Caspian Sport

Marcus Rashford-un satışı: Manchester United-in qərarları niyə bu qədər sərtdir?

Manchester United yay pəncərəsinə bir paradoksla girir. Michael Carrick 28 yaşlı hücumçu ilə işləmək, onu yenidən Carrington meydanına qaytarmaq istəyir. Klub isə onu satmaqda israrlıdır. Həm də cinahda əsas hədəflərini əldən verdiyi halda.

Sual açıq qalır: niyə?

M16-da soyuq hesab

Rashford-un Ruben Amorim tərəfindən 2025-ci ilin dekabrında kənarda saxlanılması barədə hekayə daha çox intizam və davranış üstündə quruldu. Lakin Amorimə və onun sərt qərarına INEOS dəstəyinin əsas səbəbi paltardəhliz deyil, kassadır.

Rashford-un Old Trafford-dakı müqaviləsi Çempionlar Liqası bonusu işə düşəndən sonra həftəyə 325 min funt maaş deməkdir. Müqavilə 2028-ci ilə qədərdir. Yəni klub qarşıdakı iki ildə təkcə ona təxminən 34 milyon funt ödəməyə borcludur.

Biznes baxımından bu, çox sadədir. Şirkətin portfelindəki ən bahalı aktivlərdən biri 18 ay ərzində kəskin şəkildə formadan düşsə – Rashford-un Amorimlə toqquşmasından öncəki dönəmdə olduğu kimi – o aktivin “kitabdan silinməsi” demək olar ki, qaçılmaz görünür.

INEOS-un Sir Jim Ratcliffe təsdiqlənəndən bəri əsas xətti də budur: maaş büdcəsini aşağı salmaq. Azarkeşlərin “One More Year!” şüarına baxmayaraq Casemiro üçün əlavə il opsiyasının istifadə edilməməsi – həftəyə təxminən 350 min funtdan imtina – bu yanaşmanın açıq nümunəsidir.

Eyni məntiq Rashford məsələsində də işə düşüb. Əvvəl Amorim onu istəməyəndə, indi isə Carrick onu yenidən komandaya qatmağa hazır olsa belə.

Burada söhbət futbolçunun şəxsiyyətindən, performansından, paltardəhlizdəki nüfuzundan və ya baş məşqçinin bu üç amili necə oxumasından getmir. Erik ten Hag kimi tələbkar bir məşqçi belə, cəmi bir həftə əvvəl gecikdiyinə görə ehtiyata göndərdiyi Rashford-u “dayandırılmaz” adlandırmışdı.

M16 ofislərində verilən qərar daha sərtdir. Bu, sırf rəqəmlərin diktə etdiyi, alt xəttə – mənfəətə – zillənmiş baxışdır. Sir Jim Ratcliffe-i Britaniyanın ən varlı adamlarından birinə çevirən də məhz bu düşüncədir. “Local Lad” artıq Monakoda yaşayır, səbəbləri hamıya məlum, amma heç kim vergi sözünü dilinə gətirmir.

Rashford-un akademiya məzunu olması isə tabloya əlavə bir sətir yazır: onun satışı PSR (Profits and Sustainability Rules) baxımından “təmiz mənfəət” deməkdir. Keçən yay FC Barcelona ilə bağlanan icarə müqaviləsinə 26 milyon funtluq satınalma opsiyasının salınması çoxlarına ucuz görünmüşdü. “Blaugrana” bu opsiyanı işə salmadı, amma əgər salınsaydı, United-in hesablarını ciddi şəkildə rahatladacaqdı.

Bu məntiq indi də qüvvədədir. Hər hansı bir təklif, istənilən rəqəm – Rashford üçün gələn hər funt PSR cədvəlinə düz xəttlə mənfəət kimi yazılacaq. Plan da məhz buna görə dəyişmir: sat, gələn pulla əvəzini al.

Summerville planı: ucuz, amma daha yaxşı deyil

Bu sərt maliyyə xəttinə qarşı arqument isə meydanda başlayır. Sol cinah üçün alternativlər axtarılır, amma masadakı adların heç biri Carrington yetirməsinin səviyyəsinə çatmır.

Crysencio Summerville bu ziddiyyətin canlı nümunəsidir. West Ham United ulduzu bu yay cinah üçün “No.1 target” kimi göstərilir. United, Şərqi London klubunun mayda Premyer Liqadan düşməsindən istifadə edib nisbətən ucuz razılaşma ümidində idi.

