“Champions League”nin bu mövsümündə çox danışılan ulduzlardan biri artıq Lionel Messi və Neymar deyil. İşıqlar indi Lamine Yamalın üzərinə düşüb. Gənc “Barcelona” ası sabah, çərşənbə günü “Atlético Madrid”ə qarşı “Champions League”nin 1/4 final ilk oyununda yalnız qələbə üçün deyil, tarixin bir səhifəsini dəyişmək üçün meydana çıxacaq.
Söhbət sadəcə mərhələ adlamaqdan getmir. Söhbət Erling Haaland kimi nəhəngin əlində olan rekordu sarsıtmaqdan gedir.
Haalandın izində – 18 yaşlı oyunçunun 10-luq hədəfi
Yamalın bu turnirdə motivasiyası gözlə görünəcək qədər aydındır. Rəqib “Atlético Madrid”dir – “Barça”nın illərdir yarımçıq qalmış hesabı olan komanda. Uşaq yaşından böyüklərin oyununa atılan Lamine artıq bu səviyyədə rəqib seçmir, rekord seçir.
Cari mövsümdə “Champions League”də 8 oyuna 5 qol, 4 qol ötürməsi. Cəmi 9 qol iştirakçılığı. Hər toxunuşu təhlükə, hər hücumu statistikanı silkələyən bir gəncdən söhbət gedir.
İspaniyanın “Sport” nəşrinin məlumatına görə, Yamal sabah “Atlético”ya qarşı ya qol vursa, ya da məhsuldar ötürmə versə, turnirin bir mövsümündə ən azı 10 qola birbaşa təsir edən ən gənc futbolçu kimi tarixə düşəcək. Cəmi 18 yaş 269 günündə.
Opta-nın hesabı: Haalandı keçmək üçün bir toxunuş kifayət edir
Rəqəmlər bu hekayəni daha da kəskinləşdirir. Statistik şəbəkə “Opta”nın hesablamasına əsasən, Lamine Yamal bu həddi keçən an Erling Haalandın rekordunu arxada qoyacaq. Norveçli bombardir 2019–2020 mövsümündə “Champions League”də 10 qol və 1 assistlə parlamışdı. O vaxt 19 yaş 212 günlük idi.
Yamal isə eyni planeti bir il daha tez fəth etməyə yaxındır. Sadəcə bir qol, ya da bir assist. Bir epizod. Bir anlıq boşluq – və tarixin ən gənc “10+” adamı artıq “Barcelona” formasında yazılacaq.
“Barcelona”nın yarımçıq hesabı, Yamalın böyük səhnəsi
“Atlético Madrid”lə duellər “Barça” üçün həmişə emosional olub. Sərt müdafiə, az fürsət, yüksək gərginlik. Məhz belə oyunlarda gənc istedadlar ya boğulur, ya da partlayır.
Yamal bu mövsüm göstərib ki, böyük səhnədən çəkinmir. Çətin matçlarda məsuliyyət götürür, topu tələb edir, qərar verir. İndi isə qarşısında ikiqat motivasiya var: həm komandasını yarımfinala daşımaq, həm də Haaland kimi müasir futbolun ən yırtıcı hücumçusunu rekord cədvəlində keçmək.
Sabahkı gecə üçün sual sadədir: “Atlético”nun dəmir müdafiəsi 18 yaşlı ulduzun tarixi yürüşünü dayandıra biləcəkmi, yoxsa “Champions League”in yeni nəsil simvolu məhz bu oyunda doğulacaq?





