Mərakeş liqasında bu mövsüm yaşanan qarışıqlıq artıq sadəcə idman problemi deyil, idarəçilik böhranına çevrilib. Klublar faktiki olaraq matçların dayandırılması ilə üz-üzə qalıb, amma rəsmi şəkildə nə “dayandırıldı” sözü deyilib, nə də qərarın səbəbi və müddəti açıqlanıb.
Səssizlik hər şeyi daha da ağırlaşdırır.
Mərakeş qəzetlərindən “Al-Batal” yazır ki, gözlənilmədən yaranan bu pauza 16-cı turun oyun cədvəlinin ümumiyyətlə elan olunmaması fonunda baş verib. Yəni nə vaxt, kim kiminlə oynayacaq – heç kim bilmir. Bu da mövsümün qalan hissəsinin necə idarə olunacağı ilə bağlı sualları çoxaldır, cavabları isə yox edir.
Kontinental cəbhə sıxışdırır
Bu qeyri-müəyyənlik təsadüfi vaxtda gəlməyib. Bir neçə Mərakeş klubu Afrika Çempionlar Liqasının və Afrika Konfederasiya Kubokunun yarımfinal mərhələsinə yaxınlaşır. Yəni təqvim onsuz da doludur, yeni tarix tapmaq çətindir.
Belə bir anda daxili liqanın faktiki dayanması klubları iki atəş arasında qoyur: bir tərəfdə qitə səhnəsində tarixi fürsətlər, o biri tərəfdə isə ev çempionatında dərinləşən xaos.
Klubların üsyanı: “Əvvəl təxirə salınanları oynadın”
Məsələni daha da dolaşıq edən isə bəzi klubların sərt mövqeyidir. Onlar açıq şəkildə bildirirlər ki, mövsümün ikinci yarısına yalnız bir şərtlə başlayacaqlar: əvvəlcə bütün təxirə salınmış oyunlar bərpa olunmalı, ondan sonra yeni tura keçilməlidir.
Bu tələb liqanı fakt qarşısında qoyur. Bərabər imkanlar prinsipinə hörmət edilməlidir, amma təqvim təzyiqi hər gün artır. Hər gecikən həftə, hər boş qalan tur gələcəkdə daha sıx, daha gərgin proqram deməkdir.
“Al-Batal” yazır ki, vəziyyətə baxanda çempionatın normal qaydada davam etməsi, böyük ehtimalla, yalnız qitə turnirləri başa çatdıqdan sonra mümkün olacaq. Bu isə hazırkı fasilənin uzanacağı, mövsümün qalan hissəsinin daha sonrakı tarixlərə sıxışdırılacağı ehtimalını gücləndirir. İkinci dövrənin təqvimi ilə bağlı aydın mənzərə hələ ki, yoxdur.
12-ci turun kölgəsi
Krizisi dərinləşdirən başqa bir detal da var: 12-ci turun təxirə salınmış qarşılaşmaları hələ də yenidən təyin olunmayıb. Bir neçə matçın boşluqda qalması bütün cədvəli pozur, turnir cədvəlini süni şəkildə “saxta” göstərir və Mərakeş Liqa Assosiasiyasının üzərinə ağır yük qoyur.
Bu qurum həm təxirə salınmış oyunlara yer tapmalı, həm də mövsümün normal şəkildə, “məntiqli” müddətdə başa çatmasına zəmanət verməlidir. Xüsusilə də 2026 Dünya Çempionatı yaxınlaşdığı bir dövrdə təqvimin uzanması, mövsümlərin bir-birinə girməsi lüks deyil, riskdir.
İndi sual budur: Mərakeş liqası bu qarışıqlıqdan güclənmiş çıxacaq, yoxsa bu mövsüm uzun illər xatırlanacaq bir idarəçilik fiaskosuna çevriləcək?





