Caspian Sport

Liverpool Diomande üçün 100 milyonluq rədd cavabı

Mohamed Salah dövrü başa çatdı, Anfield-də isə yeni lider axtarışı başlayıb. Liverpool artıq hədəfini seçib və bu dəfə uzun-uzadı “saqa” oynamaq niyyətində deyil: RB Leipzig cinah oyunçusu Yan Diomande.

Klubun planı aydındır. Salah gedib, Cody Gakpo gözlənilən səviyyəyə qalxmayıb, ön xəttin kənarlarında isə təcili təzələnmə ehtiyacı var. Osasuna-dan gətirilən gənc Victor Munoz daha çox gələcək üçün layihədir, hazırkı böhranı həll edən deyil. Buna görə də Diomande Liverpool-un transfer siyahısında bir nömrəyə çevrilib.

100 milyonluq “yox” və Liverpool-un cavabı

Leipzig artıq ilk böyük hücumu dəf edib. Bundesliga klubu Liverpool-un təxminən 100 milyon avroluq təklifini rədd edib. Fabrizio Romano-nun bildirdiyinə görə, təklif geri qaytarılıb, amma Liverpool geri çəkilmir. Klub yeni, daha iri məbləğlə masaya qayıtmağa hazırlaşır.

Romano kulislərdə baş verənləri belə təsvir edir: Liverpool oyunçunun tərəfi ilə intensiv işləyir, maliyyə paketini elə qurmağa çalışır ki, Diomande-ni tam şəkildə öz tərəfinə çəksin. Məqsəd təkcə Leipzig-i razı salmaq deyil, həm də futbolçuya göstərməkdir ki, Anfield onun üçün mərkəzi rol və uzunmüddətli layihə vəd edir.

Leipzig isə başqa cür düşünür. Alman klubu Diomande-ni saxlamağın daha ağıllı addım olduğuna inanır: ona böyük maaş, yeni müqavilə, Çempionlar Liqasında aparıcı rol… və gələn yay sərbəst qərar vermək imkanı. Yəni Leipzig bu yay maksimum müqavimət göstərməyə hazırdır.

Təklifin əsl strukturu və Liverpool-un planı

Keçid danışığının detalları da yavaş-yavaş aydınlaşır. Ben Jacobs-un məlumatına görə, Liverpool-un ilk rəsmi təklifi əvvəlcə yazıldığı kimi 90+10 milyon avro deyil, 80+20 milyon avro strukturunda olub. Yəni əsas məbləğ daha aşağı, bonus paketi isə daha ağırdır.

Jacobs-un X-də yazdıqlarına əsasən, Liverpool Diomande-ni “prioritet” kimi görür, amma bu, kor-koranə gözləmə demək deyil. Klubda optimizm var ki, futbolçunun özü İngiltərəyə keçidi istəyir, eyni zamanda anlayırlar: Leipzig satmaq istəmirsə, masa ətrafında fırlanmağın mənası yoxdur. O halda plan B işə düşəcək.

Mümkün alternativlər artıq masadadır: Said El Mala, Yankuba Minteh, Matias Fernandez-Pardo kimi adlar nəzərdən keçirilir, Bradley Barcola isə xüsusi bəyənilən variantlardan biridir. Yəni Liverpool bütün yayını tək bir ada bağlamaq istəmir.

Isak-dan alınan dərs və bu yayın fərqli ssenarisi

Burada keçən yaydan vacib bir dərs var. Jacobs xatırladır ki, Alexander Isak üçün gözləmə tam bir yay çəkmişdi. Newcastle-ın daxilolmaları, transfer zənciri, oyunçunun statusu – hamısı prosesi uzatmışdı. Liverpool həmin vaxt gözləməyi məntiqli sayırdı: Isak artıq Premyer Liqada sübut olunmuş qolçu, ideal yaşda və formadaydı.

İndi vəziyyət fərqlidir. Komandanın cinahlarında boşluq realdır, Salah-ın boşluğu kağız üzərində deyil, meydanda hiss olunur. Klub rəhbərliyi bu dəfə avqusta qədər uzanan, hətta son gün panikası ilə bitən bir hekayə istəmir. Diomande üçün aparılan danışıqların “sonsuz seriala” çevrilməsi planlarda yoxdur.

Elə buna görə də Leipzig-in cavabı həlledici olacaq. 80+20 milyonluq ilk təklif sürətlə rədd edilib. İndi Liverpool daxildə sual verir: Leipzig doğrudan da danışıqlara açıqdır, yoxsa sadəcə vaxt udur? Əgər ikinci variantdırsa, Merseyside klubu süni gərginliyə girmədən kursu dəyişməyə hazırdır.

Agressiv təqibin sərhədi haradadır?

Bir məsələ artıq dəqiqdir: Liverpool növbəti təklifdə 100 milyon avro həddini aşmağa hazırlaşır. Romano-nun dediyinə görə, klub “çox böyük” yeni paket üzərində işləyir. Paralel olaraq, Diomande üçün müqavilə və maaş şərtləri də maksimum cazibədar səviyyəyə qaldırılır.

Leipzig isə hazırda mövqeyini qoruyur: Diomande-ni saxlamaq, ona yeni razılaşma təklif etmək və Çempionlar Liqasası mövsümündən sonra bazara çıxarmaq planı qüvvədədir. Bu, həm futbolçu üçün vitrin, həm klub üçün potensial daha böyük gəlir imkanı deməkdir.

Məsələ indi bir sualda cəmlənir: Liverpool nə qədər irəli gedəcək və Leipzig nə vaxt real danışıqlara başlamağa razı olacaq? Çünki Anfield üçün bu yay təkcə bir transfer pəncərəsi deyil. Bu, Salah-sonrası komandanın hücum kimliyini müəyyənləşdirəcək qərardır.