Manchester City: Yeni Dönəmin Əsas Sualarını Cavablandırır
On il sonra ilk dəfədir ki, Manchester City mövsümə Pep Guardiola-sız başlayır.
İspan mütəxəssisin gedişi klub tarixinin ən parlaq dövrünə nöqtə qoydu: altı Premier League çempionluğu, bir Çempionlar Liqası kuboku və City-ni İngiltərə futbolunun tamhüquqlu hegemonuna çevirən onillik.
İndi səhnənin mərkəzində Enzo Maresca var. Qarşısında isə həm istedadla dolu, həm də gözləntilərlə yüklənmiş bir soyunma otağı.
Etihad-da yeni dövr başlayır. Bazar günü Bournemouth-a qarşı açılış oyunu ərəfəsində City-ni yeni mövsümdə gözləyən beş əsas sual budur.
Maresca Guardiola-nı necə əvəz edəcək?
City on il ərzində demək olar ki, tək bir fəlsəfənin ətrafında quruldu – Guardiola-nın futbol dünyagörüşü klubun hər qatına hopdu. İndi isə həmin sistemə toxunmadan yeni sima ilə yaşamaq dövrü gəlir.
Müqayisələr qaçılmazdır. Manchester United-in Sir Alex Ferguson-dan sonrakı dağınıq illəri tez-tez xatırladılır. City eyni uçuruma yuvarlanmamaq üçün diqqətli addımlamalıdır.
Maresca üçün bu mühit yad deyil. Trebl mövsümündə Guardiola-nın köməkçisi idi, sonra Leicester və Chelsea-də özünü göstərdi. Yəni bu təyinat tam risk sayılmır, klub içindən gələn, sistemi tanıyan bir adam sükan arxasındadır.
City rəhbərliyini cəlb edən əsas məqam davamlılıqdır. Klub kəskin dəyişiklik yox, eyni futbol fəlsəfəsinin yeni şərhini seçdi. Topa nəzarətdə City yenə tanış görünməlidir, amma Maresca öz imzasını da tez qoymalıdır – həm oyunun ritmində, həm də idarəetmədə.
Onun haqqında bir detal da yaxşı bilinir: bəzən futbolçular və əməkdaşlarla sərt toqquşmalar yaşaya bilir. Bu isə onsuz da nəhəng təzyiq altında olan və ötən mövsümü ikinciliklə bitirmiş bir heyəti idarə etmək işinə əlavə risk qatır.
Klub və azarkeşlər dərhal titul yarışı gözləyir, amma Maresca-nın ilk rəsmi sınağı sərt zərbə oldu – Community Shield-də Arsenal City-ni 3:0 hesabı ilə darmadağın etdi. Yeni dövrün ilk siqnalı da elə bu oldu: keçmişin zəmanəti artıq işləmir.
Rodri-nin boşluğunu kim dolduracaq?
City-nin illərdir ürəyi mərkəzdə döyünürdü – Rodri ilə. Onun ötürmələri, mövqe oyunu, müdafiə oxunuşu bu komandanın ritmini müəyyən edirdi. İspaniya yığmasını da cari Dünya Çempionatında zirvəyə daşıdı, turnirin Golden Ball mükafatını qazandı. Belə bir futbolçunun Barcelona-ya keçidi, təbii ki, City üçün ağır zərbədir.
Klub orta xətti gücləndirmək üçün addım atdı: Nottingham Forest-dən İngiltərə yığmasının üzvü Elliot Anderson təxminən 116 milyon funt sterlinqə transfer edildi. Dinamika, top qazanma qabiliyyəti, mərkəzdə dərinlik – bunlar Anderson-un gətirdiyi xüsusiyyətlərdir. Amma o, profil olaraq daha çox qapıya doğru irəliləyən, “box-to-box” tipli yarımmüdafiəçidir, Rodri kimi təmiz dayaq deyil.
City həm də 18 yaşlı Ayyoub Bouaddi üçün Lille ilə danışıqlara hazırlaşır. Amma bu, daha çox gələcəyə yönəlik addımdır – xam, inkişaf mərhələsində olan gənc.
