Caspian Sport

Mesi, Ronaldo, Mbappe: Yeni Futbolda Güc Oyunu

Mesi, Ronaldo, Mbappe – ulduzlar indi klubları idarə edir: yeni futbolda güc oyunu

Mesi Kataloniyada köklərinə qayıdır

Apreldə İspaniyanın beşinci liqa təmsilçisi UE Cornella gözlənilməz açıqlama yaydı: Lionel Messi klubu tam şəkildə satın aldı. Barselonanın cənub-qərbində yerləşən bu kiçik komanda, əslində, onun 17 il parladığı şəhərin kölgəsində yaşayırdı. İndi isə həmin kölgədən çıxmaq üçün əlində bəlkə də ən güclü ad var.

Klubun rəsmi bəyanatında deyilirdi ki, bu addım Mesi ilə Barselona arasındakı bağları möhkəmləndirir və onun Kataloniyada idmanın, yerli istedadların inkişafına sadiqliyini göstərir. Yəni bu, sadəcə investisiya deyil, illərlə FC Barcelona-da qurulan emosional bağın davamıdır.

Mesi videomüraciətlə futbolçulara və klub əməkdaşlarına özünü yeni sahibi kimi təqdim etdi, yüksəliş uğrunda mübarizələrinə dəstək verdi. Cornella həmin mövsüm yüksəlişə bir addımlıq qalıb pley-offda ilişdi, amma dünyada tanınırlıq baxımından sıçrayış artıq baş verib. Klubun “Instagram” hesabı bir anda yüz minlərlə izləyici qazanıb.

Cornella-nın akademiyası onsuz da İspaniyada hörmət qazanan strukturlardan biri sayılırdı. Oradan Jordi Alba, hazırkı Barca oyunçusu Gerard Martin və Arsenal qapıçısı David Raya kimi adlar çıxıb. 1951-ci ildə yaradılan klub 2021-ci ildə Atletico Madrid-i Copa del Rey-dən kənarlaşdıranda ölkə gündəminə düşmüşdü. İndi isə Mesi bu bazanı daha da gücləndirib Kataloniya istedadlarına sərmayə qoymağa hazırlaşır.

Bu, onun Avropada ilk klub alışı olsa da, Cənubi Amerikada artıq təcrübəsi var. Uruqvayın dördüncü liqasında çıxış edən Deportivo LSM – Mesi ilə Inter Miami-dən komanda yoldaşı Luis Suarez-in birgə layihəsidir. Yəni meydandakı tərəfdaşlıq indi biznesdə də davam edir.

Ronaldo-nun planı: meydandan tribunaya, ordan da idarə heyətinə

Cristiano Ronaldo 40 yaşına çatanda bir cümlə ilə mövqeyini açıq göstərmişdi: “Əgər klub sahibi ola bilirəmsə, niyə məşqçi, idman direktoru və ya CEO olum?” Sözünün arxasınca da getdi. Fevralda CR7 Sports Investments vasitəsilə İspaniyanın Segunda təmsilçisi UD Almeria-nın 25 faizini aldı.

Al-Nassr və Portuqaliya millisinin hücumçusu açıqlamasında illərdir meydandan kənarda da futbola töhfə vermək istədiyini deyirdi. Onun sözlərinə görə, Almeria güclü bazaya və böyümək potensialına malik klubdur. Əsas pay isə Səudiyyə Ərəbistanından olan, Mohammed Al-Khereiji-nin rəhbərlik etdiyi konsorsiumun əlindədir. Onlar Ronaldonun La Liga və Çempionlar Liqasındakı təcrübəsini layihə üçün açıq üstünlük sayır.

Almeria-nın potensialını rəqəmlər də təsdiqləyir. Komanda son dəfə La Liga-da 2024-cü ildə oynayıb, həmin mövsümə qayıdış üçün pley-off finalında Malaga-ya cəmi 2:1 hesablı ümumi nəticə ilə uduzaraq çox yaxınlaşıb. İndi klubun başında La Masia-da 20 il işləyən, yüksək qiymətləndirilən Garcia Pimienta dayanır. 2026–27 mövsümündə artıq birbaşa yüksəliş üçün yeddi yeni futbolçu ilə gücləndirilmiş heyət qurulub.

Avqustun əvvəlində Ronaldo özünü qeyri-adi vəziyyətdə tapdı: Lissabonda keçirilən yoxlama oyununda hazırda oynadığı Al-Nassr, artıq ortağı olduğu Almeria ilə qarşılaşdı. Portuqaliya yığmasının kapitanı tribunadan oyuna baxdı və Almeria-nın Al-Nassr-ı 2:0 hesabı ilə məğlub etdiyini gördü. Futbolun yeni reallığı – meydandakı komandan uduzur, investisiya qoyduğun klub qazanır.

Vinisius-un “sakit” inqilabı: Alverca-nı geri qaytarmaq

Vinicius Junior 2025-ci ilin fevralında Portuqaliyada başqa cür fürsət gördü. O, investorlar qrupu ilə birlikdə Alverca-nın 70–80 faiz payını təxminən 10 milyon avroya aldı. Zamanlama mükəmməl idi: üç ay sonra klub ardıcıl ikinci dəfə yüksəliş əldə edib 1998-dən bəri ilk dəfə yenidən elita səhnəsinə qayıtdı.

