Caspian Sport

Liverpool Barcola üçün səhnəni qurur: Parisdə domino effekti

Liverpool-un yay planında bir ad digərlərindən aydın seçilir. Bradley Barcola. Klubun cinah xəttini yenidən qurmaq üçün bir nömrəli hədəf, indi isə bu rekord həcmli transfer üçün lazımi şərtlər tədricən formalaşır.

PSG hücumçusu artıq öz mövqeyini göstərib: o, “Anfield”ə gəlmək istəyir. Fransalı gəncin Liverpool layihəsinə münasibəti aydındır – razılaşma tərəfdən istək var, şəxsi şərtlər üzrə problem gözlənilmir. Maneə başqa yerdədir.

Rekordu aşan məbləğ, sərt mövqe

PSG-nin tələb etdiyi məbləğ Avropa bazarını silkələyəcək səviyyədədir. Ardıcıl iki dəfə Çempionlar Liqasını qazanan parislilər start qiymətini 170 milyon avro, yəni təxminən 145 milyon funt sterlinq olaraq qoyublar. Bu, sadəcə yüksək rəqəm deyil, mesajdır: Barcola ucuz satılmayacaq.

Liverpool isə limitini müəyyənləşdirib. Klub ötən yay Alexander Isak üçün verdiyi 125 milyon funtluq Britaniya rekordunu yeniləməyə hazırdır, amma Parisin 145 milyonluq tələbinə qədər qalxmaq niyyətində deyil. İlk rəsmi təklif üzərində iş getdiyi bildirilir, lakin “qırmızılar” bu dəfə hər addımı diqqətlə ölçüb-biçməlidir.

Burada vacib detal var: PSG Barcola-nı yalnız o halda buraxacaq ki, əvvəlcə iki yeni cinah oyunçusunu rəsmiləşdirsin. Məhz bu şərt indiyə qədər prosesi ləngidirdi. İndi isə tablo dəyişir.

Parisdə cinah inqilabı: Akliouche və Godts

Fransadan gələn xəbərlər PSG-nin planını aydınlaşdırdı. RMC Sport jurnalisti Fabrice Hawkins sosial şəbəkədə yazdı ki, Monaco yarımmüdafiəçisi Maghnes Akliouche 50 milyon avroya Parisə keçməyə hazırdır. Tibb müayinəsinin tarixi hələ müəyyənləşməyib, amma razılaşmanın strukturu qurulub. Akliouche, Kang-in Lee-nin yerini ədədi baxımdan dolduracaq, amma bu, yalnız başlanğıcdır.

Bir neçə saat sonra Fabrizio Romano bu keçidə öz məşhur “here we go” möhürünü vurdu. Onun məlumatına görə, klublar arasında 50 milyon avro həcmində razılaşma tam təsdiqlənib, futbolçu ilə son detallar razılaşdırılıb və tibb müayinəsi gələn həftə gözlənilir. Müqavilə 2031-ci ilin iyununa qədər nəzərdə tutulur – bu da PSG-nin Akliouche-ni uzunmüddətli layihənin mərkəzinə yerləşdirmək istədiyini göstərir.

Ardınca ikinci cinah gedişi gündəmə gəldi. Romano yazdı ki, Ajax oyunçusu Mika Godts PSG layihəsinə yaşıl işıq yandırıb. Klublar arasında rəsmi danışıqlar başlayıb, niderlandlıların tələbi təxminən 60 milyon avrodur. Godts şəxsi şərtləri qəbul etməyə hazırdır, şərt odu ki, klublar yekun məbləğdə ortaq nöqtə tapsın. Paris tərəfi özünü nikbin hiss edir.

Akliouche praktiki olaraq çantaları yığır, Godts üçün danışıqlar irəliləyir. Bu isə bir həqiqəti önə çıxarır: PSG-nin Barcola-nı buraxmaq üçün qoyduğu əsas şərt – cinahda iki yeni ad – reallığa çevrilmək üzrədir. Yəni Liverpool üçün qapı aralanır.

Romano: “Əsas məsələ – məbləğ”

Fabrizio Romano şənbə gecə saatlarında yayımladığı videoda Barcola məsələsinə ayrıca toxundu. Onun sözlərinə görə, Liverpool, PSG və futbolçunun nümayəndələri arasında təmaslar davam edir və tərəflər masa arxasından qalxmayıblar.

Romano açıq şəkildə vurğulayıb: müqavilə müddəti, şəxsi şərtlər, layihənin futbolçuya təqdimatı – bunların heç biri problem deyil. Barcola Liverpool-a keçməkdən həyəcanlanır, özü bu addımı atmaq istəyir. Sual yalnız bir dənədir: Liverpool PSG-yə nə qədər ödəməyə hazırdır?

Məhz bu xətt danışıqların taleyini müəyyən edəcək. Klub təklif hazırlayır, amma Romano-nun dediyinə görə, “təklif göndərildi-göndəriləcək” mərhələsi əsas məsələ deyil. Əsas odur ki, bu təklif Parisin sərt mövqeyini yumşaltmağa yetərli olsun.

PSG tərəfi tələsmir. Klub artıq bir neçə hücumçusunu itirib, bazarda başqa işlərini də yekunlaşdırmaq üzrədir və növbəti önəmli forvardı buraxmazdan əvvəl özünü sığortalamaq istəyir. Elə bu səbəbdən də Akliouche və Godts əməliyyatları Barcola-nın taleyi üçün açar rol oynayır.

İndi isə bu açar qapını döndərməyə hazır görünür.

Anfield üçün növbəti böyük imza?

Liverpool-un hücum xətti yenilənmə ərəfəsindədir. Klub son illərdə bazarda aqressiv, amma hesablı addımlar atıb. Barcola üçün tələb olunan məbləğ isə hətta Premier League nəhəngini də düşündürəcək qədər ağırdır. Rekordu yeniləmək bir şeydir, PSG-nin istədiyi səviyyəyə qalxmaq isə tamam başqa.

Bir tərəfdə 170 milyon avroluq sərt qiymət, digər tərəfdə oyunçuya aşkar maraq göstərən, amma iqtisadi çərçivələrini qorumağa çalışan klub. Bu dartışmanın qalibi yay pəncərəsinin tempini də müəyyən edəcək.

PSG cinahlarda özünü sığortaladıqca, Barcola-nın “Anfield” yolunun açılması daha real görünür. İndi sual budur: Liverpool bu fürsəti rekord həcmli riskə çevirəcək, yoxsa sərhədlərini qoruyub, başqa yola üz tutacaq?