Caspian Sport

João Pedro və "lənətli" 9 nömrəsi: Yeni mövsümdə dəyişikliklər

Yeni mövsümə sayılı günlər qalıb, London tərəflərində isə artıq bir rəsmi xəbər var: klub futbolçularının üzərində daşıyacağı nömrələr açıqlanıb. Kağız üzərində bu, sadə bir prosedurdur. Amma siyahıya bir dəfə baxmaq kifayətdir ki, orada adi texniki yeniləmədən çox, cəsarət və bir az da meydan oxumaq görəsən.

Ən böyük səs-küyə səbəb olan qərar isə aydındır: João Pedro indi “9” nömrəni götürüb. Bəli, məhz o, illərdir “lənətli” kimi anılan “9”.

“Lənətli” 9 yenidən səhnədə

Rəqəmlərə, simvollara inanmayanlar üçün bu sadəcə köynəkdir. Amma “9” nömrəsinin tarixçəsinə baxanda, Stamford Bridge tribunalarında niyə bu qədər ehtiyatla qarşılandığını anlamaq çətin deyil.

Fernando Torres gəldi – dünya ulduzu statusunda, amma “9” onun çiyinlərində ağır dayandı. Álvaro Morata eyni yolu keçdi. Romelu Lukaku geri döndü, yenidən başlanğıc üçün, amma bu nömrə onu da uddu. Radamel Falcao, Gonzalo Higuaín, Pierre-Emerick Aubameyang, Mateja Kežman, Franco Di Santo, Tony Cascarino, Chris Sutton – hamısı eyni nömrənin altında gözləntilərin ağırlığı ilə boğuşdu.

Hernán Crespo bu hekayədə bəlkə də ən az zərər görənlərdən oldu, amma ondan da daha çox şey gözlənilirdi. Tammy Abraham üçün də oxşar idi: pis olmadı, amma “Chelsea-nin 9 nömrəsi” statusunun yanında natamam qaldı. Liam Delap üçünsə bu nömrə demək olar ki, kabusa çevrildi və indi ondan qurtulmasına yəqin ki, özü də sevinir.

Rəqəmlər də hekayəni təsdiqləyir. Jimmy-Floyd Hasselbaink 2001-02 mövsümündə liqada 23, ümumilikdə 29 qol vurduqdan sonra, bu nömrə ilə heç kim ona yaxınlaşa bilməyib. 2019-20 mövsümündə Tammy Abraham liqada 15 qolla ən yaxşı göstəricini yazdırdı. Fernando Torres 2012-13 mövsümündə bütün turnirlərdə 22 qol tapdı, amma bunun üçün 64 oyuna və uzun bir Avropa Liqası marafonuna ehtiyac duydu. Həmin mövsüm liqadakı payı cəmi 8 qol idi.

Belə fonda sual özü qışqırır: niyə məhz indi, niyə məhz João Pedro? Bu, özünü sınamaq istəyidir, yoxsa keçmişi silmək cəhdi? Cevabı mövsüm verəcək.

Müdafiənin vitrinində yeni nömrə

Köhnə nömrələrdən imtina edən təkcə hücum xətti deyil. Wesley Fofana artıq “3” nömrə ilə çıxış edəcək – bu, Marc Cucurella-nın illərdir tanıdığımız nömrəsidir. Gənc müdafiəçi üçün bu, həm məsuliyyət, həm də komanda içində status dəyişikliyinin işarəsi kimi oxunur.

Onun əvvəl daşıdığı “29” isə artıq yeni transfer Pep Chavarría-ya keçib. Yəni yalnız heyət yenilənmir, klub içində rolların xəritəsi də dəyişir.

Dário Essugo və Tosin Adarabioyo da özlərinə yeni nömrələr seçiblər. Bu cür detallarda bəzən oyunçunun hansı mövqeyə, hansı rola hazırlaşdığını, özünü klub içində necə gördüyünü oxumaq olur.

Son düzəlişlər və dar çərçivə

Rəsmi siyahı açıqlanıb, amma hekayə bitməyib. Transfer pəncərəsinin bağlanmasına hələ on gündən çox qalıb. Bu o deməkdir ki, gələnlər də ola bilər, gedənlər də. Nömrələr siyahısı da son dəfə yenilənməmiş sayılır.

Bir reallıq isə dəyişməzdir: klub yalnız 25 futbolçu qeydiyyatdan keçirə bilər. Yəni hər nömrə, hər seçim indi əvvəlkindən daha çox şey ifadə edir.

İndi diqqətlər yenidən o “9” nömrəyə qayıdır. João Pedro bu köynəyi öz adına yaza biləcək, yoxsa Stamford Bridge-in ən məşhur lənəti daha bir hücumçunu udacaq? Mövsümün ilk zərbəsi ilə birlikdə cavab axtarışı başlayacaq.

João Pedro və "lənətli" 9 nömrəsi: Yeni mövsümdə dəyişikliklər