Caspian Sport

Marc Bernal: Barcelona-nın Toxunulmaz Ulduzu

Barselonanın mərkəzi xətti illərdir heyranlıq doğurur. Pedri və Frenkie de Jong artıq bu sahənin zirvəsində dayanır. İndi isə gələn Rodri bu sıxlığı tam başqa səviyyəyə daşıyacaq. Amma Kataloniyada bir ad var ki, klubun içində ona daha fərqli baxırlar: Marc Bernal.

Gənc, amma artıq “toxunulmaz”

Bernal ötən mövsüm zədədən qayıdışını sakit, amma inamlı şəkildə keçdi. Risk etmədən, səs-küysüz, amma hər dəqiqə ilə özünü sübut edərək. Bu yay Camp Nou ətrafında bir fikir çoxdan formalaşıb: qarşıdakı mövsüm onun sıçrayış ili olmalıdır.

Bu, yalnız meydandakı performansla bağlı deyil. Klub daxilində ona münasibət artıq dəyişib. Deco və Joan Laporta üçün Bernal gələcəyin layihəsi deyil, bu günün də mühüm fiqurudur. Onlar onu açıq şəkildə “toxunulmaz” hesab edirlər.

2030-a qədər bağlı – amma gündəmdə yenə də müqavilə

ESPN-in məlumatına görə, Barcelona yaxın günlərdə Bernal və nümayəndələri ilə masa arxasına oturacaq. Məqsəd sadədir: müqavilə şərtlərini yaxşılaşdırmaq.

Kağız üzərində hər şey mükəmmələ yaxındır. Bernal keçən ilin sentyabrında yenilənmiş müqaviləyə imza atıb və 2030-cu ilə qədər kluba bağlıdır. Azadolma məbləği? 500 milyon avro. Rəqəm özü belə mesaj verir: bu futbolçunun gələcəyi sənədlər baxımından tam qorunub.

Amma pərdəarxası bir detal var. O vaxt gənc yarımmüdafiəçiyə mövsümün sonunda şərtlərə yenidən baxılacağı vəd edilib. Barcelona indi həmin sözü yerinə yetirmək niyyətindədir. Klub ona daha rəqabətqabiliyyətli maaş təklif etməyə hazırlaşır.

Avropanın diqqət mərkəzində

Bu tələskənliyin səbəbi təkcə daxili ədalət hissi deyil. Bernal artıq qitə səviyyəsində radar altındadır. İngiltərə, Almaniya və İtaliyadan maraq siqnalları Kataloniyaya çatıb. Adlar açıqlanmır, amma istiqamətlər kifayət qədər aydındır.

Barcelona bu marağı indidən kəsmək istəyir. Gənc futbolçunu özünü dəyərli hiss etdirərək, hər cür xarici təklifin qarşısını kağız üzərində, daha sonra isə meydanda almaq niyyətindədir.

De Jong zədəlidir, qapı açılır

Mövsümün startında Frenkie de Jong-un zədəsi mərkəz xəttində boşluq yaradır. Normal halda bu, baş məşqçi üçün problem olardı. İndi isə bu vəziyyət Bernal üçün qapı kimi açılır.

O, ilk həftələrdə kifayət qədər oyun vaxtı almalıdır. Bu, sadəcə “şans” deyil, həm də klub rəhbərliyinin ona inamının praktiki davamıdır. Barcelona-nın mərkəz xətti ulduzlarla doludur, amma Bernal üçün orada yer saxlanılıb.

Əsl sınaq indi başlayır. Klub onu kağız üzərində qorumağa hazırdır. İndi isə növbə Bernalə keçir: bu etimadı meydanda da eyni dərəcədə möhkəmləndirə biləcəkmi?