Joan Laporta'dan Julián Alvarez üçün 100 milyon avroluq ultimatum
Joan Laporta artıq gizlətmir: Barcelona üçün Julián Alvarez əməliyyatının son istifadə tarixi var. Klub Argentina hücumçusu üçün təqribən 100 milyon avroluq nəhəng təklif qoyub, amma bu dəfə Kataloniya nəhəngi bir futbolçu üçün bütün transfer planını yandırıb-yaxmaq niyyətində deyil. İdarə heyətinin tapşırığı aydındır – Deco-nun rəhbərik etdiyi komplektləşdirmə strategiyası tək bir hədəfin girovuna çevrilməməlidir.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, Laporta Alvarez məsələsinin iyulun sonunadək həllini tələb edib. Bu, adi bir tarix deyil, açıq mesajdır: Barcelona uzun, yorucu, sonda isə uğursuz bitə biləcək “saqa”ya girmək istəmir. Çünki pəncərənin son günlərində razılaşma çökərsə, çempion komanda hücum xəttində ciddi boşluqla qala bilər.
Atletico divarı: “satılmır” mövqeyi
Kataloniya tərəfinin təzyiqinə baxmayaraq, Madrid cəbhəsində sükut deyil, sərt müqavimət var. Metropolitano rəhbərliyi ilk gündən eyni cümləni təkrarlayır: Alvarez satılmır. Rəqəmlər dəyişir, şayiələr artır, amma Atletico-nun xətti tərpənmir.
Klub daxilində 100 milyon avroluq təklif, sadəcə, kağız üzərində bir rəqəm kimi qəbul olunur. Rojiblancos üçün bu məbləğ nə müzakirə başlanğıcı, nə də düşünmək üçün bəhanədir. Planlar qurulub, hücum xətti Alvarez ətrafında dizayn edilib və rəhbərlik bu sütunu sındırmaq niyyətində deyil.
Atletico-nun CEO-su Miguel Ángel Gil Marín məsələni daha da şəffaflaşdırıb. O, Barcelona-nın addımlarını sərt tənqid edib və bunu açıq şəkildə ifadə edib: rəqib klubun daxili mətbəxini kifayət qədər tanıdığını, mediaya və azarkeşlərə oynanan bu şounu “özəl sirk” kimi gördüyünü deyib. Onun sözlərinə görə, bu teatr onu nə təəccübləndirir, nə də incidir.
Gil Marín həm də şəxsi münasibət kartını masaya qoyub. O, Laporta ilə yaxşı əlaqələrinin olduğunu vurğulayıb və ona açıq mesaj göndərdiyini bildirib: bu əməliyyatdan əl çəkməsini xahiş edib və Julián-ın satılmadığını xüsusi qeyd edib.
Cerezo-dan dost tonunda sərt cavab
Atletico prezidenti Enrique Cerezo isə eyni xətti daha yumşaq, amma bir o qədər də aydın tonla davam etdirib. O, Laportanı “yaxşı dost” və “böyük prezident” adlandırıb, amma ardınca gələn cümlə Kataloniya klubuna soyuq duş kimi dəyib. Cerezo-nun fikrincə, Laporta da, media nümayəndələri də artıq çox yaxşı bilir ki, gələn mövsüm Julian Alvarez harada oynayacaq.
Yəni Madrid tərəfi üçün bu məsələ bağlanmış kimi görünür. Heç bir danışıqlar masası, heç bir “gəlin ortada görüşək” cəhdi yoxdur. Atletico öz ulduz hücumçusunu layihəsinin mərkəzinə qoyub və bu mərkəzdən imtina etmək fikrində deyil.
Barcelona-nın son ümidi: futbolçunun özü
Bu qədər açıq qarşıdurmadan sonra diqqət tək bir adın üzərində cəmlənib – Julián Alvarez. Dünya Çempionatı zamanı o, gələcəyi ilə bağlı az da olsa pərdəni aralamışdı. O vaxt dilə gətirdiyi “arzusunu reallaşdırmaq üçün transfer” fikri Avropada böyük klubların radarını daha da kəskinləşdirmişdi.
Turnirdən sonra isə Alvarez susqunluğa qərq olub. Heç bir qalmaqal, heç bir açıq təzyiq, heç bir manifest yoxdur. Bu sükut təsadüfi deyil: futbolçu əlavə alov yaratmamaq üçün sözlərini ölçüb-biçir.
Barcelona daxilində isə hesab edirlər ki, bu səssizliyi yalnız bir şey poza bilər – futbolçunun özü tərəfindən veriləcək rəsmi transfer istəyi. Kataloniya klubunun məntiqi sadədir: Alvarez Atletico rəhbərliyinə açıq şəkildə getmək istədiyini bildirməsə, iki klub arasında real danışıqlar xəyal olaraq qalacaq.
Laporta üçün taymer artıq işə düşüb. Atletico isə sanki bu səsi eşitmir. İndi bütün sual tək bir adamın qərarında düyünlənib: Julián Alvarez bu sükutu pozacaq, yoxsa 100 milyon avroluq xəyala çevrilib Camp Nou-dan uzaq qalacaq?




