Caspian Sport

Manchester United-in Çempionlar Liqası planı: Carrick-in böyük təmizləməsi

Manchester United bir illik fasilədən sonra yenidən Çempionlar Liqasına qayıdır və klub bu dönüşü sadəcə təqvimdəki tarix kimi görmür. Bu, yenidənqurma üçün siqnaldır. Və bu dəfə yarımçıq yox, kökündən.

Michael Carrick-in komandası həftəsonu Liverpool üzərində 3:2 hesablı dramatik qələbə ilə yerini rəsmiləşdirdi. Bir il əvvəl Ruben Amorim dövründə 15-ci yer, xaos, məyusluq. İndi isə eyni klub, amma tamam başqa nəbz: 14 oyunda 10 qələbə, turnir cədvəlində üçüncü pillə və yenidən elitaya dönüş.

Carrick hələ rəsmi baş məşqçi kimi təsdiqlənməyib, amma klub ətrafında ab-hava artıq dəyişib. Qalan cəmi üç liqa oyunu var və rəhbərlik pərdə arxasında çoxdan növbəti addımı planlaşdırır: yay pəncərəsi və köklü kadr çevrilişi.

Mərkəz xəttinin sökülüb yenidən qurulması

United-in planlarının mərkəzində bir mövqe dayanır – yarımmüdafiə. Klub Casemiro ilə dörd illik əməkdaşlığın sonuna gəlir. Braziliyalı artıq bu mövsümün sonunda, 2025/26 kampaniyasının bitişi ilə vida qərarını açıqlayıb. Bu, sadəcə təcrübəli bir futbolçunun gedişi deyil, mərkəz xəttinin dayaqlarından birinin itirilməsidir.

Onun ardınca daha bir ad qapıya yaxın görünür. Manuel Ugarte-nin AC Milan ilə əlaqələndirilməsi heyət və maaş büdcəsinin yenidən formalaşdığını açıq göstərir. Bir sütun gedir, digəri də arxasınca yola düzələ bilər.

Bu boşluğu doldurmaq üçün klubun baxışları birbaşa Madridə yönəlib. Real Madrid yarımmüdafiəçisi Aurelien Tchouameni United-in əsas hədəflərindən biri kimi göstərilir. La Liga nəhəngi fransalı üçün 70 milyon funt sterlinqdən yuxarı məbləğ tələb edir və onu yalnız öz transfer hədəflərindən birini reallaşdıra bilsə, buraxmağa hazırdır. Belə bir keçid United-in Çempionlar Liqasına qayıdışını sadəcə iştirak yox, iddiaçı statusunda elan edərdi.

Tchouameni ilə yanaşı Atalanta-nın 26 yaşlı dayağı Ederson da gündəmdədir. Onun üçün təxminən 43 milyon funt qiymət səslənir. İki oyunçu birlikdə – təqribən 113 milyon funt. Bahalıdır. Amma məhz bu xəttdə United-in ən aqressiv olmalı olduğu dəqiqdir. Kobbie Mainoo və Bruno Fernandes-in ətrafında yeni, daha güclü bir mərkəz xətti qurmaq üçün başqa yol da qalmır.

Premyer Liqa bazarına kəskin dönüş

Klub yalnız qitə futboluna baxmır. Keçən yay sübut etdi ki, Premyer Liqa daxilində də fürsətlər var. İndi diqqət yenidən adaya yönəlir.

Arsenal müdafiəçisi Myles Lewis-Skelly sol cinah üçün uzunmüddətli həll kimi nəzərdən keçirilir. Luke Shaw-un ardınca gələcək nəsil kimi. London klubu Lewis-Skelly və komanda yoldaşı Ethan Nwaneri üçün birlikdə təxminən 100 milyon funt qiymət qoyub, bu da Lewis-Skelly-nin təkbaşına təxminən 50 milyon funt civarında başa gələ biləcəyini göstərir.

Gənc müdafiəçi üçün son mövsüm ziddiyyətli keçib. Ötən il parlaq sıçrayış, ardınca isə Piero Hincapie-nin yüksək forması fonunda əsas heyətdə yerini itirmə. Belə fonda Old Trafford-a köç, Ayden Heaven və Chido Obi-Martin kimi, yeni başlanğıc üçün real şans təsiri bağışlayır.

Yarımmüdafiə üçün daxili bazarda başqa bir ad da gündəmdədir – Newcastle oyunçusu Sandro Tonali. İtaliyalının bu yay St James’ Park-dan ayrılacağı halda ölkədə qalmaq istədiyi bildirilir, baxmayaraq ki, Real Madrid də onun durumunu izləyir. Newcastle üçün 100 milyon funtluq qiymət etiketi səslənsə də, razılaşma masasında daha aşağı məbləğin müzakirə oluna biləcəyi vurğulanır. United üçün bu, həm təcrübə, həm də Premyer Liqaya uyğunluq baxımından cəlbedici kombinasiyadır.

Rashford dövrünün sonu və Leao planı

Hücum xəttində isə emosional, amma real görünən bir dönüş nöqtəsi yaxınlaşır. Marcus Rashford-un bu yay United-i tərk etməsi gözlənilir. Barcelona-da icarə əsasında keçirdiyi mövsüm onun karyerasını yenidən alışdırdı: 46 oyunda 27 qol+assist. Bu rəqəmlər La Liga nəhəngi ilə diqqətini diri saxlayır, eyni zamanda Avropanın başqa ağır çəkili klublarını da hərəkətə gətirir.

Barcelona ya yeni icarə, ya da aşağılaşdırılmış transfer haqqı üçün danışıqlara ümid edir. Arsenal və Bayern Munich isə İngiltərə millisinin üzvünün durumunu yaxından izləyən klublar kimi göstərilir. Rashford-un həftəlik 315 min funtluq maaşının siyahıdan qalıcı silinməsi United üçün başqa bir qapı açır: varisi üçün dərhal hərəkət imkanı.

Bu nöqtədə Rafael Leao səhnəyə çıxır. AC Milan ulduzu üçün United-in Ugarte plus puldan ibarət təklifi müzakirə etdiyi bildirilir. İtaliya mətbuatına görə, Milan 26 yaşlı portuqaliyalını təxminən 52 milyon funt civarında dəyərləndirir və onu bu yay “toxunulmaz” hesab etmir. Bu, elit səviyyəli cinah oyunçusu üçün açıq qapı deməkdir.

2026/27 üçün xəyal onbirliyi: konturları artıq görünən komanda

Klub daxilində planlaşdırılan ideal komanda xətti artıq özünü büruzə verir. Qapıda Lammens. Müdafiə dördlüyü: sağda Mazraoui, mərkəzdə Yoro ilə Martinez, solda gənc Lewis-Skelly.

Mərkəz xəttində üçlük: Tonali, Mainoo, Fernandes. Güc, dinamika və yaradıcılığın qarışığı.

Hücum xətti isə xəyalları qidalandıran cizgilərlə çəkilir: solda Leao, mərkəzdə Sesko, sağda Dorgu.

Bu adların hamısı eyni yayda gələcəkmi? Bunu heç kim zəmanətlə deyə bilməz. Amma bir şey aydındır: United artıq sadəcə Çempionlar Liqasına qayıtmaqla kifayətlənmək niyyətində deyil. Sual indi belədir – bu yenidənqurma onları yenidən zirvəyə daşıyacaq, yoxsa daha bir bahalı eksperiment kimi yadda qalacaq?

Manchester United-in Çempionlar Liqası planı: Carrick-in böyük təmizləməsi