Luka Modriç: Son böyük səhnəmi yaşayıbmı?
Leipziqdə, Red Bull Arena-nın tunelindən çıxan Luka Modriçə baxanda çoxları eyni şeyi düşündü: bu, onun yığmadakı son böyük gecəsi ola bilərdi. Hər şey də sanki həmin axşam qərarlaşdı.
Xorvatiya üçün İtaliyaya qarşı oyun faktiki olaraq 1/8 final pley-offu idi. Modriç səhnəyə adət etdiyi kimi ən ağır anda çıxdı. Penalti qazandı, zərbəsini vurdu, qapıçı qaytardı. Ancaq o, epizodu buraxmadı. Təkrar zərbə, top torlarda. Xorvatiya önə keçdi, yaşına baxmayaraq, kapitan yenə komandasını daşıyırdı.
Sonra isə 98-ci dəqiqə gəldi. Mattia Zaccagni-nin zərbəsi Xorvatiyanın taleyini dəyişdi, İtaliyanı növbəti mərhələyə daşıdı, Modriçin komandasını isə qrupda saxladı. Oyun bitəndə “Player of the Match” mükafatı üçün poz verən Luka artıq tanıdığımız gülümsəyən uşaq deyildi. Üzündə yorğunluq, gözlərində isə boşluq vardı. Sanki beynində bir sual fırlanırdı: “Doğrudanmı son budur?”
Zalda hamı eyni hissi yaşayırdı. Onun beynəlxalq karyerasının belə bitməsini heç kim istəmirdi.
Mətbuat konfransında italiyalı jurnalist Francesco Repice sanki milyonlarla azarkeşin adından danışdı. O, Modriçə karyerası boyu göstərdiklərinə görə təşəkkür etdi, təkcə həmin gecə yox, bütün illərə görə. Və ondan xahiş etdi: “Heç vaxt futboldan getmə.”
Modriç isə 38 yaşında belə ayağını yerdən kəsmədi: “Əbədi oynamaq istərdim, amma elə bir an gələcək ki, butsamı asmalı olacağam. Hələlik davam edəcəyəm, amma nə qədər – bilmirəm.”
İllər keçdi, cavab hələ də yoxdur. Çünki o, hələ də ən yüksək səviyyədədir.
Uşaqkən sevdiyi klub, 40 yaşında lideri
Keçən yay Luka Modriç 13 mövsüm və sayısız kubokdan sonra Real Madrid-dən ayrılıb AC Milan-a keçəndə, bu addım bir çoxlarına nostalji gediş kimi görünmüşdü. Uşaqlıqdan sevdiyi klub, Zvonimir Boban sevgisi, Serie A romantikası – hamısı bu hekayəyə yaraşırdı. Amma Modriç bir şeyi aydın dedi: bu, sadəcə uşaqlıq arzusu deyildi. O, Milan-a kömək edəcəyinə, onu yenidən ayağa qaldıra biləcəyinə inanırdı.
İtaliyada onu böyük səs-küylə qarşıladılar, amma suallar da az deyildi. 40 yaşa yaxınlaşan yarımmüdafiəçi nə qədər davam gətirəcəkdi? Milan onsuz da Samuele Ricci-ni almışdı, bu qədər gənc və dinamik orta xəttə daha bir veteran həqiqətən lazım idimi?
Cavab meydanda gəldi. Massimiliano Allegri seçim edəndə tərəddüd etmədi. Modriç start heyətində, Ricci isə çox vaxt kənarda qaldı. Gənc italiyalı buna etiraz etmədi, əksinə heyranlığını gizlətmədi: “Bu, oynadığım ən güclü futbolçudur.” Onu heyrətləndirən təkcə texnika deyildi, həm də Luka-nın sadəliyi, məşqlərdəki şiddəti, iştahı idi.
İtaliya mətbuatı da eyni dərəcədə təsirlənmişdi. Jurnalist Alberto Polverosi zarafatla, amma içində böyük həqiqət olan bir cümlə işlətdi: “Əgər həqiqətən 40 yaşındadırsa, onu klonlayaq.”
“Təbiət qüvvəsi” və təhlükəli asılılıq
Modriçin oyunu bəzən məntiqə sığmırdı. Sürət yox, amma tempə hökm edir. Fiziki güc yox, amma hər mübarizədə vaxtında oradadır. Topu itirmir, oyunu oxuyur, tempi diktə edir. Milan əfsanəsi Kaká bunu bir cümlə ilə izah etdi: “O, 40 yaşında bir təbiət qüvvəsidir.”