Alverca 2005-ci ildə Liga Portugal-dan düşəndən sonra dağılmışdı, bir il sonra yenidən quruldu və uzun, ağır region liqaları yoluna çıxdı. Vinisius və tərəfdaşları, Vincintin ailəsi məcburi satışa getməli olanda daxil oldular. Ailə artıq Santa Clara-ya da sahib idi və eyni liqada iki klub saxlamaq qaydalara zidd idi.

Real Madrid ulduzu gündəlik işlərə qarışmır. Onun agenti Thassilo Soares indi Alverca-nın əsas pay sahibi kimi çıxış edir. İdman direktoru Fernando Malta-nın sözləri ilə desək, onların Vinisius-la münasibəti məsafəlidir və braziliyalını “klubun ən məşhur azarkeşi” adlandırmaq daha doğrudur.

Yeni dövrün ilk mövsümündə Alverca, Complexo Desportivo stadionunda Vinisius-u ilk dəfə qəbul etdi – rəqib isə Benfica idi. Klub elita liqasına qayıtdığı həmin ildə 10-cu yeri tutdu. Bu nəticə üçün rekord sayda – 35 transfer həyata keçirildi. Malta özü də etiraf edir ki, onların real hədəfi nə Porto, nə Sporting CP, nə də Benfica ilə çempionluq uğrunda yarışmaqdır.

Strategiya daha soyuqdur: əsas məqsəd liqada qalmaq, ikinci məqsəd isə futbolçu satmaqdır. Buna baxmayaraq, Vinisius-un adı istedad cəlb etməkdə güclü silahdır. Üstəlik, klubun kommunikasiya və marketinqində daha iki ulduz var: Real-dakı komanda yoldaşı Eduardo Camavinga və amerikalı reper Travis Scott.

Mbappe-nin Caen təcrübəsi: romantika reallığa uduzanda

Kylian Mbappe 2024-cü ilin iyununda uşaqlıq hekayəsini biznes planına çevirdi. Onun qurduğu Interconnected Ventures şirkəti, investisiya qolu olan Coalition Capital vasitəsilə SM Caen-in nəzarət paketini aldı. Real Madrid və Fransa millisinin hücumçusu, 2012-ci ildə gənc vaxtı Caen-ə keçməyə çox yaxın idi, amma sonda Monako-ya getmişdi. İndi isə həmin şəhərə 15 milyon avroluq şəxsi sərmayə ilə qayıtdı.

Klubun bəyanatında bu razılaşma Caen-in strateji inkişafında yeni mərhələ və Fransız futbolunun tarixi məkanları arasında yerini möhkəmləndirmək üçün addım kimi təqdim olunurdu. O zaman komanda Ligue 2-də idi və yüksəliş uğrunda mübarizə aparırdı. Kağız üzərində hər şey parlaq görünürdü.

Reallıq isə sərt oldu. 2024–25 mövsümünün sonunda Caen 18-ci yerdə qərarlaşdı və 41 ildən sonra ilk dəfə Championnat National-a – üçüncü liqaya düşdü. Nəticələr pisləşdikcə azarkeşlərin səbr kasası doldu. Sevilən baş məşqçi Nicolas Seube istefaya göndərildi, tribunada isə “SMC is not your toy” yazılı məşhur banner açıldı. Mesaj aydın idi: azarkeşlər klubu ulduzun oyuncağı kimi görmək istəmirdi.

Mbappe Madrid-dəki gündəlik futbol həyatı ilə peşəkar klub idarəçiliyini paralel aparmağın çətinliyini gizlətmədi. Buna baxmayaraq, ötən ilin sonunda cəsarətli qərar verdi – komandanın başına keçmiş Arsenal və Fransa millisinin futbolçusu Gael Clichy gətirildi.

Clichy komandanı sabitləşdirdi, amma pley-off-a düşmək üçün kifayət etmədi. Buna rəğmən, Caen bu mövsüm Ligue 2-yə qayıdış üçün ümidlidir. Yayda daha bir diqqətçəkən təyinat baş verdi: keçmiş Caen və Paris Saint-Germain yarımmüdafiəçisi Mathieu Bodmer idman direktoru oldu. Fransız mətbuatı, o cümlədən L’Equipe, bu iki şəxsin təyinatdan əvvəl bir-biri ilə danışmadığını yazdı. Klub daxilində qərarların necə verildiyi sual doğurur.

Modriç-in Svanziyə toxunuşu: sakit, amma güclü təsir

Luka Modric ötən yay Real Madrid-dəki 13 illik əfsanəvi karyerasına nöqtə qoymağa hazırlaşarkən, paralel olaraq Britaniyada yeni qapı açdı. O, Swansea City-də azlıq payına sahib investor və həmsahibkar oldu. Klubun açıqladığı bəyanatda xorvatiyalı ulduz Svanzi azarkeşlərinə “bu yolçuluğun bir hissəsi olmaqdan həyəcan duyduğunu” və klubun böyüməsinə müsbət təsir göstərmək istədiyini deyirdi.