Həqiqət isə sadədir: hazırda dünya futbolunda Rodri-dən daha yaxşı təmiz dayaq yarımmüdafiəçisi demək olar ki, yoxdur. Onu bir nəfərlə əvəzləmək real deyil. City məcburdur bu rolu bir neçə gənc və perspektivli futbolçu arasında bölüşdürsün və sistemin özünün bu itkiyə uyğunlaşacağına güvənsin.
Oyunun idarə olunması problemi həll olunacaqmı?
Ötən mövsüm City-nin titul yürüşü yalnız rəqiblərin gücü ilə yox, öz səhlənkarlığı ilə də dağıldı. Komanda üstünlük qazandığı matçlarda 17 xal itirdi. Bu, çempionluq üçün çox ağır rəqəmdir.
Maresca-nın daha praqmatik yanaşması bu problemi yumşalda bilər. Ancaq bir şərtlə: heyət buna uyğun gəlməlidir.
Yayda John Stones, Bernardo Silva və Nathan Ake ilə vidalaşmaq məhz bu sualı kəskinləşdirir. City artıq həm topu qorumağı, həm də tempi lazım olanda aşağı salmağı bacaran təcrübəli fiqurlarını itirib. Gələn futbolçuların nə dərəcədə daha nəzarətli, daha ağıllı oyun üslubuna uyğun olacağı mövsümün ən konkret taktiki suallarından birinə çevrilib.
Təkcə Haaland çempionluq üçün kifayətdirmi?
Erling Haaland hələ də City-nin hücumunun mərkəzində dayanır və komanda işləyəndə liqada çox az müdafiə xətti onu saxlaya bilir. Onun qapı qarşısındakı instinkti, cərimə meydançasında tapdığı boşluqlar City üçün ən böyük silah olaraq qalır.
Amma yalnız bir hücumçu üzərində qurulan titul yarışı çox vaxt kövrək olur. Ötən mövsüm City bunu öz dərisində hiss etdi: Haaland qol vurmağa davam etsə də, ümumi oyun ritmindəki eniş komandanı cəzalandırdı.
Omar Marmoush yaxşı futbolçudur, amma Haaland səviyyəsindən çox uzaqdır. Bu, Maresca-nın qarşısında aydın və sərt tapşırıq qoyur: City-nin hücumu daha çoxşaxəli olmalıdır. Qanadlardan gələnlər, ikinci dalğa qaçışları, yarımmüdafiədən qapıya daxilolmalar – hamısı sistemli şəkildə artırılmasa, City yenə bir oyunçunun qol seriyasına həddən artıq bağlı qala bilər.
Dünya Çempionatının yorğunluğu artıq qarışıq olan heyəti daha da çətin vəziyyətə salacaq?
City yayda böyük hissəsini Dünya Çempionatına yolladı. Haaland, Doku və digər aparıcı futbolçular turnirin son həftəsinə qədər mübarizə apardılar, altı əsas oyunçu həlledici mərhələlərdə iştirak etdi. Bu isə Maresca üçün ideal olmayan mənzərə yaratdı: mövsümə hazırlığın ilk həftələrində o, tam heyətlə işləyə bilmədi.
Transfer pəncərəsindəki qeyri-müəyyənlik də tabloya əlavə gərginlik qatır. Community Shield-də Arsenal qarşısında City-nin görüntüsü bunu açıq göstərdi – daha təzə, daha iti rəqiblə müqayisədə City ağır, ideyasız və kəsərsiz görünürdü.
Maresca oyundan sonra açıq etiraf etdi: fiziki durumun və Dünya Çempionatından gec qayıdanların təsiri danılmazdır. Onun sözlərinə görə, ilk qoldan sonra reaksiya pis deyildi, amma ikinci topdan sonra vəziyyət daha da çətinləşdi və komanda oyuna qayıda bilmədi.
İndi sual budur: bu yorğunluq və dəyişən heyət fonunda City yenidən Premier League zirvəsinə qayıdacaqmı, yoxsa Etihad-da onilliyin ilk həqiqi keçid mövsümü başlayır?




