Kobbie Mainoo-nun Man Utd-dəki karyera dönüşü
Manchester United rəhbərliyi bu gün Kobbie Mainoo-ya baxanda yalnız gənc yarımmüdafiəçinin inkişafına deyil, həm də bir adamın vaxtında verdiyi qərara minnətdarlıq hissi keçirir. O adam – Michael Carrick.
Bir vaxtlar Erik ten Hag dövründə yeniyetmə ikən parlayan, meydanın mərkəzində cəsarətli toxunuşları və sakitliyi ilə diqqət çəkən Mainoo üçün hər şey çox sürətlə dəyişmişdi. Ruben Amorim gəldi və pərdə endi.
Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında keçən mövsüm Premyer Liqada 21 oyunun heç birində start heyətinə düşməmək – bu, sadəcə geriləmə deyildi, çıxış qapısına aparan yol idi. Yanvar pəncərəsi yaxınlaşdıqca 21 yaşlı yarımmüdafiəçi klubdan ayrılmağa hazırlaşırdı.
Napoli qapısı, İtaliyaya gedən bilet… və dayan düyməsi
Cəmi doqquz ay əvvəl ssenari başqa cür yazılırdı. Mainoo karyerasını yenidən alovlandırmaq üçün qışda Napoli-yə keçidi ciddi şəkildə düşünürdü. Orada onu tanış simalar gözləyirdi – Rasmus Hojlund və Scott McTominay ilə yenidən birləşmək imkanı.
İtaliya macərası real idi. Man Utd üçün isə bu, akademiyanın ən parlaq istedadlarından birini itirmək riski demək idi.
Elə bu anda tablo dəyişdi. Ruben Amorim istefaya göndərildi, sükan arxasına Michael Carrick keçdi. Və ilk böyük qərarını çox gecikmədən verdi.
Carrick kapitan Bruno Fernandes-i yenidən təbii mövqeyinə – hücumameyilli yarımmüdafiə roluna qaytardı. Bununla da mərkəzdə iki nəfərlik dayağın bir hissəsi kimi Kobbie Mainoo üçün qapı açıldı. Digər tərəfdə isə təcrübəli Casemiro dayanırdı. Gənc yarımmüdafiəçi nəhayət özünü göstərmək üçün meydan tapdı.
İkinci dövrə, yeni Kobbie
Məhz mövsümün ikinci yarısında Mainoo öz cavabını verdi. Daha çox topa toxunuş, daha çox məsuliyyət, daha çox inam. Hər həftə üzərinə bir az da qoydu, hər oyunda Carrick-in qərarını doğrultdu.
Bu yüksəliş onu Thomas Tuchel-in dünya çempionatı üçün heyətinə qədər apardı. Turnirdə meydanda görünməsə də, yalnız orada olmaq belə, Carrick-in ona verdiyi şansın nə qədər dəyərli olduğunu göstərirdi.
Kuluar məlumatlarına görə, klub daxilində hamı ondan razıdır. Fabrizio Romano öz rəsmi YouTube kanalında qeyd edib ki, Man Utd daxilində Mainoo həm bu günün, həm də gələcəyin oyunçusu kimi görülür. Onun karyerasını yenidən canlandıran Carrick-in rolu isə klub rəhbərliyi tərəfindən “çox yüksək qiymətləndirilir”. Çünki o gəlməsəydi, gənc yarımmüdafiəçi böyük ehtimalla artıq Napoli formasını geyinirdi.
Carrington uşaqlarına açıq qapı
Carrick-in fərqi yalnız taktiki sxemdə deyil. O, Carrington məzunlarına xüsusi önəm verir, gənclərin oyunlarına vaxt tapdıqca baş çəkir. Bu, Amorim dövrü ilə kəskin ziddiyyət təşkil edir – həmin müddətdə akademiya məhsulları üçün qapılar xeyli daralmışdı.
Bu gün Mainoo son illərdə klub akademiyasının ən yaxşı yetirməsi kimi dəyərləndirilir. Man Utd onu satmamaqla, sözün əsl mənasında, böyük bir səhvdən yayınıb.
Rəqəmlər də bunu təsdiqləyir – performansı tədricən, amma davamlı şəkildə yüksəlir. Həftəlik inkişaf, meydanda daha yetkin qərarlar, topdan qorxmayən oyun üslubu… Azarkeşlər artıq onu ilk on birin ayrılmaz hissəsi kimi görür, Carrick isə planlarını onun üzərində qurur.
Yeni orta xətt tandemi yoldadır
Hazırda Mainoo, mərkəzdə Youri Tielemans ilə yanaşı oynayır. Bu, balanslı, təcrübə ilə gəncliyin qarışdığı bir cütlükdür. Amma klubun içində başqa bir xəyal da var: Kobbie Mainoo – Carlos Baleba tandemi.
Hər iki yarımmüdafiəçi gəncdir, enerjilidir və bir-birini tamamlayan xüsusiyyətlərə sahibdir. Plan belədir: zamanla bu ikili Man Utd mərkəzinin onurğa sütununa çevrilsin.
Əgər onların arasında tez bir anlaşma formalaşsa, hər ikisi öz potensialının zirvəsinə qalxa bilər. Və o zaman bu hekayə daha fərqli səslənəcək: Napoli-yə gedə bilməyən gənc istedad yox, vaxtında saxlanılan və klubun gələcəyini formalaşdıran lider yarımmüdafiəçi.
Bu gün Kobbie Mainoo-nun hekayəsi bir sualla bitir: Carrick-in əlində o, yalnız xilas olunan karyera sahibinə çevriləcək, yoxsa Man Utd-nin növbəti simvolik fiquru olacaq?



