Caspian Sport

Mike Dean-in qalmaqallı etirafları: “Həmişə qaydaları tətbiq etmişəm”

Keçmiş Premyer Liqa hakimi Mike Dean, illərlə ən yüksək səviyyədə idarə etdiyi oyunlarda “oyunlar” oynadığını etiraf etdikdən sonra yaranan fırtınaya nəhayət cavab verib və özünü müdafiə etməyə məcbur qalıb.

58 yaşlı sabiq hakim bu həftə Jamie Vardy-nin aparıcısı olduğu podkasta çıxışında dedikləri ilə İngiltərə futbolunu ayağa qaldırmışdı. O, VAR-dan əvvəlki dövrdə meydanda özünə xas “çağırışlar” etdiyini, məsələn, fit çalmadan nə qədər uzun müddət idarəçilik edə biləcəyini yoxladığını söyləmişdi.

Bu açıqlamalar Premyer Liqa klublarını hərəkətə gətirdi. Bir neçə elit klub daxili araşdırma başladıb, analitik qruplarına köhnə oyunları yenidən incələməyi tapşırdı. Məqsəd aydındır: Dean-in dediklərinə real sübut tapmaq.

Dean-dən müdafiə: “Həmişə oyunun qanunlarına sadiq qalmışam”

Tənqid dalğası böyüdükcə, Dean öz mövqeyini sosial şəbəkədə açıqlamaq məcburiyyətində qaldı. O, Instagram hesabında yaydığı bəyanatda peşəkar karyerasını müdafiə etdi:

“25 illik peşəkar hakimliyim ərzində oyunun qanunlarını hər zaman bacardığım qədər düzgün tətbiq etmişəm. Hakim kimi yanaşmam həmişə oyunun axıcılığını qorumaq olub və imkan düşdükcə futbolçuların da xoşuna gələn yüksək təmas həddini seçmişəm. Amma əgər cərimə zərurəti görürdümsə, düzgün mövqedə olub lazımi qərarı verirdim. Heç bir mərhələdə bu ölkədə hakimliyin bütövlüyünü sual altına almaq, tənqid etmək və ya sarsıtmaq niyyətim olmayıb. Hakimlik peşəsinə və daşıdığı məsuliyyətə həmişə hörmətlə yanaşmışam”.

Bu sözlər, onun podkastda dediyi “oyun” hekayələrinin yaratdığı təəssüratı yumşaltmağa hesablanmışdı.

“20-25 dəqiqə fit çalmadan...” – studiyada deyilənlər

Qalmaqalın kökü isə Vardy-nin podkastında söylənənlərdir. Dean orada açıq şəkildə danışmışdı:

“Əvvəllər zarafat üçün öz aramızda oyunlar qururduq. Deyirdik ki, ‘indi oyunu başladırıq, görək nə qədər gedə bilərik, fit çalmadan’. Premyer Liqada bunu bir neçə dəfə etmişəm, təbii ki, VAR-dan əvvəl. 20, hətta 25 dəqiqəyə qədər fit çalmadan getdiyim olub. Bir neçə epizodda… burax, burax, burax – davam edirdim”.

Sabiq hakim bununla kifayətlənməmiş, başqa bir “çağırış”dan da danışmışdı. Bu dəfə məqsəd mümkün qədər uzun müddət mərkəz dairəsini tərk etməmək idi:

“Premyer Liqada başqa bir şey də edirdim. Mərkəz dairəsində dayanırdım, görüm nə qədər qala bilərəm, nə vaxt məcbur olub çıxmalıyam. Bu, sadəcə mənim zarafatım idi. Yan xətdə olan uşaqlar deyirdi ki, ‘bacarmazsan’. Bir oyunda təxminən 15 dəqiqəyə qədər çatmışdım”.

Bu cümlələr sosial şəbəkələrdə sürətlə yayıldı, azarkeşləri qəzəbləndirdi, klubları isə şübhəyə saldı. Çünki söhbət zarafat tonunda deyilsə, ən yüksək səviyyədə idarə olunan matçların ciddiyyətinə kölgə salırdı.

Klublar köhnə oyunların izinə düşür

Dean-in etirafları yayıldıqdan sonra bir neçə “top-klub” rəhbərliyi öz video-analitik qruplarına tapşırıq verib: VAR-dan əvvəlki mövsümlərə qayıdın, Dean-in idarə etdiyi qarşılaşmaları incələyin, fitin uzun müddət susduğu və ya hakimin mərkəz dairəsindən çıxmadığı hissələri tapın.

Beləliklə, illər əvvəl oynanmış matçlar yenidən kadr-kadr masaya yatırılır. Sual təkdir: bu, sadəcə şou üçün şişirdilmiş hekayədir, yoxsa doğrudan da peşəkar standartların pozulduğu anlar olub?

Hakimlər təşkilatından sərt skeptisizm

Hakimlik cəmiyyətinin reaksiyası isə tamam başqa tonda olub. Məlumata görə, Pro Ref rəhbərliyində Dean-in sözləri şok, qəzəb və inamsızlıqla qarşılanıb. Orada bir çoxları hesab edir ki, sabiq hakim sadəcə diqqət mərkəzində qalmaq üçün həddi aşıb.

Pro Ref daxilində Dean-in dediklərini təsdiqləyəcək real əsasların olmadığına inanılır. Bəzi rəsmilər onun podkastda auditoriyaya oynadığını, “reytinq” naminə həqiqəti şişirtdiyini düşünür.

Hakim paltardəhlizində uzun illər onunla çiyin-çiyinə işləmiş keçmiş həmkarları da açıq şəkildə narazılıqlarını bildiriblər.

Həmkarların reaksiyası: “Nonsense”, “ego trip”, “clickbait”

SunSport-un köşə yazarı və keçmiş elit hakim Mark Halsey, Dean-in VAR-dan əvvəlki dövrə aid bu lovğalıqlarını “cəfəngiyyat” adlandırıb və onu “ego səfəri”nə çıxmaqda ittiham edib.

Başqa bir sabiq Premyer Liqa hakimi Graham Scott isə bu iddiaları “ruhsuzlaşdırıcı clickbait” kimi dəyərləndirib. Onların fikrincə, Dean media karyerasına keçəndən sonra şou-biznesə bir az həddindən artıq meyl edib.

Bu tənqidlər də təsadüfi deyil. Dean indi artıq meydanda deyil, ekrandadır – Soccer Saturday verilişinin daimi simalarından biridir. Yəni auditoriya, kamera, reytinq anlayışları onun gündəlik həyatının bir hissəsinə çevrilib.

İndi isə sual budur: bu qalmaqal bir neçə gündən sonra unudulacaq xırda şou epizodudur, yoxsa İngiltərə hakimliyinin etibarına daha dərin zərbə vuran bir hadisənin başlanğıcı?