Manchester United üçüncü mərkəz yarımmüdafiəçisini alır
Manchester United yay pəncərəsində üçüncü mərkəz yarımmüdafiəçisini rəsmiləşdirməyə bir addım qalıb. Klub Carlos Baleba üçün 60 milyon funt sterlinqlik rəsmi təklif verib və Brighton futbolçusunun Old Trafford-a keçidi gözlənilir.
Kamerun millisinin üzvü uzun müddətdir United skautlarının radarındadır. Klubun təklifi daha 5 milyon funt artırmağa hazır olduğu bildirilir. Baleba ilk dəfə ötən yay hədəfə alınmışdı. Həmin vaxt Brighton 22 yaşlı futbolçunu 100 milyon funtdan baha qiymətləndirirdi. Çətin keçən mövsümdən sonra isə Manchester təmsilçisi eyni oyunçuya xeyli aşağı məbləğə razılıq əldə etməyə yaxındır.
United mərkəz xəttini yenidən qurur, Baleba isə bu planın növbəti parçası kimi görünür. İllərdir axtarılan dinamizm, təzyiq altında topdan çıxma bacarığı və fiziki güc – klub rəhbərliyi məhz bu profilə sərmayə qoyur.
Liverpool – Curtis Jones üçün İtaliya ssenarisi
Liverpool-da isə gündəmin birinci mövzusu Curtis Jones-un gələcəyidir. Klub Inter Milan ilə danışıqlara başlayıb. İtaliya çempionu yenidən ingilis yarımmüdafiəçini almaq üçün cəhdə girişib və tərəflər arasında dialoq davam edir.
Hələ ki, yekun razılıq yoxdur, amma rəqəmlər aydındır: Liverpool təxminən 35 milyon avro (təqribən 30 milyon funt) civarında məbləğə Jones-la vidalaşa bilər. Bu, həm maliyyə baxımından, həm də heyətin yenilənməsi planında Reds üçün cəlbedici gediş ola bilər.
Klub eyni zamanda hücum xəttini gücləndirmək niyyətindən dönmür. Liverpool hələ də Bradley Barcola ilə maraqlanır. PSG-dəki komanda yoldaşı Ibrahim Mbaye üçün danışıqlardan imtina olunsa da, Barcola adı gündəmdən düşməyib. Yəni Anfield tərəfi bir oyunçunu itirə, amma eyni anda gənc və partlayıcı bir hücumçu qazana bilər.
Arsenal müdafiəni Konsa ilə bərkidir
Arsenal artıq öz işini görüb. Klub Aston Villa-dan Ezri Konsa-nın transferi üçün təxminən 51 milyon funt sterlinqə razılıq əldə edib. Mikel Arteta-nın istəyi aydın idi: müdafiə xəttinə təcili gücləndirmə. William Saliba-nın ağır zədəsi, Jurrien Timber-in isə yenicə sıraya qayıtması fonunda sağ cinahda etibarlı seçim həyati əhəmiyyət daşıyırdı.
28 yaşlı Konsa əsasən Saliba-nın əvəzedicisi rolunda düşünülür. Onun Gabriel Magalhaes-lə tandemdə oynamaq ehtimalı yüksəkdir, eyni zamanda Cristhian Mosquera ilə rəqabət aparacağı gözlənilir. Arteta üçün əsas məsələ dərinlikdir: mövsüm uzundur, titul müdafiəsi isə səhv bağışlamır.
Yeni transferin debütü də çox gözlətməyə bilər. Konsa-nın elə keçmiş klubu Aston Villa-ya qarşı növbəti həftə meydana çıxa biləcəyi vurğulanır. Köhnə komandaya qarşı ilk sınaq – daha simvolik ssenari tapmaq çətindir.
Tottenham hücum xəttini ikiqat yeniləyə bilər
Tottenham Hotspur isə ön xəttə böyük bıçaq vurmağa hazırlaşır. Klub həm Omar Marmoush, həm də Savinho ilə maraqlanır və hər iki transfer Manchester City ilə bağlı ola bilər.
Savinho uzun müddətdir Spurs üçün əsas hədəflərdən biridir. London klubu ötən yay braziliyalı cinah oyunçusu üçün 50 milyon funtluq addım atmağı ciddi şəkildə nəzərdən keçirmişdi. İndi bu maraq yenidən alovlanıb.
Amma söhbət təkcə ondan getmir. Roberto De Zerbi hücum xəttini daha çevik, daha kəsərli etmək istəyir və buna görə də Omar Marmoush adı gündəmə gəlib. Tottenham ötən mövsümü çətinliklə xilas edən heyəti köklü şəkildə yeniləyir. Reqlqasiyadan cüzi fərqlə qaçan komandanın indi ambisiyası tamam başqadır.
London klubunun planı aydındır: iki fərqli tipli hücumçu, iki yeni silah və tamamilə dəyişən ritm. Mövsüm başlayanda bu riskli, amma cəsarətli layihənin dəyərinə cavab verib-verməyəcəyi artıq meydanda ölçüləcək.