Ancaq West Ham geri çəkilmir. Onlar 24 yaşlı Niderland millisinin qiymətini 50 milyon funtdan aşağı salmaq niyyətində deyil. Futbolçunun parlaq Dünya Çempionatı keçirib dəyərini bir az da şişirtməsi bu mövqeyi daha da möhkəmləndirib.

Rəqəm yuxarı qalxsa da, PSR baxımından qısamüddətli yük yenə də Rashford-u saxlamaqdan azdır. Çünki transfer haqqı amortizasiya olunur. 50 milyon funtluq anlaşma beş illik müqaviləyə bölünəndə illik cəmi 10 milyon funt xərclənmiş kimi görünür.

Summerville-in London Stadium-da həftəlik təxminən 50 min funt qazandığı düşünülür. United-ə keçid üçün bu rəqəmi ikiqat – 100 min funt – görmək istəyir. Bir ilə vuranda, gələn mövsüm üçün klubun ona xərcləyəcəyi məbləğ belə alınır: 10 milyon funt “kağız üzərində” transfer xərci və 5,2 milyon funt maaş. Cəmi – 15 milyonun bir az üstü.

Rashford-un 2026/27 mövsümündə təkcə maaş üçün kluba başa gələcəyi rəqəm isə təxminən 16,9 milyon funtdur. Yəni meydandakı keyfiyyət müzakirəsini bir kənara qoysaq, tək iqtisadi model belədir: daha ucuz, daha gənc, gələcəkdə yenidən baha satmaq mümkün olan aktivə keçid.

İki ildən sonra Rashford 31 yaşına yaxın azad agent kimi çıxıb gedəcək. Summerville isə hələ zirvəsinə çatmamış olacaq və nəzəri baxımdan onu mənfəətlə satmaq imkanı qalacaq.

Amma bəs dəyər? Rashford bu qənaətə dəyərmi?

Onun ən sərt tənqidçiləri belə, Summerville-in daha yaxşı futbolçu olduğunu iddia edərkən ciddi görünməkdə çətinlik çəkər. Niderlandlı cinah oyunçusu Premyer Liqada dörd mövsümdə cəmi 84 oyunda 10 qol, 8 asistlik göstəricəyə malikdir. Rashford isə La Liga-da ilk mövsümündə – əsasən ehtiyatdan daxil ola-ola – təkcə asist sayında bu rəqəmi keçib.

Barcelona-nın ona daimi transfer üçün pul xərcləmək istəməməsi kimisə çaşdırmasın. Katalon klubu onu yenidən icarəyə götürməkdə maraqlı idi. Yəni Rashford-un maaşına dəyər gördülər, sadəcə transfer haqqına yox. Çempionlar Liqasında daim zirvə uğrunda oynayan bir nəhəng üçün bu balans qənaətbəxşdirsə, niyə eyni model Old Trafford üçün qəbuledilməz sayılır?

Üstəlik, United Summerville yarışında da ön sırada deyil. “The Athletic” yazır ki, Serie A nəhəngi AS Roma artıq West Ham ilə danışıqlarda irəliləyib və futbolçu İtaliya paytaxtına keçidə “hə” deyib.

Əsl hədəflər əldən çıxanda

Yay pəncərəsi açılmamışdan öncə United-in sol cinah üçün birinci dərəcəli hədəflərinin başqa adlar olduğu bildirilirdi. RB Leipzig-in parlayan ulduzu Yan Diomande və Aston Villa-nın əsas silahı Morgan Rogers. Kağız üzərində hər ikisi Rashford-dan daha güclü yüksəliş kimi görünürdü.

Summerville adına yönəliş isə yalnız bir həqiqət üzə çıxandan sonra başladı: nə Diomande, nə də Rogers klubun real büdcəsinə sığmır. Çünki diqqət mərkəzində əsasən orta xəttin köklü yenilənməsi dayanır.

Belə olan halda, sual kəskinləşir: əgər alternativ, meydanda daha zəif seçimdirsə, Wythenshawe doğumlu hücumçunun yüksək maaşı bəlkə də ödəniləsi qiymətdir? Carrick buna meyllidir. Onun kabinetinin üstündəki mərtəbələr isə yox.

Bir tərəfdə balans cədvəli, PSR, amortizasiya və maaş strukturu dayanır. O biri tərəfdə isə 28 yaşında, hələ də matçları təkbaşına həll edə biləcək, klub akademiyasından çıxmış, tribunaların simvol kimi gördüyü hücumçu.

United bu yay qərar verəcək: Old Trafford-da balans əvvəlcə dəftərlərdə düzəlməlidir, yoxsa əvvəlcə meydanda? Carrick-in əsəblərini sınağa çəkəcək olan da məhz bu seçim olacaq.