Liverpool Sarr üçün 50 milyon funt təklif etdi
Mohamed Salah artıq Trabzonspor formasını geyinir, Anfield-də isə sağ cinah üçün boşalan taxt hələ də sahibini tapmayıb. Liverpool yay boyu bu boşluğu doldurmağa çalışırdı, indi isə baxışlar Crystal Palace ulduzu Ismaila Sarr-a yönəlib.
Diomande getdi, Barcola birinci hədəf, Minteh dalanı
Yay pəncərəsinin əvvəlindən Liverpool-un planı aydın idi. Klub sağ cinahda Salah səviyyəsində həlledici fiqur tapmalı idi. İlk olaraq Yan Diomande ön plana çəkildi, hətta rəsmi təklif də göndərildi, amma fil dişi sahilli hücumçu başqa marşrut seçdi və sonda Real Madrid-ə qoşuldu.
Bundan sonra diqqət daha çox sol cinahda çıxış edən Bradley Barcola üzərinə kökləndi. O, indi də klubun birinci hədəfi sayılır. Sağ cinah üçün isə paralel olaraq bir neçə variant masada idi. Onlardan biri də Yankuba Minteh idi.
Liverpool bu ay gənc hücumçu üçün iki dəfə təklif göndərdi. Lakin Brighton cavabında təxminən 80 milyon funt tələb edəndə, danışıqlar faktiki olaraq divara dirəndi. Ben Jacobs-in məlumatına görə, Merseyside klubu üçüncü təklifə getməyi artıq məntiqli saymır – 60 milyon funtluq əvvəlki təklifi “rəqabətədavamlı” hesab etsələr də, Brighton onu da rədd etmişdi.
Bu fonunda Fabrizio Romano-nun sözlərinə görə, Minteh üzrə danışıqlar son 24 saatda tam soyuyub, Liverpool ikinci cinah oyunçusu üçün digər istiqamətlərə baxır, Barcola isə hələ də “bir nömrəli prioritet” olaraq qalır.
Növbə Sarr-a çatdı
Elə bu gərgin fonun içində Liverpool yeni addım atdı. Romano-nun paylaşımına əsasən, klub Crystal Palace-a Ismaila Sarr üçün təxminən 50 milyon funt dəyərində rəsmi təklif göndərib və danışıqlara start verib. Seneqal millisinin üzvü də bu keçidə müsbət yanaşır.
Sarr üçün bazar artıq kifayət qədər qızmışdı. Palace onu saxlamaq istəyir, amma təzyiq artır. Romano ötən həftə xəbər vermişdi ki, oyunçu Selhurst Park-dan ayrılmağa çalışır, Galatasaray ilə şəxsi şərtləri razılaşdırıb və Türkiyə klubuna keçidi üçün israr edir.
London təmsilçisi artıq İstanbul klubundan gələn iki təklifi rədd edib. Klubun mövqeyi sərtdir, amma oyunçu getmək istəyini gizlətmir. İndi isə işə Liverpool qarışıb – bu, həm Sarr üçün, həm də Palace üçün oyunun qaydalarını dəyişə biləcək təklifdir.
Sage-in izahı: niyə oynamadı?
Bütün bu transfer gərginliyinin fonunda Sarr-ın kənarda qalması da diqqətdən yayınmadı. O, Palace-ın Everton-a 0:2 uduzduğu görüşdə iştirak etmədi və bu, azarkeşlər arasında panika yaratdı.
Baş məşqçi Pierre Sage matçdan sonra Sarr-ın yoxluğunu belə izah etdi: iki gün əvvəl onun oynayacağını desə də, matçdan öncə klubun həkimi və futbolçu ilə birgə tibbi durum dəyərləndirilib və qərara gəlinib ki, hazırda o, tam olaraq yüz faiz hazır deyil. Risk etməmək üçün heyətdən kənarda saxlanılıb.
Rəsmi versiya budur. Amma fon ortadadır: oyunçu Galatasaray ilə razılıq əldə edib, Liverpool isə 50 milyon funtluq təkliflə qapını döyür. Palace indi həm idman, həm də maliyyə baxımından ağır qərarın astanasındadır.
Liverpool üçün isə sual daha kəskindir: Salah dövrünün ardından sağ cinahda yeni lider Sarr olacaq, yoxsa klub yenidən bazara dönüb başqa bir hədəfin qapısını döyməli olacaq?




