Caspian Sport

Messi İspaniya futbolunda yeni rol alır: Eldense-ni alır

Lionel Messi meydandan kənarda da addımlarını böyüdür. Argentina ulduzu İspaniya futbolunda iş adamı kimi mövqeyini möhkəmləndirməyə doğru daha bir ciddi addım atıb.

İspaniyanın məşhur “Marca” qəzetinin məlumatına görə, Messi La Liga 2-də çıxış edən Eldense klubunu almaq üçün ilkin razılaşmaya gəlib. Söhbət sıradan bir investisiyadan yox, klubun bütün səhmlərinin tam şəkildə ələ keçirilməsindən gedir – üçüncü tərəf olmadan, tam nəzarət.

Cornellà-dan sonra ikinci ispan klubu

Bu, Messi üçün İspaniya peşəkar futbolunda yeni başlanğıc sayıla bilər. O, artıq bu ilin əvvəlində Kataloniya üçüncü liqa təmsilçisi Cornellà klubunu alaraq, ölkə futbol bazarına giriş etmişdi. İndi isə hədəf daha yuxarı səviyyədir – təzəcə ikinci liqaya yüksəlmiş Eldense.

Klub Elda şəhərində, Alikante vilayətində yerləşir. Coğrafiya da təsadüfi görünmür. Bura Kataloniyaya yaxın ərazidir və Messi karyerasını “Inter Miami” ilə başa vurduqdan sonra məhz o bölgədə yaşamağı planlaşdırır. Yəni bu, sadəcə biznes deyil, gələcək həyatına bağlanan coğrafi körpü təsiri yaradır.

Layihənin arxasında duran fikir sadədir: qazandığını yenidən oyunun özünə yatırmaq. Messi mirasını məhz futbola yönəltmək istəyir və Eldense bu planın növbəti həlqəsinə çevrilir.

Müqavilə gün sayır

Razılaşmanın tam bağlanması üçün son mərhələyə girilib. Yaxın günlərdə hüquqi və müqavilə prosedurlarının yekunlaşacağı gözlənilir. Buraya maliyyə yoxlaması da daxildir. Son söz isə İspaniyanın Milli İdman Şurasına məxsus olacaq – qurum sövdələşməni təsdiqləməlidir.

Eldense artıq bir dəfə sahibini dəyişib. Klub 2015-ci ilin oktyabrında Pascual Pérez-dən Kolumbiya köklü beynəlxalq investisiya qrupuna keçmişdi. Layihəyə iş adamı Juan Carlos Trujillo başçılıq edirdi. Son aylarda argentinalı Ricardo Beni-nin təxminən 12 milyon avroluq təkliflə klubu almağa yaxın olduğu barədə söz-söhbətlər yayılmışdı. İndi isə səhnəyə Messi adı tam gücü ilə qayıdıb və gündəmi tam dəyişib.

Meydanda böhran, masada inqilab

Kağız üzərində layihə parlaq görünə bilər, amma meydandakı mənzərə kəskin ziddiyyət təşkil edir. Eldense mövsümə bərbad start verib. Komanda dörd turda cəmi iki xal toplayıb və hələ qələbə üzünə həsrətdir.

Gərginlik keçən həftə partladı. Klub ikinci liqada bu mövsüm baş məşqçisini işdən azad edən ilk komanda oldu. Claudio Barragán-la yollar ayrıldı, amma hələlik onun yerinə kimin gələcəyi bəlli deyil. Yəni texniki zona boşdur, nəticələr zəifdir, tribunalar narahatdır.

Belə bir anda Messi-nin gəlişi yalnız maliyyə deyil, həm də simvolik dönüş nöqtəsi kimi görünür. Eldense birdən-birə sadə bir yüksələn klubdan, dünya futbolunun ən böyük adlarından birinin şəxsi layihəsinə çevrilə bilər.

İndi sual budur: Messi-nin adı və sərmayəsi Eldense-ni yalnız balans hesabatında deyil, turnir cədvəlində də xilas edə biləcəkmi?