Mbappe Nike ilə yollarını ayırdı: On Holding ilə yeni əməkdaşlıq
Mbappe təxminən 20 ildən sonra Nike ilə yollarını rəsmən ayırdı. Madrid ulduzu artıq İsveçrə mənşəli On Holding ilə tarixi əməkdaşlığa imza atıb – bu brend peşəkar futbola giriş üçün ilk böyük addımını məhz onunla atır.
Uşaqlıqdan başlayan əlaqə bitdi
Mbappe cəmi səkkiz yaşı olanda Nike ilə müqavilə bağlamışdı. Akademiya illərindən Monako, Paris Saint-Germain və nəhayət Madrid mərhələsinə qədər amerikalı nəhəng onun yanında oldu, onu qlobal vitrinə çıxardı.
O, Cristiano Ronaldo və Vinicius Jr ilə yanaşı, şirkətin ən tanınan simalarından birinə çevrildi. Xüsusilə də Mercurial buts xəttinin əsas üzü kimi. Mbappe öz adına xüsusi dizayn olunmuş butslar alan azsaylı futbolçulardan idi – Nike-in ən çox qazanan ulduzlarına verdiyi status.
31 iyul – bir dövrün sonu
Hər şey kağız üzərində sadə görünürdü: müqavilə 31 iyulda başa çatdı. Amma suallar bitmədi. Hücumçu hələ də Nike reklamlarında görünürdü, brend onu kommersiya kanallarında ön planda saxlayırdı. Sanki tərəflər arasında gizli davamiyyət var idi.
Bu qeyri-müəyyənlik indi arxada qaldı. Mbappe yeni əməkdaşlığını təsdiqlədi və illərlə qurulan münasibətə son nöqtəni qoydu. Təxminən 20 illik bağ kəsildi, futbol marketinqində bir fəsil bağlandı.
Yeni meydança: On Holding
Mbappe indi əsas biznesini qaçış üzərində quran, amma idman xəritəsini genişləndirməyə hazırlaşan bir şirkətə qoşulur. On Holding son illərdə idman dünyasında sakit, amma planlı şəkildə irəliləyirdi. 2019-cu ilin noyabrında tennis əfsanəsi Roger Federer brendə investor və strateji tərəfdaş kimi qoşulanda bu proses açıq şəkildə sürətləndi.
İndi isə növbə futbola çatdı. Mbappe bu keçidin mərkəzinə yerləşir və öz sözləri ilə desək, məqsədi sadəcə forma geyinmək deyil, oyunun sabahını formalaşdırmaqdır:
“O başlanğıcdan məni On-a cəlb edən, sabahın oyununu formalaşdırmağa kömək edəcək tamamilə yeni bir şey qurmaq imkanı idi”, – rəsmi açıqlamada deyib.
“Oyuna gətirdiyim təcrübə və baxışı yaratdıqlarımıza daxil etmək, innovasiya ilə mümkün olanın sərhədlərini zorlayıb, eyni zamanda futbolun sevincinə sadiq qalmaq istəyirəm. Ortada ortaq bir xəyal var və bu, yalnız başlanğıcdır”.
Federer ssenarisi – indi futbolda
Bu seçim üçün hazır nümunə var idi. Roger Federer də uzun illər Nike ilə işlədikdən sonra On ilə əməkdaşlığa keçmiş, sonda şirkətin səhmdarına çevrilmiş və öz imza məhsul xəttini yaratmışdı.
İndi oxşar yol futbol meydanına daşınır. Fərq ondadır ki, bu dəfə söhbət dünyadakı ən böyük hücumçulardan birindən gedir və həmin yol birbaşa futbol məhsullarının sıfırdan qurulmasına açılır.
Mbappe-nin yeni rolu
Nike illərlə Mbappe-ni böyüyən ulduzdan qlobal brendə çevirdi. Lakin bu ayrılıq onu yalnız “reklam siması” olmaqdan çıxarıb başqa bir mərtəbəyə qaldıra bilər. On-un yaxın illərdə buraxacağı futbol kolleksiyasının dizaynı və inkişafında fransız hücumçunun birbaşa rolu gözlənilir.
Bu, təkcə buts və geyim seçimi deyil. Bu, futbolçunun öz oyun fəlsəfəsini, meydandakı dinamikanı, sürət və çeviklik anlayışını məhsula çevirmək şansıdır.
Suallar isə artıq fərqlidir: Mbappe-nin adı bu dəfə yalnız qol siyahılarında yox, həm də yeni nəsil futbol avadanlıqlarının etiketində hansı iz buraxacaq?



