Caspian Sport

Mbappe Nike dövrünü bağladı – İsveçrə brendi On ilə yeni əməkdaşlıq

Kylian Mbappe karyerasının demək olar ki, bütün yolunu onunla keçən Nike ilə yollarını ayırdı və yeni addımını atdı. Fransa millisinin kapitanı İsveçrənin idman geyimləri brendi On ilə müqavilə imzalayıb. Şirkət bunu cümə günü rəsmən açıqladı və bu anlaşmanı həm də futbol dünyasına girişi kimi təqdim etdi.

Şirkətin bəyanatında deyilirdi: İsveçrə idman geyimləri brendi On, futbol çempionu Kylian Mbappe ilə birlikdə futbola girişini elan edir və bu, brendin dünyanın ən böyük idman növündə yolçuluğunun başlanğıcıdır. Yəni söhbət sadəcə fərdi sponsorluqdan yox, yeni bir istiqamətdən gedir.

Mbappe: “Bu, yalnız başlanğıcdır”

Ulduz hücumçu yeni əməkdaşlıq barədə fikirlərini gizlətmədi. Onun sözlərinə görə, qərarı verən əsas məqam birlikdə tamamilə yeni bir şey qurmaq imkanı olub:

“Başından bəri məni On brendinə cəlb edən, sabahın oyununu formalaşdırmağa kömək edəcək tamamilə yeni bir şeyi birlikdə qurmaq imkanı idi”, – Mbappe bildirib. O, məqsədinin təcrübəsini və baxış bucağını yaradılacaq məhsullara daşımaq, innovasiya ilə mümkün olanın sərhədlərini zorlayıb, eyni zamanda futbolun sevincinə sadiq qalmaq olduğunu deyib: “Ortaq bir arzumuz var və bu, yalnız başlanğıcdır”.

Müqavilənin maliyyə detalları açıqlanmayıb. Amma On-un Mbappe kimi qlobal simaya yönəlməsi, brendin futbolda kiçik yox, böyük oyunçu olmağa hazırlaşdığını açıq göstərir.

Henry – futbol direktoru

On yalnız Mbappe ilə kifayətlənmir. Şirkət eyni zamanda 1998-ci il dünya çempionu Thierry Henry-nin futbol direktoru təyin olunduğunu açıqlayıb. Bu addım, brendin futbola girişini təkcə kommersiya deyil, həm də futbol düşüncəsi ilə qurmaq niyyətini göstərir. Henry-nin təcrübəsi və nüfuzu, Mbappe ilə birgə bu yeni layihəyə fərqli çəkidə futbol baxışı gətirəcək.

On-un kökləri və Federer xətti

2010-cu ildə yaradılan On uzun müddət əsasən qaçış və tennis ayaqqabıları ilə tanınıb. Brendin ən məşhur simalarından biri də səhmdar statusunda olan tennis əfsanəsi Roger Federer-dir. O da karyerasının sonlarına yaxın Nike-dan ayrılaraq Sürix mərkəzli bu şirkətə qoşulmuşdu.

İndi isə On, Federerdən sonra başqa bir qlobal ulduzla – Mbappe ilə – fərqli arenaya çıxır. Qaçış zolaqlarından və kortlardan sonra, dünyanın diqqət mərkəzində olan böyük stadionlara addım atır. Futbol bazarına bu cür iddialı giriş, həm brend, həm də Mbappe üçün yeni dövrün başlanğıcını xəbər verir. İndi sual budur: bu ortaq “yeni oyun” futbolun gələcəyini nə qədər dəyişəcək?