Caspian Sport

Manuel Ugarte zədəsi: Manchester United-in yay planlarına təsiri

Urquayın Dünya çempionatı kabusu təkcə ölkə üçün deyil, Manchester United üçün də ağır nəticələr doğurdu. Qrupdan çıxa bilməyən, qələbə üzü görmədən turniri tərk edən komandanın ən böyük itkilərindən biri də Manuel Ugarte oldu. İspaniyaya 0:1 hesabı ilə uduzduqları görüşdə yarımmüdafiəçi diz bağından ağır zədə aldı və bu epizod indi Old Trafford-un yay strategiyasının mərkəzinə çevrilib.

The Athletic-in məlumatına görə, Ugarte “uzun müddətə” yaşıl meydanlardan uzaq qalacaq. Bu, təkcə bir futbolçunun taleyi deyil, klubun qurmağa çalışdığı yeni komandanın skeletinə təsir edən məsələdir.

Satılmalı idi, qalacaq

United rəhbərliyi Ugarte-ni yay inqilabının bir parçası kimi görmürdü. Plan sadə idi: zəif çıxış edən yarımmüdafiəçini satmaq, mərkəz xəttini yenidən yığmaq və maaş büdcəsində yer açmaq. İndi isə bu ssenari bir anda dağılıb.

Zədə səbəbindən onun satışı praktik olaraq gündəmdən çıxıb. Klub ağır diz zədəsi alan futbolçunu bu vəziyyətdə bazara çıxarmaq istəmir, alıcı tapmaq da real görünmür. Bu isə o deməkdir ki, Ugarte ən azı daha bir mövsüm üçün komandada qalacaq.

Burada maraqlı məqam ondan ibarətdir ki, David Ornstein-in məlumatına görə, bu məcburi “qalma” United-in yarımmüdafiə transferlərini dayandırmır. Klub artıq Ederson transferini həll edib, bununla kifayətlənmək niyyətində də deyil. Mərkəz xəttinə daha bir, ehtimal ki, iki oyunçu gətirilməsi hədəf olaraq qalır.

Hazırda siyahının başında West Ham-ın yarımmüdafiəçisi Mateus Fernandes dayanır. Onun adı artıq bir müddətdir Old Trafford koridorlarında səslənir və Ornstein də məhz onun “dərhal prioritet” olduğunu vurğulayır.

Yəni mərkəz xəttində plan dəyişmir. Ugarte-nin taleyi nə olursa-olsun, United orada yenidənqurmaya davam edəcək.

Sol cinahda plan pozuldu

Əsl təsir başqa yerdə hiss olunur. Ugarte-nin satıla bilməməsi, Ornstein-in sözlərinə görə, sol cinah hücumçusu transferini sual altına salıb. Mərkəzdə doluluq, maaş büdcəsində sıxlıq, eyni anda çox cəbhədə hərəkət etmək çətinliyi – hamısı birləşib klubun hücum xətti üçün planlarını yenidən düşünməsinə səbəb olur.

Bu isə birbaşa Marcus Rashford-un gələcəyinə toxunur.

United-in içində uzun müddətdir müzakirə olunan variantlardan biri Rashford-la yolları ayırmaq, ya da ən azı daha bir icarə ilə ondan ayrılmaq idi. İndi tablo dəyişir. Ugarte-nin qalması, sol cinah üçün yeni transferin qeyri-müəyyənliyi Rashford-un daha bir mövsüm komandada qalma ehtimalını xeyli artırır.

Ornstein-in X-də yazdıqları da bunu təsdiqləyir: yarımmüdafiə üçün planlar olduğu kimi qalır, amma sol cinah hücumçusu məsələsində əyləc basılıb. Bu isə Rashford-un qalma şansını yüksəldir.

Rashford üçün yeni səhifə?

Məsələ təkcə rəqəmlər və balans deyil, həm də münasibətlərdir. The Athletic-də yayımlanan geniş materialda Ornstein qeyd edir ki, sol cinah üçün yeni oyunçu alınıb-alınmaması birbaşa Rashford ətrafında veriləcək qərardan asılı olacaq.

İngiltərə millisinin hücumçusu gələn aydan etibarən yenidən əsas komandanın məşqlərinə qoşulmağa hazırlaşır. Mövcud vəziyyətdə o, Carrick-in sərəncamında olacaq və baş məşqçinin onu necə istifadə edəcəyi, əslində, həm futbolçunun, həm də klubun gələcəyini müəyyənləşdirə bilər.

Klub üçün də, oyunçu üçün də qapılar tam bağlanmayıb. Hər şey dəyişkəndir, heç nə “daşda həkk olunmayıb”. Amma bir detal diqqət çəkir: bütün tərəflər potensial reinteqrasiyaya – Rashford-un komandada yenidən əsas fiqurlardan birinə çevrilməsinə – açıqdır.

United rəhbərliyi üçün üçüncü icarə variantı arzuolunan deyil. Barcelona artıq onu birdəfəlik almaq fikrində deyil. Hücumçu isə 2028-ci ilə qədər müqavilə ilə klubun futbolçusudur, Premyer Liqada başqa komandaya keçmək istəmir və hazırda onu cəlb edəcək səviyyədə təkliflər də yoxdur.

Bir vaxtlar Barcelona-nın icarə müqaviləsindəki 30 milyon avroluq alış opsionundan imtina etməsi, indi isə başqa klublar üçün müqaviləsində 40 milyon funt sterlinqə çıxış maddəsinin olması fonunda bu durğunluq daha da kəskin görünür. Kağız üzərində rəqəmlər var, amma real bazarda bu qiymətə hazır alıcı görünmür.

Belə olan halda, bəlkə də Rashford üçün ən məntiqli yol elə Old Trafford-da sıfırdan başlamaqdır.

Bir zədənin dəyişdirdiyi yay

Bir diz bağının qopması ilə başlayan hekayə indi Manchester United-in yay planlarını yenidən yazır. Ugarte-nin satıla bilməməsi mərkəz xəttindəki inqilabı dayandırmır, amma sol cinahda yeni sima görmək ehtimalını azaldır. Klub, böyük ehtimalla, mövcud resurslara – xüsusilə də Rashford-a güvənməli olacaq.

Sual indi budur: bu məcburi istiqamət dəyişikliyi United-i geriyə aparacaq, yoxsa bəlkə də çoxdan unudulmuş bir ulduzun yenidən parlaması üçün ideal zəmini yaradacaq?