Max Eberl-dən Lamine Yamal-a sərt mesaj: Kampaniya lazım deyil
"Bayern Munich" idman direktoru Max Eberl Ballon d'Or mübahisəsində tonları qaldırıb. Ad çəkmədən, amma hamının anladığı bir ünvanla – Lamine Yamal-a.
Union Berlin üzərində 7:0-lıq darmadağından sonra qarışıq zonada danışan Eberl, "AS" nəşrinin məlumatına görə, "Barcelona" ulduzunun Ballon d'Or meyarları ilə bağlı son açıqlamalarına cavab verdi. Yamal-ın müdafiə etdiyi prinsiplər, təsadüf deyil ki, öz lehinə işləyir.
Eberl isə fərqli cığır seçdi. Açıq mesaj verdi: ən yaxşı olmaq üçün səs-küylü kampaniyaya ehtiyac yoxdur.
“Ən yaxşı oyunçular onlaradır ki, Ballon d'Or üçün reklam kampaniyasına ehtiyac duymurlar”.
Bu fikirdən sonra alman klubunun rəhbəri fürsəti qaçırmadı və öz ulduzunu ön plana çəkdi. Union Berlin-ə qarşı het-trik edən Michael Olise-ni birbaşa mükafat mübarizəsinə soxdu:
“Mənim üçün Michael Olise də Ballon d'Or namizədidir. O, dünyanın ən yaxşı futbolçularından biridir”.
Münhen klubu Berlin təmsilçisini meydandan sildi, Eberl isə mikrofonlar qarşısında başqa bir oyunu oynadı – imic və nüfuz oyunu.
Bu sözlərin fonunda Lamine Yamal-ın dedikləri hələ də gündəmdədir. Gənc "Barcelona" ulduzu "Movistar Plus"a açıqlamasında hesab edir ki, Ballon d'Or-u müəyyən edən əsas amil qolların sayı yox, ümumi futbol keyfiyyətidir:
“Mən düşünürəm ki, Ballon d'Or dünyanın ən yaxşı futbolçusuna verilməlidir, vəssalam. 80 qol vuran oyunçuya yox, çünki 80 qol vursan, ilin bombardiri mükafatını qazanırsan. Bu iki şey tamamilə fərqlidir, insanlar bunu anlamırlar”.
Bu sözlər "Bayern" rəhbərliyinin Harry Kane üçün gətirdiyi arqumentlərlə – qol statistikasına söykənən yanaşma ilə – açıq şəkildə toqquşur. Yamal hesab edir ki, sadəcə rəqəmlər deyil, oyunun özü, meydandakı təsir, ümumi səviyyə ön planda olmalıdır.
Eberl isə başqa cür düşünür: meydanda cavab verənə kampaniya lazım deyil. Onun üçün Olise artıq bu səviyyəyə qalxıb. İndi sual budur: Ballon d'Or yarışında səs verənlər hansı fəlsəfəni seçəcək – qolların soyuq riyaziyyatını, yoxsa “ən yaxşı kimdir?” sualına daha romantik cavabı?




