Lise Klaveness: FIFA-nın narazı səsi
Dünya futbolunun zirvəsində qadınlara yer azdır. Amma Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness həmin dar dairəyə zorla girən, sonra da orada sakit dayanmaqdan imtina edənlərdən biridir. İllərdir FIFA rəhbərliyinin, xüsusilə də Gianni Infantino-nun yanındakı ən narahat, ən tikanlı səsdir.
İndi isə bir çoxları onu təkcə müxalif səs kimi yox, elə Infantino-nun varisi kimi görməyə başlayıb.
45 yaşlı hüquqşünas, Norveç millisində 73 oyun keçirmiş keçmiş futbolçu, Infantino dövründə beynəlxalq futbolun gedişatını açıq şəkildə tənqid edən nadir federasiya rəhbərlərindən olub. Son həftələrdə isə gərginlik daha da artdı: FIFA yarışlarının, o cümlədən Dünya Çempionatının özəl investorlar üçün açılması planı sürətlə rədd edildi, İsveçrə–İtaliya əsilli prezident yenidən qalmaqalın mərkəzinə düşdü.
Klaveness cümə günü açıq şəkildə istefa çağırışı etdi.
“İslahat” vədlərindən geri addımlar
Infantino 2016-cı ildə FIFA prezidentliyinə seçiləndə, Klavenessin xatırlatdığı kimi, tribunada başqa sözlər səslənirdi. O zaman o, “yaxşı idarəçilik” üzərində qurulan islahat proqramı ilə dəstək qazanmışdı.
Klaveness AFP-yə danışarkən bu dönüş nöqtəsini belə təsvir edib: əvvəlcə məsafə qorumaqdan imtina, ardınca prinsiplərdən geri çəkilmə, daha sonra isə açıq-aşkar geriyə addımlar. Bütün bunlar da, onun sözlərinə görə, dövlət başçılarından və xüsusilə də Dünya Çempionatına ev sahibliyi edən ölkələrin nüfuzlu fiqurlarından asılılığın kölgəsində baş verib.
Norveçli rəhbərin Infantino ilə ilk açıq toqquşması 2022-ci ildə, özü federasiya prezidenti təyin olunduqdan çox keçmədən gəldi. Mərhələ təsadüfi deyildi: Doha, Dünya Çempionatı və Qətərə ev sahibliyinin verilməsi ilə bağlı illərlə müzakirə olunan suallar.
Doha tribunalarından Klaveness açıq dedi: insan haqları, bərabərlik, demokratiya – yəni futbolun əsas dəyərləri – “start heyətində” yer almayıb.
Bir il sonra Norveç federasiyası Infantino-nun yenidən seçilməsini dəstəkləmədi. Bu, təkcə səsvermə yox, açıq narazılıq siqnalı idi. Norveçli TV2 kanalının şərhçisi Mina Finsted Berg-in sözləri ilə desək, Klaveness Infantino-nun FIFA-nı idarəetmə tərzinə qarşı bu gün bir çoxlarının bölüşdüyü tənqidin “ilk bayraqdarlarından” olub.
Onu fərqləndirən isə təkcə sərt ton deyil. Berg onu qaydaların və qərarların icrasına “son dərəcə həssas” bir rəhbər kimi təsvir edir.
Trump, Balogun və investorlar: səbr kasasını daşıran üçlük
Son aylarda Klavenessin səbrini daşıran səbəblər bir-birinə yığıldı. Əvvəlcə FIFA-nın ABŞ prezidenti Donald Trump-a “Sülh Mükafatı” verməsi və Infantino ilə onun arasında diqqətçəkən yaxın münasibət. Ardınca 2026 Dünya Çempionatı üçün ABŞ millisinin futbolçusu Folarin Balogun-un cəzasının Trump-ın müdaxiləsindən sonra götürülməsi. Üstəlik, FIFA-nın özəl investorlarla bağlı planı – hələlik dayandırılsa da, dünya futbolunun gələcəyi barədə ağır suallar qoyub.
Norveç Futbol Federasiyası bu üç məsələni bir yerdə FIFA Etika Komitəsinə çıxarmağa qərar verib. Yəni söhbət təkcə siyasi bəyanatlardan getmir, rəsmi hüquqi mexanizmlər işə salınır.
Klavenessin səsinin çəkisi bu fonda daha da ağırlaşıb. Uzun illər böyük turnirlərdən kənarda qalan Norveç yığması bu il Dünya Çempionatında güclü çıxış etdi və yalnız 1/4 finalda İngiltərəyə uduzaraq mübarizəni dayandırdı. Uğurlu turnir federasiya rəhbərinin beynəlxalq tribunadakı nüfuzunu artırdı.
Dünya mediasında onu “güclü mənəvi kompası” olan rəhbər kimi təqdim edir, Infantino istefa versə, real namizəd sayırlar.
Infantino isə gələn ilin martında dördüncü və sonuncu müddət üçün yenidən seçilmək niyyətindədir və hələlik yeganə rəsmi namizəddir.
Keçmiş FIFA prezidenti, korrupsiya qalmaqalı ilə postundan uzaqlaşdırılan Sepp Blatter belə, sosial şəbəkədə yazdı ki, Klaveness “həmişə aydın mövqe tutan, çoxluğun ardınca getməyən yeganə şəxs” olub və FIFA üçün qadın liderin vaxtı çatıb.
Səslər, səsvermələr və görünməyən baryerlər
Klaveness özünü bu dramın mərkəzinə qoymaq istəmir. O, dünya futbolundakı böhranı sadəcə “taxt oyunu”na çevirməyin əleyhinədir və diqqəti yenidən idarəçiliyin şəffaflığına yönəltməyə çağırır.
Onun sözlərinə görə, məsələ heç vaxt təkcə Gianni Infantino ilə bağlı olmayıb. Problemlər prezident fiqurunu aşır, sistemin özünə toxunur.
Adının mümkün varis kimi hallandığını “qeyd etdiyini” deyir, amma namizəd olub-olmaması barədə sualları kənara itələyir: “Hələ orada deyilik”. Bu, həm siyasi ehtiyat, həm də reallığın etirafıdır.
Çünki qarşısında kifayət qədər maneə var. Mina Finsted Berg-in vurğuladığı kimi, Klaveness dünyanın bir çox bölgələrində, xüsusən də Avropadan kənarda “son dərəcə radikal” kimi qəbul olunur. Üstəlik, o, qadındır. Bir çox konfederasiyalarda bu fakt hələ də gizli, amma ciddi baryer rolunu oynayır.
Hətta onun ən çox dəstək gözlənilən meydanı – UEFA daxilində də yol asan olmayıb. 2023-cü ildə UEFA İcraiyyə Komitəsinə seçilməyə cəhd etdi, amma uğur qazana bilmədi. Oraya yalnız 2025-ci ildə, qadınlar üçün ayrılmış yeganə yerə tək namizəd kimi qoşula bildi.
Norveç millisinin sabiq qapıçısı, indi isə şərhçi kimi tanınan Erik Thorstvedt haqlı sual verir: əgər o, Avropanın özündə seçilməkdə bu qədər çətinlik çəkirsə, Afrikanı və Cənubi Amerikanı necə inandıra bilər?
Cavab hələ yoxdur. Amma bir həqiqət var: dünya futbolunda güc balansı dəyişirsə, bu dəyişimin ön sıralarında Lise Klaveness kimi səs-küylü, narahat və prinsipial fiqurlar dayanacaq. Sual yalnız budur – bu səs sistemin içindən onu dəyişəcək, yoxsa elə kənardan hayqıran vicdan kimi qalacaq?




