Liverpool Bradley Barcola üçün danışıqlara başlayır
Liverpool, Bradley Barcola üçün hədəfə kilidlənib və bu dəfə ssenari həqiqətən dəyişə bilər. Fransadan gələn xəbərlərə görə, Paris Saint-Germain artıq ulduz vinger üçün əvvəlki qədər sərt mövqe tutmur və qiymət cüzi də olsa aşağı salınıb.
Salah sonrası dövr: Liverpool cinaha hücum edir
Yay pəncərəsində artıq hücum xəttini yenidən formalaşdırmağa başlayan Liverpool əvvəlcə Osasuna-dan Victor Munoz-u gətirdi. Müdafiə mərkəzinə isə Rennes-dən Jeremy Jacquet, Barcelona-dan Ronald Araujo qatıldı. Komanda qurulur, amma ən böyük boşluq hamıya aydındır: Mohamed Salah-ın gedişi ilə cinahda yaranan dəlik.
Məhz buna görə klub həftələrdir vinger bazarını didik-didik edir. İlk ciddi plan RB Leipzig-in oyunçusu Yan Diomande idi. Lakin onun PSG və ya Real Madrid-i üstün tutduğu aydınlaşandan sonra Liverpool dərhal kursu dəyişdi və diqqətini Bradley Barcola üzərinə yönəltdi.
Luis Enrique-nin rəhbərliyi altında Parc des Princes-də iyerarxiyada geriləyən fransalı vinger birdən-birə Liverpool üçün real hədəfə çevrildi. Klub həftələrdir PSG ilə danışıqlar aparır, amma Paris təmsilçisinin tələb etdiyi məbləğ bu hekayənin əsas maneəsinə çevrilmişdi.
PSG-dən “endirim”: bahalı hədəf, kiçik yumşalma
Fransız nəşri Jeunes Footeux-un məlumatına görə, PSG uzun müddət Barcola üçün minimum 150 milyon avrodan aşağı danışmağa belə hazır deyildi. İndi isə tablo bir qədər dəyişib.
Xəbərə əsasən, Paris klubu son transferlərindən sonra mövqeyini bir az yumşaldıb və artıq 130–140 milyon avro aralığındakı təklifləri dinləməyə hazırdır. Bu, nəhəng bir endirim deyil, amma PSG rəhbərliyinin Barcola-ya verdiyi dəyərin miqyasını yenə də açıq göstərir.
Bu “kiçik jest” Liverpool-u daha da hərəkətə gətirəcəkmi? Fransızlar bunu istisna etmirlər. Amma bir məqam qəti şəkildə vurğulanır: PSG satmağa məcbur deyil və qiyməti daha da aşağı salmaq niyyətində yoxdu. Yəni Liverpool istəyirsə, bu oyunu Parisin şərtləri ilə oynamaq məcburiyyətində qala bilər.
Romano: “Liverpool Barcola üçün özünə güvənir”
Transfer pəncərəsinin ən etibarlı səsilərindən biri sayılan Fabrizio Romano da son videosunda bu hekayəyə toxunub və ton artıq xeyli dəyişib. Onun sözlərinə görə, proses indi sürətlənməyə hazırdı.
Romano bildirib ki, Bradley Barcola və Ibrahim Mbaye son matçda PSG heyətinə, hətta ehtiyat skamyasına belə düşməyiblər. Bu detal təsadüfi deyil. Gözlənti odur ki, hər iki futbolçu klubdan ayrılacaq.
PSG hücum xəttində artıq Desire Doue, Ousmane Dembele, Khvicha Kvaratskhelia, Ferran Torres, Mika Goots və Maghnes Akliouche kimi altı güclü seçimə sahibdir. Bu sıxlıq fonunda Barcola və Mbaye üçün qapının açıq olması təəccüblü görünmür.
Romano-nun vurğuladığı əsas məqam isə Liverpool-un mövqeyidi: klub Barcola üçün danışıqlar aparır, özünə güvənir və bu keçidi reallaşdırmaq üçün ciddi şəkildə “itələyir”. Onun məlumatına görə, Liverpool artıq Bradley Barcola ilə şəxsi şərtlər barədə şifahi razılıq əldə edib. İndi isə məsələ klubdan-kluba razılaşmanın bağlanmasına qalır.
Romano hətta gələn həftədən etibarən hekayənin “həlledici mərhələyə” daxil olacağını deyir. Danışıqlar davam edəcək, amma Liverpool bu işi sürətləndirmək niyyətindədi. Onun ifadəsilə, “müqavilə tamamilə masadadı”.
Liverpool üçün sual artıq təkcə “Barcola lazımdırmı?” deyil. Sual budur: Salah sonrası dövrdə cinahı bu qədər bahalı, amma bu qədər potensiallı bir oyunçuya etibar etməyə dəyərmi? Klub bu cavabı çox tezliklə verməli olacaq.