Kaká onu yaxından tanıyır. Real Madrid illərində eyni paltardəyişmə otağını bölüşüblər. Braziliyalı Gazzetta dello Sport-a danışanda Luka-nın mentalitetinə toxundu: “İnsandır, hər şeyi qazandıqdan sonra motivasiyanı itirmək normaldır. Amma Lukita başqadır. Hələ də bildiklərini ötürmək istəyir, komanda yoldaşlarını çağırır, hər döyüşə hazırdır. Enerjisi, xarakteri var. Milan üçün meydanda da, məşqdə də çox önəmlidir. Ümumiyyətlə, İtaliya futbolu üçün yaxşıdır ki, o, hələ də bu səviyyədədir.”
Allegri üçün isə o, sadəcə usta yarımmüdafiəçi deyildi. Onlar arasında elə güclü bağ yarandı ki, mövsümün gedişində Luka-nın gələcəkdə onun köməkçi-məşqçisi ola biləcəyi barədə söz-söhbətlər yayıldı. Bir növ, meydandan texniki zonaya təbii keçid kimi görünürdü.
Amma Milan üçün bir təhlükə də yaranmışdı: komandada Modriçə həddən artıq bağlılıq. O, oyunu idarə etməyəndə, struktur dağılırdı.
Bu asılılığın acı nəticəsi mövsümün sonunda üzə çıxdı. Aprelin 26-da Juventus-la 0:0 bitən oyunda Modriç üz nahiyəsindən zədə aldı – sümüklə bağlı ciddi zədə. Nəticə: son dörd oyunun heç birinə startda çıxa bilmədi. Milan həmin dörd matçın üçününü uduzdu, üçüncü yerdən beşinciliyə yuvarlandı və Çempionlar Liqasını əldən verdi. Bir futbolçunun yoxluğu, bir klubun bütün planlarını alt-üst etdi.
Allegri getdi, Luka-nın sabahı dumanlıdır
Top-4 hədəfinin puça çıxması Allegri üçün son oldu. O, vəzifədən uzaqlaşdırıldı. Bununla birlikdə, Modriçin Milan-dakı gələcəyi də sual altına düşdü. Xorvatiyalı ulduz klub və şəhər haqqında hər dəfə yüksək tonda danışıb, burada özünü rahat hiss etdiyini gizlətməyib. Amma indi vəziyyət dəyişib.
Madrid-dən xəbərlər gəlir: Real Madrid onu yenidən Bernabéu-ya qaytarmaq istəyir. İstər meydanda son mövsüm üçün, istərsə də klub daxilində başqa rolda – fərqi yoxdur, əsas odur ki, Luka-nın yolu yenidən Madrid-dən keçə bilər. Bu, hələ qərarlaşmayıb. Modriç də bu mövzuda susqunluğunu qoruyur.
Bir həqiqət isə hamıya aydındır: bu Dünya çempionatı, çox güman ki, onun Xorvatiya ilə son böyük turniri olacaq. İndi isə o, ora üzündə qoruyucu maska ilə gedir. İsti, ağır iqlim, gərgin oyunlar, yüksək temp – belə şəraitdə maska ilə oynamaq heç də rahat deyil. Amma o, karyerası boyu rahatlıq axtarmayıb.
Maskalı Luka-nı kim silib atmağa cəsarət edər?
Modriçin hekayəsi hər zaman şübhələri susdurmaq üzərində qurulub. Çox balacadır dedilər – o, La Liga-nı, Çempionlar Liqasını, Dünya çempionatının finalını gördü. Yaşı çoxdur dedilər – o, 40-da Milan-ın ritmini təyin etdi. Xorvatiya bitdi dedilər – o, yenə meydanın ortasında bayrağı daşıyır.
Öz sözləri ilə desək: “Başqalarının nə dediyinə heç vaxt ciddi fikir verməmişəm, bu, məni sadəcə daha çox motivasiya edib.”
İndi isə o, Dünya çempionatına maska ilə gedir. Üzünü qoruyan, amma ambisiyasını gizlətməyən bir maska. Bəlkə də bu, onun yığma ilə son yürüşüdür. Bəlkə də son dəfə milli himni kapitan sarğısı ilə dinləyəcək.
Bir sual açıq qalır: 40 yaşlı, maskalı Luka Modriçi kim görməzdən gəlməyə cəsarət edər? İngiltərə mətbuatı, ən azı, bunu etməyəcək. Onlar artıq bir dəfə yanılıblar. İkinci dəfə eyni səhvi etmək istəməzlər.



