Mbappé: Real Madrid hekayəsi və Perez'in rolu
Kylian Mbappé nəhayət illərlə davam edən “Real Madrid” hekayəsinin pərdəsini tam qaldırdı. Fransız ulduz etiraf edir ki, “Santiago Bernabéu”ya aparan yol təkcə bazar danışıqları ilə yox, on il davam edən şəxsi münasibətlərlə qurulub. Həmin münasibətin mərkəzində isə bir adam dayanıb – Florentino Perez.
Mbappé ispaniyalı “AS” nəşrinə verdiyi səmimi müsahibədə prezidentin rolunu açıq şəkildə dəyərləndirdi: “Məni bura gətirən odur. Mən gəlməzdən əvvəl on il əlaqəni kəsməmişik. Hər qərarın – Madrid üçün müsbət də, mənfi də olsa – kontekstini anlayaraq, həmişə məhəbbət və anlayış göstərib. Hər zaman deyirdi ki, bir gün Real Madrid üçün oynayacağam. İndi buradayam və çox xoşbəxtəm”.
Bu sözlər təkcə mətbuat səhifələrində qalmadı. Sosial şəbəkələrdə də Mbappənin “Real Madrid-ə qoşulmamışdan on il əvvəl Perezlə əlaqədə idim” sitatı geniş şəkildə tirajlandı. Onun üçün bu, sadəcə transfer xətti deyil, uzunmüddətli etimad hekayəsidir.
Amma Mbappé bir məqama xüsusi toxunur: Perez nə qədər təsirli fiqur olsa da, “Real Madrid” kimi klub üçün kimisə inandırmaq, əslində, elə də lazım deyil. Uşaqlıqda divarında Madrid əfsanələrinin plakatları asılan bir futbolçu üçün bu addım daha çox seçimdən çox, taleyin diktəsi kimi görünür.
“Düzünü desəm, Real Madrid-ə gəlmək üçün səni heç nə və heç kim inandırmamalıdır”, – dünya çempionu vurğulayır.
O, keçmişdə baş tutmayan keçid cəhdlərinə toxunaraq, oyunun başqa tərəfini xatırladır: “Mənim Madridlə tariximdə gəlmək istədiyim anlar olub, amma mümkün olmayıb. Futbolda elə məqamlar və qərarlar var ki, sənin nəzarətində deyil. Futbolda zamanlama hər şeydir. Hər şeyin düz vaxtını gözləməlisən”.
Əvvəlki uğursuz cəhdlərin emosional yükü də az olmayıb. Mbappé bunu gizlətmir, amma o, keçmişdə ilişib qalmayan futbolçu obrazını qoruyur: “Əlbəttə, məyusluq olur, amma futbolçunun həyatı irəli baxmaq üçündür, geriyə yox”. Onun üçün Perez belə, “proyekt” satmalı deyildi – klubun özü kifayət qədər danışırdı.
Mbappé bunu daha da sərtləşdirir: “Məni Real Madrid-ə gətirmək üçün heç kəs məni inandırmalı deyildi, hətta Perez belə, nə qədər böyük fiqur olsa da. Bu, aydın idi”. Ardınca isə bu fikri futbolun böyük xəritəsinə bağlayır: “Əgər futbol tarixinin bir parçası olmaq istəyirsənsə, bir gün Real Madrid üçün oynamalısan”.
Madrid həyatı isə artıq başlayıb. Valdebebas gündəlik rutini, paytaxtın ritmi, yeni dil, yeni mühit – bütün bunlar Mbappé üçün təzə, amma qəribə deyil, rahatlıq gətirən bir mərhələdir. O, Fransa ilə İspaniya arasındakı keçidin özünə iç sükut verdiyini deyir, amma eyni zamanda etiraf edir ki, Real Madrid oyunçusu statusu səni tam başqa səviyyəyə qaldırır.
“Dünyanın ən yaxşı klubunu gözləyirdim, dünyanın hər yerindən Madridistas-ın böyük sevgisini hiss etməyi gözləyirdim”, – o, deyir.
“Bura gələndə artıq müəyyən statusum var idi, amma Real Madrid oyunçusu olanda başqa mərtəbəyə, daha yüksək səviyyəyə qalxırsan. Hesab edirəm ki, futbol tarixinin bir parçası olmaq istəyirsənsə, Real Madrid-dən keçməlisən”.
On il əvvəl telefonun o başında səslənən cümlə indi Bernabéu tribunalarının gurultusunda əks-səda verir. İndi sual başqa cür səslənir: Mbappé bu tarixə necə iz qoyacaq?



