saverin və Bezos kimi texnologiya və investisiya nəhənglərinin şəbəkəsi “Liverpool” brendini daha da geniş coğrafiyaya daşıya bilər.

FSG yenə də “ağır yükü” özü çəkəcək. Çoxluq pay onlardadır, qərar mexanizmi də elə.

Bhatia-nın gündəlik qərarlara nə qədər təsir göstərəcəyi isə hələ tam aydın deyil. Əgər o, kölgədə qalmağı seçsə, bu da FSG-nin niyə məhz bu konsorsiumla razılaşdığına cavab ola bilər. “Liverpool”un sahibləri illərdir çox sayda sərmayə təklifləri alır, amma nəzarəti paylaşmaqda son dərəcə seçici davranırlar.

Bir həqiqət isə dəyişməz qalır: klubun təxminən üçdəbirini satıb həm nəzarəti qorumaq, həm də böyük mənfəət götürmək – Premyer Liqa tarixinin ən uğurlu biznes gedişlərindən biri kimi yadda qala bilər.

Kim kimdir? Bezos, Saverin, Bhatia

Jeff Bezos – Amazon-un qurucusu, “The Washington Post”un sahibi, Blue Origin-in yaradıcısı. Forbes-in “Real Time Net Worth” siyahısına görə, dünyanın üçüncü ən varlı adamı. Təxminən 272,1 milyard dollarlıq sərvətlə.

Eduardo Saverin – Facebook-un həmtəsisçisi. Braziliyada doğulub, ailəsi 1993-cü ildə ABŞ-a köçüb. 2009-cu ildə Sinqapura yerləşib və Facebook-un birja debütündən əvvəl ABŞ vətəndaşlığından imtina edib. O, 2015-ci ildə Raj Ganguly ilə birlikdə B Capital fondunu yaradıb; hazırda idarə olunan aktivləri 12 milyard dollardan çoxdur.

Amit Bhatia – keçmiş investisiya bankiri, Morgan Stanley təcrübəli, Breedon Group-un sədri, AyBe Capital Advisors-ın idarəedici direktoru və Summix Capital-ın həmtəsisçisi. O, 2004-cü ildə Hindistan polad maqnatı Lakshmi Mittal-ın qızı Vanisha Mittal Bhatia ilə evlənib. Lakshmi Mittal bir vaxtlar Forbes siyahısında üçüncü yeri tuturdu, hazırda isə təxminən 33,9 milyard dollarlıq sərvətlə 64-cüdür. Onun bir qədər altında, 33,2 milyard dollarla Saverin qərarlaşır.

İdman keçmişləri: QPR, Chelsea cəhdi və NFL planları

Bhatia üçün bu, futbolda ilk sınaq deyil. O, təxminən 19 il Queens Park Rangers-də şəriklik edib, əvvəlcə vitse-sədr, sonra isə 2018-dən 2023-ə qədər klubun sədri olub. İyulda QPR idarə heyətindən getdiyini və payını əsas sahibi Ruben Gnanalingam-a ötürdüyünü açıqladı.

Saverin də futbolda əvvəllər görünüb. O, 2022-ci ildə Roman Abramovich-dən sonra Chelsea-ni almağa çalışan Steve Pagliuca-nın rəhbərlik etdiyi konsorsiumu dəstəkləyən investorlar arasında idi.

Bezos isə hələ ki, idman sahəsində real sərmayə qoymamışdı. O, NFL klublarından Washington Commanders və Seattle Seahawks üçün təklif hazırlamağı araşdırsa da, bu planlar kağız üzərində qalmışdı. İlk real addım – “Liverpool”.

FSG niyə indi və niyə təxminən üçdəbir satır?

“Liverpool”un baş direktoru Billy Hogan yaxınlarda bunu belə izah etmişdi: John Henry uzun müddətdir deyir ki, kluba həqiqətən kömək edəcək sərmayə imkanı çıxsa, buna ciddi yanaşacaqlar. Bu, FSG-nin 2022-ci ilin noyabrında verdiyi bəyanatla da üst-üstə düşür: uyğun şərtlər olarsa, klubun maraqları naminə yeni şəriklərə açıqdırlar.