Svanzi-nin amerikalı sahibləri Andy Coleman, Brett Cravatt və Jason Cohen uzun müddətdir yüksək profilli investor axtarırdılar. Wrexham-ın Ryan Reynolds və Rob McElhenney ilə qazandığı qlobal diqqət onlara ilham vermişdi. Modriç isə İngiltərədəki illərindən Svanzi-ni yaxşı tanıyırdı – Tottenham formasında 2010–11 mövsümündə bu komanda ilə həm evdə, həm səfərdə oynamışdı. The Guardian-ın məlumatına görə, qərarının əsas motivi oyunun biznes tərəfini öyrənmək istəyidir.

Modriç klubun inkişaf strategiyasını yaxından anlamağa çalışır, transfer hədəfləri ilə şəxsən danışmağa könüllü olur. Hələlik Swansea.com Stadium-da ön planda deyil, amma 40 yaşında karyerasını bitirəndə bu balans dəyişə bilər. Onun adı artıq öz işini görüb.

Svanzi-nin cazibəsi qısa müddətdə kəskin artdı. 2018-ci ilin “Qızıl top” sahibi komandaya qoşulandan bir neçə ay sonra Snoop Dogg da investor kimi daxil oldu, dekabrda isə Martha Stewart eyni yolu seçdi. Klubun baş direktoru Tom Gorringe bu gəlişlərin onları “etdikləri işlərin miqyası baxımından başqa bir liqaya” daşıdığını deyib.

İndi hədəf sözün əsl mənasında başqa liqaya sıçramaqdır. Svanzi, 9 illik fasilədən sonra Premyer Liqa-ya qayıtmaq istəyir. 2025–26 mövsümündə Çempionşip pley-off-u üçün lazım olan xallardan doqquz geri qaldılar. Yeni mövsümdə Modriç-in futbol zəkası kənardan verəcəyi töhfə, bu fərqi bağlamaq üçün gizli silaha çevrilə bilər.

Courtois – üç klub, bir model: çoxşaxəli imperiyanın eskizi

Thibaut Courtois hələ də dünyanın ən güclü qapıçılarından biri sayılır, amma 34 yaşında artıq başqa meydanda da oyun qurur. O, 2024-cü ildən bəri üç fərqli klubda investor kimi çıxış edib və bunu tək-tük deyil, planlı şəkildə edir.

Fevralda Courtois, Novak Djokovic və Felipe Massa kimi ulduzların da daxil olduğu Le Mans sahiblik qrupuna qoşuldu. O, Gonzalo Vilar ilə birgə təsis etdiyi NxtPlay Capital vasitəsilə kluba sərmayə yatırdı. Qısa müddət sonra Le Mans 2010-dan bəri ilk dəfə Ligue 1-ə qayıdışını qeyd etdi.

Üç ay sonra Courtois və NxtPlay bu dəfə İspaniyaya üz tutdu və CD Extremadura-nın həmsahibi oldu. Klub 2022-dən bəri dörd mövsüm ardıcıl yüksəliş edərək Primera Federacion-a – İspaniyanın üçüncü liqasına qədər gəlib. Bu sürətli irəliləyiş, seçimin təsadüfi olmadığını göstərir.

Ən simvolik layihə isə vətəndədir. 1 iyunda Genk, Courtois-nin kluba azlıq payı ilə qayıtdığını elan etdi. Real Madrid-in “1 nömrə”si məhz burada peşəkar karyerasına başlamışdı. Genk hüquqi statusunu dəyişib məhdud məsuliyyətli cəmiyyətə çevrildikdən sonra, klub tarixində ilk dəfə xarici korporativ səhmdar kimi NxtPlay-i içəri buraxdı.

Courtois klub saytına açıqlamasında ömrü boyu mükəmməllik dalınca qaçdığını, Genk-də eyni alov və iddianı hiss etdiyini deyib. Bu sərmayəni “evə qayıdış” kimi dəyərləndirir və məqsədinin klubun idman ambisiyalarını gücləndirmək, onu Limburgdan Avropanın zirvəsinə daşımaq olduğunu vurğulayır.

NxtPlay artıq Genk-in idarə heyətində təmsil olunur, bu vəzifəni hazırda Gonzalo Vilar icra edir. Courtois isə Madrid-dəki karyerasına fokuslanaraq daha çox kommersiya strategiyasının konturlarını cızır. O, böyümə potensialı yüksək olan klubları seçib, uzunmüddətli hədəf kimi çoxklublu model qurmağa çalışır – City Football Group, Red Bull Group və BlueCo-nun illərdir tətbiq etdiyi sistemə öz cavabını hazırlayır.

Bir vaxtlar bu ulduzlar yalnız meydanda oyunun taleyini həll edirdisə, indi klubların taleyinə də təsir edirlər. Sual budur: növbəti on ildə futbolda oyunu daha çox kim müəyyənləşdirəcək – menecerlər, yoxsa topu ayağı ilə deyil, sərmayəsi ilə idarə edən futbolçular?