Caspian Sport

Martin Sherif mərc qaydalarını pozmaqda ittiham olunub

İngiltərə futbolunda daha bir mərc qalmaqalı. Bu dəfə diqqət mərkəzində cəmi 20 yaşı olan hücumçu var.

Futbol Assosiasiyası Everton-un gənc hücumçusu Martin Sherif-i 15 aylıq müddətdə mərc qaydalarını pozmaqda ittiham edib. Rəsmi açıqlamaya görə, o, 20 noyabr 2024-dən 12 fevral 2026-dək futbol oyunlarına ümumilikdə 61 mərc qoymaqda günahlandırılır.

FA-nın bəyanatında deyilir: “Everton FC klubundan Martin Sherif FA-nın mərc qaydalarını pozmaqda ittiham olunub. İddia olunur ki, futbolçu 20 noyabr 2024 və 12 fevral 2026 tarixləri arasında futbol oyunlarına qoyulan 61 mərcə görə FA Qayda E1.2-ni pozub. Martin Sherif-in cavab təqdim etməsi üçün 17 avqust, bazar ertəsi gününə qədər vaxtı var”.

Bu, artıq təkcə statistik rəqəm deyil. Gənc hücumçu üçün karyera dönüm nöqtəsinə çevrilə biləcək proses başlayır.

Gənc istedad, ağır ittiham

Liberiyada doğulan Sherif 2019-cu ildə Everton akademiyasına qoşulanda onun haqqında “uzunmüddətli layihə” kimi danışılırdı. Hücumçu 2025-ci ilin əvvəllərində əsas komanda ilə məşqlərə cəlb olunanda klub daxilində ona inam daha da artmışdı.

Son iki mövsüm isə onun üçün tam fərqli sınaqlarla yadda qaldı. Keçən yay League One təmsilçisi Rotherham United-ə icarəyə verilən Sherif orada 10 oyunda 2 qol vurdu. Ritm tapmağa başlamışdı, amma zədələr planları alt-üst etdi. Dekabrda Everton onu geri çağırdı.

Fevralda bu dəfə Port Vale üçün eyni liqada meydana çıxdı. Mövsümün qalan hissəsini orada keçirdi, 17 League One oyununda 2 dəfə fərqləndi. Komanda isə sonda aşağı liqaya yuvarlandı. Gənc hücumçu üçün bu, həm şəxsi, həm də komanda səviyyəsində ağır mövsüm idi.

İndi isə zədələr və uğursuz nəticələrdən sonra qarşısında daha çətin rəqib dayanır – intizam işi.

Qərar günü yaxınlaşır

FA-nın irəli sürdüyü ittihamlar, xüsusən də E1.2 qaydasına istinad, son illərdə İngiltərə futbolunda mərc məsələsinə nə qədər ciddi yanaşıldığını bir daha göstərir. Sherif-in 17 avqusta qədər cavab vermək hüququ var. O, ittihamları qəbul edə, qismən etiraf edə və ya tam şəkildə rədd edə bilər.

Bu cavabın tonu onun gələcəyini müəyyənləşdirə bilər. Cəza, əgər verilsə, gənc yaşda olan hücumçunun həm Everton-dakı perspektivinə, həm də ümumən karyerasının istiqamətinə birbaşa təsir edəcək.

Everton akademiyasından əsas komandaya doğru yolda olan, artıq League One səhnəsini görmüş bir hücumçu üçün indi sual təkdir: növbəti addımı meydanda atacaq, yoxsa intizam protokollarının kölgəsində?