FSG artıq bir neçə ildir xarici sərmayəni həm ana şirkət, həm də klub səviyyəsində qəbul edir. 2021-ci ilin martında RedBird Capital Partners təxminən 735 milyon dollar yatıraraq FSG-də 11,5 faizlik pay aldı və pandemiyadan sonrakı maliyyə sabitləşməsinə yardım etdi.

İki ildən bir qədər sonra Dynasty Equity kluba təxminən 150 milyon dollara 3 faizlik payla daxil oldu. Bu vəsait əsasən Anfield Road tribunasının yenidən qurulması, Melwood məşq bazasının geri alınması (indi qadın komandasının evi) və bank borcunun bir hissəsinin ödənilməsinə yönəldi.

İndi satılan təxminən 30 faizlik pay FSG-yə həm böyük mənfəət gətirir, həm də biznesi böyütmək yükünü paylaşacaq yeni tərəfdaşlar qazandırır. Hər sərmayənin bir ömrü var. FSG isə “Anfield”də artıq 15 ilə yaxındır və bu müddətdə həm meydanda uğur, həm də klub dəyərində partlayış yaşayıb.

Gələcək maliyyə gücü: qaydalar sərt, imkanlar böyük

2010-cu ildə klubu aldıqdan bəri FSG “özünü təmin edən model”lə işləyir: klub nə qazanırsa, yenidən kluba yatırılır. Bəzən azarkeşlər bu yanaşmanı tənqid edib – xüsusilə komanda zirvədə olarkən daha aqressiv sərmayə gözləyənlər çox olub. Amma nəticə ortadadır: “Liverpool” yenidən ölkə daxilində zirvəyə qayıdıb və ən böyük titullar uğrunda mübarizə aparır.

İndi isə kluba sərmayə qoyan konsorsiumun hər üzvü – ayrı-ayrılıqda nəhəng sərvət sahibidir. Nəzəri baxımdan bu, “Liverpool”un maliyyə dayanıqlığını daha da gücləndirməlidir.

Yeni sponsorluq müqavilələri, texnologiya və media sahəsində sinerji, Asiya bazarına daha dərin giriş – bunların hamısı klubun gəlirini artıra bilər. Keçən yay heyətə sərmayə qoymağa hazır olduqlarını göstərdilər və yaxın illərdə mənfəət və dayanıqlılıq qaydalarını əvəzləyən yeni “squad cost ratio” çərçivəsində bu, transfer bazarında əlavə gücə çevrilə bilər.

Dynasty sərmayəsi sayəsində 2023-24 və 2024-25 mövsümlərində klub kassasına 146,5 milyon funt daxil oldu. Bunun böyük hissəsi infrastruktur layihələrinə yönəldi. İndi satılan böyük azlıq payından gələn vəsaitin də birbaşa transferlərə axıdılması gözlənilmir – həm qaydalar buna imkan vermir, həm də model dəyişmir.

Amma bir fərq var: artıq FSG-nin arxasında güclü maliyyə dayağı olan azlıq şəriki durur. Bu da gələcəkdə sahiblərin klub modelinə sərmayə qoyma formasını incə şəkildə dəyişə bilər.

Gələcəkdə tam satış? Qapı açıqdır, amma cavab yox

Bu konsorsiumun gələcəkdə klubun tam sahibi olacağı anlamınamı gəlir? Hələ ki, yox.

Klubdakı mənbələr bildirir ki, hazırkı müqavilə tərəflərə gələcəkdə münasibətləri yenidən formatlamaq üçün müəyyən elastiklik verir. Amma bu, əvvəlcədən planlaşdırılmış tam satış marşrutu demək deyil. Heç bir tərəf bunu indidən etiraf etmir.

Bu gün üçün mənzərə aydındır: FSG sükan arxasında qalır, “Anfield”ə isə Bezos, Bhatia və Saverin kimi adlar daxil olur. “Liverpool” artıq yalnız meydanda deyil, maliyyə və biznes arenasında da dünyanın ən cazibədar oyunçularından birinə çevrilib.

İndi sual başqadır: bu qədər güclü beyin və sərvət bir araya gəlmişkən, “Anfield” növbəti onillikdə hara qədər uça bilər?