Caspian Sport

Mikel Arteta: Mövsüm öncəsi sükutu pozdu, qalmaq istəyir

Mikel Arteta yeni mövsüm ərəfəsində gələcəyi ilə bağlı söz-söhbətlərə nöqtə qoymağa çalışdı. Müqavilə uzadılması mövzusu aylardır gündəmdədir, amma ispaniyalı baş məşqçi üçün hazırda əsas məsələ bu deyil.

May ayında klubun həmsədri Josh Kroenke açıq şəkildə bildirmişdi ki, Artetanın müqaviləsinin uzadılması klubun “ən yüksək prioritetlərindən” biridir. Bu cür açıqlamadan sonra azarkeşlərin gözləntisi daha da artmışdı. Yeni mövsümə start verilir, rəqib isə Cardiffdə baş tutacaq pərdəqaldıran oyunda Manchester City-dir. Təbii ki, sual yenə eynidir: Arteta qalacaqmı?

Baş məşqçi mətbuat konfransına elə bu narahatlığı söndürməklə başladı. Sözləri aydın idi, ton isə sakit və özündən əmin: “Azarkeşlər bununla bağlı heç nəyə görə narahat olmasınlar, çünki mən burada olmaq istəyirəm. Özümü son dərəcə xoşbəxt hiss edirəm. Birlikdə çalışdığım insanlara görə çox minnətdaram və imkan yaranan kimi bunu (müqaviləni) həll edəcəyik. Vəssalam”.

Arteta üçün bu məsələni uzadan nədir? Cavab sadədir: transfer bazarı. O, diqqətin başqa yerdə toplandığını gizlətmir: “Həmişə başqa bir prioritet olur, məncə! Və biz buna elə bu cür yanaşmışıq, çünki hər kəs özünü rahat hiss edir, müqavilənin müddəti problem olmayacaq”.

Yəni klub heyəti gücləndirməyə, komandaya son toxunuşları etməyə fokuslanıb. Kağız üzərindəki imza gözləyə bilər. Əsas odur ki, meydanda komanda hazır olsun.

Arteta klub rəhbərliyi ilə münasibətlərində tam uyumun olduğunu da xüsusi vurğuladı: “Mənim istəyim, şübhəsiz ki, burada qalmaqdır və mən burada çox xoşbəxtəm. Klubdan aldığım hiss də eynidir. Buna görə hər şey çox təbii, “orqanik” şəkildə gedir”.

Bu sözlər, həm rəhbərliyə, həm də tribunadakı azarkeşlərə ünvanlanan aydın mesajdır: tərəflər eyni cəbhədədir, ortada gizli gərginlik yoxdur. Müqavilə – formal məsələdir, sadəcə doğru an gözlənilir.

İndi diqqət Cardiffdəki açılış matçına yönəlir. Manchester City kimi rəqibə qarşı mövsümə başlamaq üçün yalnız taktik plan yox, həm də daxildə sabitlik lazımdır. Arteta isə həmin sabitliyin siması kimi dayanır – özü də klubda qalmaq istədiyini açıq deyə-deyə. Bu qədər aydın mesajdan sonra sual başqa cür səslənir: indi top kimdədir – masada oturanlarda, yoxsa meydanda olanlarda?