Manchester United yeni sol cinah müdafiəçisi axtarır: Harry Amass
Manchester United yayında yeni cinah müdafiəçisi axtarışını sürətləndirir, klub daxilində isə bir səs israrla başqa istiqaməti göstərir: həll, bəlkə də, artıq Old Trafforddadır – Harry Amass.
Müdafiə xəttində gizli resurs
Yay planlarının mərkəzində Michael Carrickin orta xəttini yenidən qurmaq dayanır. Atalanta'nın dinamiki Ederson üçün razılaşma artıq bağlanıb, West Ham'ın istedadlı yarımmüdafiəçisi Mateus Fernandeslə bağlı danışıqlar davam edir. Mərkəz xətti yenilənir, ritm artır, temp yüksəlir.
Amma INEOS yalnız orta sahə ilə kifayətlənmir. Klub rəhbərliyi yaxşı anlayır ki, böyük mövsüm üçün arxa xətt də yenilənməlidir. Patrick Dorgunun Carrickin əlində cinah hücumçusuna çevrilməsi bir tərəfi tam açıb, digərini isə boş qoyub: hazırda heyətdə yeganə təcrübəli sol cinah müdafiəçisi Luke Shawdır.
30 yaşlı ingilis bu mövsüm gözlənilmədən sağlam qalıb, Premier League-də hər oyuna start verib. Avrokubokların olmaması, kuboklardan erkən kənarlaşma onun üçün təqvimi yüngülləşdirdi, bədəninə nəfəs verdi. Gələn mövsüm isə bu komfort bitir. Champions League bileti, üçüncü yer, daha sıx qrafik, daha ağır səfərlər – və daha böyük risk.
Klub rəhbərliyi yaxşı bilir: həftəiçi oyunlar artdıqca Shawın oynadığı dəqiqələr cərrah dəqiqliyi ilə idarə olunmalıdır. Karyerasını illərlə zədələrlə zəhərləyən o təhlükəli “relaps”ların təkrarlanmasına yol vermək olmaz.
Bu reallıq Unitedi daha gənc sol cinah müdafiəçisi axtarışına çıxarıb. Prioritetlər də bəllidir: Newcastle Uniteddən Lewis Hall, Arsenaldan Myles Lewis-Skelly ön sıralardadır. Materikdə isə Eintracht Frankfurtdan Nathaniel Brown və Barcelonadan Alejandro Balde kimi adlar masadadır.
Amma Sheffield Wednesday-də çıxış edən, United akademiyasının yetirməsi Charlie McNeill başqa ad çəkir və bunu tam əminliklə edir: Harry Amass.
“O, kifayət qədər yaxşıdır”
Watford akademiyasının yüksək qiymətləndirilən yetirməsi olan Amass 2023-cü ildə Mançestərə gəldi. 19 yaşlı sol cinah müdafiəçisi ötən il Ruben Amorimin rəhbərliyi altında əsas komandaya yüksəldi, Leicester Cityyə qarşı 3:0 hesabı ilə qazanılan görüşdə debüt etdi və mövsüm ərzində bütün turnirlərdə 10 oyuna çıxdı.
Yayda əsas komandanın hazırlıq prosesinə qoşulduqdan sonra klub onun üçün daha sabit oyun praktikası axtardı. Yarımillik icarə qərarı belə verildi: ünvan Sheffield Wednesday. Amass üçün bu addım risk deyildi, fürsət idi – o da bu fürsəti əldən vermədi.
London doğumlu gənc müdafiəçi “Steel City”də möhtəşəm yarım mövsüm keçirdi. Noyabr və dekabr aylarında ardıcıl iki dəfə ayın ən yaxşı futbolçusu seçildi. Komandanın ümumi mənzərəsi qaranlıq idi, amma sol cinahda parlayan bir işıq vardı – o da Amass idi.
Yanvarda United onu geri çağırdı. Wednesday gənci saxlamaq istəyirdi, amma klub başqa yol seçdi: yeni icarə, bu dəfə Norwich City. Carrow Roadda başlanğıc ümidverici idi, ritm tutmağa başlamışdı ki, hamstring zədəsi hər şeyi dayandırdı. Bir neçə gündən sonra – mövsüm bitdi. Kəskin, ağır və qəddar bir zədə.
McNeill isə Hillsboroughdakı birgə günləri xatırlayanda sözlərini gizlətmir. Onun fikrincə, Amass meydanda təsir gücü ilə seçilən, top ayağında “gülünc dərəcədə” rahat görünən, müdafiədə isə duellərdən qaçmayan futbolçudur. Keçmiş United hücumçusu bu mövsüm onu yaxından izləyib və bir nəticəyə gəlib: bu gəncin Old Traffordda gələcəyi üçün “kifayət qədər yaxşı” olması artıq sübut olunub.
Shaw’a bənzər texnika, əlavə istək
Amass texniki baxımdan artıq yüksək səviyyəyə qalxıb. Topla davranışı, oyunu qurma qabiliyyəti, cinahdan çıxışları bir çox baxımdan Luke Shaw'u xatırladır. Onun haqqında uzun müddət səslənən yeganə sual işarəsi fiziki gücü ilə bağlı idi.
Son aylarda bu mövzu da tədricən gündəmdən düşür. Reabilitasiya dövründə meydandan kənarda göstərdiyi iş, fərdi hazırlığa yanaşması, bədənini möhkəmləndirməsi klub daxilində diqqətdən yayınmayıb. Gənc müdafiəçi yalnız sağalmaqla kifayətlənməyib, daha güclü qayıtmaq üçün çalışıb.
İndi isə önündə açıq bir qapı var. Yay hazırlığında Carrickin komandasında özünü göstərmək şansı. Sol cinahda rəqabət kəskinləşəcək, hər dəqiqə, hər məşq, hər sınaq oyunu dəyər qazanacaq.
Əgər McNeillin qiymətləndirməsi reallıqla üst-üstə düşsə, INEOS yay bazarında böyük qərar qarşısında qala bilər. Çünki əsas hədəf kimi göstərilən Lewis Hall tipoloji olaraq Amass’a çox bənzəyir, amma qiymət etiketində başqa rəqəm yazılıb: 70 milyon funt sterlinqə qədər.
Sual indi budur: Old Trafford yeni sol cinah müdafiəçisinə sərvət xərcləyəcək, yoxsa öz akademiyasının yetişdirdiyi, artıq çətinlik görmüş, təzyiqi hiss etmiş, zədədən qayıtmağı bacaran bir gəncə həqiqi şans verəcək?




